Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində növbəti silsilə yazılarına başlayır. On birinci yazı "Azərbaycan yığmasının coğrafiyası: Rəqiblər, şəhərlər, stadionlar…" mövzusundadır.
67 rəqibdən 45-i Avropadandır
Azərbaycan milli komandası 25 illik tarixində 67 rəqiblə qarşılaşıb. Son yeni rəqib San-Marino yığmasıdır ki, onunla cari seçmə mərhələnin startında səfərdə üzləşmişik. Millimiz ötən ilin sentyabrın 4-də keçirilən həmin oyunda hücumçusu Ruslan Qurbanovun vurduğu yeganə qolla 1:0 hesabı ilə qalib gəlib.
Yığmamız indiyədək 3 qitənin təmsilçiləri ilə görüşüb. Bunlar Avropa, Asiya və Amerika milliləridir. Azərbaycan UEFA-ya üzv olduğundan yalnız bu qitənin ölkələri ilə rəsmi oyunlarda qüvvəsini sınayıb. Bunlar 1994-cü ildən etibarən Avropa və dünya çempionatının seçmə mərhələsinin oyunlarıdır. Millimizin 67 rəqibindən çoxu – 45-i "köhnə qitə”ni təmsil edir. Bunlar İtaliya, Fransa, İspaniya, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, İsrail, Kipr, Gürcüstan, Litva, Latviya, Estoniya, Moldova, Farer adaları, San Marino, Malta, Andorra, Lüksemburq, İsveç, Norveç, İslandiya, Lixtenşteyn, Bolqarıstan, Rumıniya, Polşa, Serbiya, Xorvatiya, Makedoniya, Bosniya, Portuqaliya, Şimali İrlandiya, Çexiya, Uels, Türkiyə, Albaniya, Belçika, Avstriya, Macarıstan, İsveçrə, Finlandiya, Slovakiya və Çernoqoriya yığmalarıdır. Ancaq bu, o demək deyil ki, həmin 45 millinin hamısı seçmə mərhələlərdə bizə rəqib olub. Məsələn, millimiz İspaniya, Ukrayna, Belarus, Kipr, Gürcüstan, Litva, Latviya, Estoniya, Farer adaları, Andorra, İslandiya, Bosniya, Albaniya və Çernoqoriya yığmaları ilə yalnız yoldaşlıq görüşləri keçirib.
Avropanın 9 təmsilçisi - Hollandiya, Kosovo, Şotlandiya, Ermənistan, Sloveniya, Cəbəllütariq, İrlandiya, Danimarka və Yunanıstan isə yollarımız ümumiyyətlə, kəsişməyib. Yəni bu, nəinki seçmə mərhələdə, heç yoldaşlıq görüşlərində də olmayıb. Kosovo ilə Cəbəllütariq UEFA-ya yenicə üzv olduqlarından onlarla qarşılaşmanın olmamağı başadüşüləndir. Ancaq Hollandiya, Şotlandiya, Sloveniya, İrlandiya, Danimarla, Yunanıstan kimi futbol ölkələrinin əsas yığmaları ilə hələ də oynamamağımızı maraqlı təsadüf saymaq olar.
Ermənistana gəlincə, məlum olaylar üzündən bu ölkənin millisi ilə futbolda qarşılaşmamağı UEFA da daha məqsədəuyğun sayır. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan yığmaları AVRO-2008-nin seçmə mərhələsində bir qrupa düşsələr də, həmin 2 oyunun heç biri keçirilmədi. Halbuki, bu ölkələrin hətta neytral meydanda qarşılaşması variantı müzakirə olunurdu. Onu da qeyd edək ki, Azərbaycan milli komandası postsovet məkanı təmsilçilərindən yalnzı Ermənistanla hələ də görüşməyib.
Millimizin tarixində məhz Avropa təmsilçiləri xüsusi yer tutur. Məsələn, ən ağır məğlubiyyəti məhz öz qitəmizin təmsilçisindən – 1995-ci ildə Fransadan Oserdə 0:10 hesabı ilə almışıq. Yığmamız seçmə mərhələlərdə yeganə böyükhesablı qələbəsini, eyni zamanda ən böyükhesablı qələbəsini məhz Avropa yığması üzərində qazanıb. Bu, 1999-cu ildə Lixtenşteyn yığması üzərində Tofiq Bəhramov adına Respublika stadionunda 4:0 hesablı qələbədir.
Millimiz seçmə mərhələlərdə ən çox Polşa, Finlandiya və Almaniya ilə qarşılaşıb. Bu, müxtəlif dövlərdə 3 tsikldir. Polşalılar əksər vaxt bizə qalib gəliblər ki, bunlar arasında 0:5 və 0:8 hesablı ağır yenilgilər olub. Ancaq onu da nəzərə almalıyıq ki, millimiz seçmə mərhələdə ilk xalını 1995-ci ildə məhz Polşa ilə oyunda qazanıb – 0:0. Finlər də bizim üçün arzuolunmaz rəqib olsalar da, onu Bakıda 1:0 hesabı ilə məğlub etməyi bacarmışıq. Bugünkü rəqibimiz Almaniya yığması isə 2 seçmə mərhələdə olan 4 matçın hamısında bizdən üstün olub.
Bizim üçün düşərli asiyalılar və Avropada qəbul etdiyimiz amerikalılar
Millimizin qalan 22 rəqibi isə yalnız yoldaşlıq görüşlərində üzləşdiyimiz qeyri-avropalılardır. Bunlardan 18-i Asiya təmsilçiləridir. Söhbət Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Yaponiya, Hindistan, Fələstin, Qətər, Filippin, Bəhreyn, Sinqapur, İran, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və İordaniya yığmalarıdır. Təbii ki, Asiya milliləri səviyyəcə Avropa yığmalarındam geri qalırlar. Bu üzdən asiyalılarla matçlar ümumilikdə bizim üçün uğurlu olub, daha çox qalib gəlmişik. Bunlar arasında böyükhesablı qələbələr az olmayıb. Ancaq Asiya təmsilçisinə böyükhesablı məğlubiyyətimiz də olub. Bu, 1999-cu ildə Özbəkistana səfərdə 1:5 hesabı ilə uduzduğumuz matçdır.
Millimizin amerikalılarla da yolları kəsişib. Düzdür, bunlar arasında daha güclülər olan Cənubi Amerika yığmaları yer almayıb. Yığmamız Amerika qitəsindən yalnız 4 ölkə - ABŞ, Kanada, Trinidad və Tobaqo, Hondurasla görüşüb. Düzdür, bunlardan 2-si – Kanada və Hondurasla matçlar müxtəlif vaxtlarda Avstriyada təlim-məşq toplanışlarımızda keçirilib və sülhlə nəticələnib. Belə ki, Berti Foqtsun vaxtında Hondurasla qolsuz bərabərliyə qalan millimiz Robert Prosineçkinin dövründə Kanada ilə 1:1 hesablı heç-heçə edib.
ABŞ ilə Trinidad və Tobaqo yığmaları ilə qarşılaşmaq üçünsə Okeanın o tayına yollanmalı olmuşuq. Millimiz B.Foqtsun rəhbərliyi altında ABŞ-la San-Fransiskoda üzləşərək 0:2 hesabı ilə məğlub olub. Trinidad və Tobaqo millisi ilə duel braziliyalı Karlos Alberto Torresin vaxtına təsadüf edib. Bu ölkədə ardıcıl keçirilən 2 oyunda 0:2 və 0:1 hesabı ilə yenilmişik.
Bakı, Gəncə və Lənkəran
Millimizin ev oyunları təkcə Azərbaycanda olmayıb. Məsələ ondadır ki, FİFA və UEFA debüt seçmə mərhələmiz olan AVRO-1996-da rəqiblərimizi vətəndə qəbul etməyə icazə vermədi. Bu da həmin vaxt ölkəmizdə olan gərgin vəziyyətlə bağlı idi. Nəticədə yığmamız ilk seçmə mərhələsində ev oyunlarını qardaş ölkədən Türkiyədə keçirməli oldu. Bu, Trabzon şəhərində "Avni Aker” stadionunda idi. Məlum olduğu ki, bu, Türkiyənin ən böyük klublarından biri olan "Trabzonspor”un doğma arenasıdır. Millimiz seçmə mərhələdə ilk xalını da məhz bu stadionda qazanıb. Bu, daha öncə qeyd etdiyimiz Polşa yığması ilə 0:0 hesablı bərabərlikdir ki, onda millimizin baş məşqçisi Kazbek Tuayev olub.
Millimizin doğma vətəndə keçirdiyi oyunlar 3 şəhər – paytaxt Bakı ilə yanaşı, əyalətdə - Gəncə və Lənkəran şəhərlərində olub. Gəncədəki matçlar 90-cı illərə təsadüf edib və bir qayda olaraq qələbələrimizlə nəticələnib. Bu, 2 dəfə Gürcüstana 1:0, 1 dəfə Estoniyaya 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşləridir. Millimiz tarixində vətəndə ilk matçını məhz Nizami yurdunda keçirib. 1993-cü ilin mayın 25-də keçirilən həmin oyunda Ələkbər Məmmədovun baş məşqçisi olduğu yığmamız rəqib futbolçu Nuqzar Lobjanidzenin avtoqolu ilə meydanı qalib tərk edib.
Yığmamızın Lənkəranda yeganə oyunu rəsmi matç olub. Bu, 2009-cu ildə "Xəzər Lənkəran"ın stadionunda B.Foqtsun vaxtında Finlandiyaya 1:2 hesablı məğlubiyyətdir.
Bakıdakı oyunlara gəlincə, bunların əksəri Tofiq Bəhramov adına Respublika stadionunda olub. Mərkəzi arenamız uzun illər millimizin doğma stadionu olub. Burada həm rəsmi, həm də qeyri-rəsmi oyunlar baş tutub. Millimiz ilk dəfə seçmə mərhələ oyunlarını "Tofiq Bəhramov”dan kənarda "Şəfa” stadionu – hazırkı "İnter Arena”da keçirib. Bunlardan Makedoniya ilə oyun heç-heçə (1:1), Serbiya və Çernoqoriya ilə matç qələbəmizlə (2:1), Finlandiya ilə qarşılaşma məğlubiyyətimizlə (1:2) nəticələnib. Millimiz AFFA-nın hazırkı rəhbərliyi dövründə əvəvlcə "Dalğa Arena”da rəqiblərini qəbul etdi. Bu, Makedoniya ilə yoldaşlıq görüşündə 0:1, Avstriya ilə rəsmi oyunda 1:4 hesablı məğlubiyyət idi.
AFFA-nın vaxtında inşa olan "Bakcell Arena” da millimizə xeyli oyunda doğma stadion oldu. Özü də orada yenilmədiyimizdən bizim üçün düşərli məkan sayılır.
Yığmamızın paytaxtda ev oyununu keçirdiyi daha bir arena isə yeni açılan Bakı Olimpiya Stadionudur. Bunların hamısı R.Prosineçkinin dövründə olub. Həmin arenada debütdə İtaliyaya 1:3 hesabı ilə uduzan millimiz daha sonra qələbələrə sevinib. Bu, Moldova ilə yoldaşlıq görüşündə 2:1, Norveçlə rəsmi oyunda 1:0 hesablı qələbədir.
Ən uzaq yolçuluqlar
Millimiz tarixinə məhz səfər oyunu ilə başlayıb. Bu, Əhməd Ələsgərovun baş məşqçiliyi dövründə 1992-ci ilin sentyabrın 17-də Gürcüstan yığmasına Gürcaani şəhərində yoldaşlıq görüşündə 3:6 hesablı məğlubiyyətdir. Bu gün Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığmasını qonaq edəcək yığmamız üçün bu 25 ildə ən uzaq səfərlər kimi Okeanın o tayına – ABŞ-la Trinidad və Tobaqoya və "Gündoğar ölkə”yə, uzaq Yaponiyaya yolçuluğu göstərmək olar.
Yığmamızın Avropanın ən məşhur arenalarından "Millenium”da 2 dəfə oynadığını qeyd edə bilərik. Uels milliis ilə həmin rəsmi matçlarda 0:2 və 0:4 hesabı ilə uduzmuşuq. Millimiz "Böyük Beşlik” təmsilçilərinin hamısı ilə qarşılaşsa da, İspaniya ilə matç Bakıda yoldaşlıq görüşü olub. İtaliya, İngiltərə, Fransa və Almaniya ilə səfərdəki rəsmi qarşılaşmalarımız isə paytaxtda, böyük klubların stadionlarında olmayıb. Məsələn, almanlarla Köln və Hannover şəhərlərinin eyniadlı komandalarının arenalarında görüşmüşük. Azərbaycan millisinin Fransadakı matçı "Oser”in, İngiltərə ilə qarşılaşması "Nyukasl”ın stadionunda olub. İtaliya ilə oyunlarımız isə "Regina” və "Palermo”nun arenalarında keçirilib. Millimiz bu oyunların hamısında bir qayda olaraq məğlubiyyət acısı dadıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib