"Qol buraxmadan qalib gəlməyimiz sevindirici haldır. İkinci oyundur belə halın təkrarlanması yaxşı əlamətdir. Lakin hər halda bunlar yoldaşlıq görüşləridir. Çempionatda isə bizi daha çətin qarşılaşmalar gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiyanın "Anji" klubunun futbolçusu İqor Armaş Türkiyənin Antalya bölgəsində "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri yoxlama matçından sonra deyib. Moldovalı mərkəz müdafiəçisi yaxşı oyun və çalışqanlıq nümayiş etdirdiklərini bildirib: "Baxmayaraq ki, məşqlərdə böyük yüklənmələrlə üzləşirdik. Bu oyunadək dörd gün cüt məşqlər edirdik. Çox vacibdir ki, məşqçilər heyəti bütün futbolçulara oyun praktikasını hiss etmək və öz tonuslarını yüksəltmək imkanı verdi".
31 yaşlı stopper ikinci hissədə meydana çıxan gənc futbolçular qrupuna iradının olmadığını söyləyib: "Onlar çalışdılar, sözlərimizə qulaq asdılar, topu özlərində çox saxlamadan oyunu sürətləndirməyə çalışdılar. Buna görə də onların kollektivə qarışmaları, çalışqanlıqları və bizi dinləmələri sevindirici haldır. Yəni, gələcəkdə də oynaya və bizə kömək edə biləcəklər".
Armaş oyunun sonlarında baş vermiş epizoddan da danışıb: "Rəqib hamılıqla irəli atıldı və epizodların birində standart vəziyyət yaratdı. Həmin epizod futbolçunun başla qapımıza zərbə vurması ilə nəticələndi. Qapıçıya dedim ki, top kənara gedir. Amma o, sığortalanmağı və topu künc zərbəsinə çıxarmağı qərara aldı. Əsas məsələ odur ki, görüşü qələbə ilə bitirdik və heç bir həyəcansız çalışmağa davam edirik".