Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Onuncu məqalədə məşqçi – valideyn münasibətlərindən söhbət açacağıq və davranışlarda yol verilən qüsurları nəzərdən keçirəcəyik.
Məşqçi və valideynlər (qəyyum) uşaqların peşəkar futboçu kimi yetişmələri üçün qət etməli olduqları uzun və çətin yoldakı bələdçiləridir. Azyaşlıların yekunda uğur qazanmalaları bələdçilərin qarşılıqlı anlaşma içində hərəkət etmələrindən də asılıdır. Lakin tərəflər öz üzərilərinə düşən öhdəçilikləri yerinə yetirməyəndə və digərinin işinə müdaxilə edəndə, problemlər qaçılmaz olur. Bunu əziyyətini isə futboçu olmaq xəyalı ilə yaşayan uşaqlar çəkir.
Məşqçi – valideyn münasibətlərindən müşahidə olunan problemlər nədən ibarətdir? Onların üzərinə düşən işlər hansılardır? Məşqçilərin valideynlərlə təmas zamanı yanaşmaları necə olmalıdır? Övladını peşəkar futbolçu kimi görmək istəyən ata nələri etməməlidir? Bu kimi suallara həmsöhbətlərimizlə müzakirə zamanı aydınlıq gətirməyə çalışmışıq.
"Mən sənin balana düşmənəm?”
Uşaq-Gənclər Futbol Məktəbinin (UGFM) direktoru Rövşən Babayev hesab edir ki, əsas problem valideynlərin övladlarının əsas heyətdə oynamalı oldulqarı tələbilərindən qaynaqlanır. Onun sözlərinə görə, qarşı tərəfin uşağını Lionel Messi hesab etməsi münasibətləri korlayır: "Hər bir valideyn övladının əsas heyətdə oynamağını istəyir – bir nömrəli problem budur. Axı, komandadakı 25 futbolçunun hamısının eyni anda meydana buraxmaq olmaz. Bunu başa düşmək lazımdır. Uşaqların hamısı eyni olmur ki. Biri tez qavrayır, digəri gec. Məşqçi potensialına inanmadığı uşağı komandada saxlamaz. Saxlayır, oynatmırsa, bunu da uşağın gələcyini düşünərək edir. Oynamaq üçün tələsmək lazım deyil. Əsas yekun nəticə, futbolçu kimi yetişməkdir. Deyirlər ki, siz filankəsdən pul alırsınız, filankəsin atası vəzifəli adamdır deyə, zəng edib, ona görə də onların uşaqların oynadırsınız. İndiki dövrdə bu cür yanaşma qəbulolunmazdır. Mən sənin balana düşmənəm? Valideyn dərk etməlidir ki, məşqçiyə də nəticə lazımdır. Nəticə göstərməyən məşqçini hansı klub saxlayar? Məşqçi zəif futbolçununu kənar amillərə görə oynatsa, sabah işini itirəcək. Bunu anlamaq lazımdır. Təəssüf ki, hər bir valideynin gözündə övladı Messidən güclüdür.
"Futbolu belə yaxşı bilirsənsə, uşağını kluba niyə gətirmisən?”
R.Babayev deyir ki, bəzən məşq və oyunlar zamanı da valideynlərin prosesə müdaxiləsi dözülməz həddə olur: "Məsələn, matçın gedişində uşaq 40 metr irəli gedir, valideyn də qışqıra-qışqıra çəpərin arxasında onunla bərabər qaçır, geriyə qayıdır, o da dönür. Matç ərzində uşaqdan çox kənarda dayanan valideyni qaçır. Onda sual verirəm: əgər futbolu belə yaxşı bilirsənsə, kluba niyə gətirmisən? Uşağı kluba gətirmisənsə, kənarda durmalısan”.
"Gedək yeyib-içək” kimi söhbətlər olmamalıdır”
Uşaqların yetişməsndə valdeynlərin də böyük rolu olduğunu vurğulayan UGFM direktorunu sözlərinə görə, məqşi ilə münasibətlər sırf peşəkarlıq üzərində qurmalıdır: "Bu rol gəlib məşq və ya oyunlarda qışqırmaq yox, nəzarətdir. Onlar məqşi ilə münasibətləri sırf peşəkarlıq üzərində qurmalıdırlar. "Gedək yeyib-içək” kimi söhbətlər olmamalıdır. Bunu etdinsə, sabah da səndən başqa bir şey tələb edəcək. Neçə ildir uşaq futbolundayam, mentalitetimizi gözəl bilirəm. Valideyn üzərində düşəni yerinə yetirməlidir. Bunlar nədər ibarətdir? Uşağını məşqə gətirib-aparsın, evə verilən tapşırıqların yerinə yetirilməsinə, qidalanmasına və həyat tərzinə nəzarət etsin, vəssalam”.
Digər həmsöhbətimiz isə həmkarımız İlqar Tağıyevdir. "Het-trik news” qəzetinin baş redaktorunun əkiz oğulları - Məhəmməd və Əli hazırda məhz "İnter”in U-15 komandasının üzvləridir.
"Məşqçi valideynin ona nəyisə diqtə etməsinə şərait yaratmamalıdır”
Peşəkar səviyyədə futbol oynayan, karyerası ərzində I divizionda çıxış edən "Turan-2” və "Naxçıvan” komandalarının formasının geyinən İ.Tağıyev bir çox məsələlərdə Rövşən Babayevlə həmfikirdir. Onun sözlərinə görə, valideynlərinin məşq və oyunlara müdaxiləsi qəbulolunmazdır: "Valideyn necə ki övladını orta məktəbə aparan zaman dərsdə oturmursa, məşq prosesi də o cür olmalıdır. Uşağı məşqə qoyub, özü izləməməlidir. Çünki bəzi hallarda məşqçi bir tapşırıq verir, valideyn kənardan əksini deyir. Ata uşağın hansı durumda olduğunu yalnız oyunlarda görməlidir. Düzdür, hər kəs əziyyət çəkir, maraqlanır. Özüm yaxınlara kimi məşqləri izləyirdim. Ancaq burada məqsədim məşqçinin işinə müdaxilə etmək deyildi. Sadəcə olaraq, ümumilikdə uşaqların məşqinə baxmaqdan zövq alıram, istirahət edirəm. Bu mənada kənardan müşahidə aparırdım. Bəli, valideyni qane etməyən məqamlar olur. Bunu məşqçi ilə təklikdə danışmaq, müzakirə etmək lazımdır. Yerində müdaxilə qəbulolunmazdır. Bir də baxırsan ki, valideyn oyun zamanı məşqçiyə "filan oyunçunu dəyişdir, filan şeyi belə et” söyləyir. Belə yaxşı bilirsənsə, məşqçi lisenziyası al, özün işlə də. Xoşuna gəlmirsə, futbola niyə yazdırmısan”?
Həmkarımız deyir ki, vəziyyətin bu cür olmasının günahkarı klublarla valideynlərin özləridir: "Məşqçi valideynin ona nəyisə diqtə etməsinə şərait yaratmamalıdır. Özüm vaxtında futbol oynamışam, mütailə etmişəm. Uşaqlarım da 2012-ci ildən futbolla məşğul olurlar. Yəni, bu sahə ilə bağlı məlumatlıyam. Ancaq heç vaxt məşqçinin işinə müdaxilə etməmişəm. Anlayıram, bir çox valideynin futbol biliyi azdır. Lakin hamı uşağına Maradon gözü ilə baxmamalıdır. Məşqçilərlər valideynlərinin mübahisənin əsas məğzi "mənim uşağım niyə oynamır və ya niyə az oynayır?” söhbətidir. Bunun da əsas günahkarı məşqçilərdir. Buna zəmin yaratmamalıdırlar”.
"Əsas problem məşqçinin valideyndən umacağının olmasıdır”
İ.Tağıyev hesab edir ki, əsas problem məşqçinin valideyndən umacağının olmasıdır: "Klub öhədliyini yerinə yetirə bilməyəndə valideyndən asılı vəziyyətə düşür. Onda valideynlərin dili uzun olur. Məsələn, forma almamasına mən almışam, səfərə apara bilməmisən mən aparmışam – kimi söhbətlər yaranır. Belə durumda da məşqçilər pis vəziyyətdə qalır. Əsas problem məşqçinin valideyndən umacağının olmasıdır. Məşqçi klubdan aylıq 500 manat alırsa və başqa gəlir yeri yoxdursa, bu məbləğlə ailə dolandırmaq çətindir. Ona görə də bəziləri valideyndən nəsə umurlar. Məşqçinin gözü tox olmalıdır. Belə olan halda onun sözü valideynin yanında beşqat keçəcək”.
Azərbaycan klublarının uşaq futbolu baxımından tam peşəkar olmadığını dilə gətirən baş redaktor, bəzi məşqçilərin tələblərə cavab vermədiyini düşünür: "Hansısa biri digərindən müəyyən qədər seçilə bilər. Məsələn, "Qəbələ”, "Qarabağ” və "Neftçi”də vəziyyət bir az yaxşıdır. Ancaq digərlərində problemlər, axsamalar mövcuddur. "İnter”də də bəzi çatışmazlıqlar var. İndi rəhbərlik dəyişib, növbəti mövsümdən işlərin qaydasına düşəcəyinə inanıram. Rövşən Babayev Uşaq-Gənclər Futbol Məktəbinin direktoru təyin olunub, onun savad və bacarığına əminəm. Eləcə də, Zaur Axundov və Rəmiş Malıyev də peşəkar şəxslərdir. Elə məşqçilər var ki, Premyer Liqada futbol oynayıb, amma biliyi çox azdır. Yaxşı futbolçu olmaq hələ yaxşı məşqçi olmaq demək deyil. Üstəlik, uşaq futbolu spesifik sahədir. Burada futbol biliyindən əlavə, məşqçi yaxşı pedoqoq və psixoloq olmalıdır”.
"Yalnız futboldan yapışıb, uşaqlarını bədbəxt etməsinlər”
Sonda İ.Tağıyev valideynlərdən bir xahişinin olduğunu da söylədi: "Yalnız futboldan yapışıb, uşaqlarını bədbəxt etməsinlər. Uşağının 11-12 yaşı var və indidən düşünür ki, övladım yaxşı futbolçu olacaq, böyük pullar qazanıb, məni ağ günə çıxaracaq. Uşağının təhsilini kənara tullayıb, ancaq gözünü futbola dikib. Valideynin üzərinə düşən uşağa tərbiyə və təhsil verməkdir. Uşağın futbolçu olmaq ehtimalı çox azdır. Reallıqları qəbul etmək lazımdır. 12 yaşında yaxşı oynayan 4 il sonra itə bilər. Nəzərə almaq lazımdır ki, uşaqların orqanizmində dəyişiklik gedir. Bu inkişafa görə mənfi yönədə gedə bilər, müsbət yönə də. Yəni, uşaqlarının böyük futboçu olacağına ümidlənməsinlər. Belə olan halda uşaq təhsil və tərbiyədən geri qalacaq. Biz futbolçu yetişdirmək istəyirik, fəhlə deyil. Övladlarım 5 ildi futbolla məşğul olurlar, amma hələ bilmirəm onlar futbolçu olacaqlar, ya yox. Olarlar lap yaxşı, arzumuza çatarıq. Olmasalar necə? Mən 18 yaşında ağır zədədən sonra futbolu atmaq məcbiriyyətində qaldım. Jan-Pyer Papen olmaq istəyirdim, amma ola bilmədim. Yaxşı ki, vaxtında təhsilimə fikir vermişdim. Onun hesabına bu gün həyatda ayaq üstə dura bilirəm”.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir