Ötən ilin sonlarında rusiyalı sabiq futbolçu və məşqçi Vladislav Radimov "Sport Ekspress” qəzetinin müxbirinin "Dörd il "Zenit-2”yə rəhbərlik etdiniz, gözünüzün qabağından çoxlu uşaq gəlib keçdi. Bir nömrəli istedad kim idi?” sualını belə cavablandırmışdı: "Şeydayev! Belə hücumçulara az-az rast gəlinir. "Zenit” və ölkə üçün böyük itkidi. Başa düşə bilmirəm ki, bu oğlanı necə əldən buraxmaq olar?!”
Radimovun Rusiya və "Zenit” üçün itki saydığı bu oğlan indi "Qarabağ”da ehtiyatda gün keçirir. Əlbəttə, Qurban Qurbanovun ədələt hissini şübhə altına almaq olmaz. Şeydayevə şans vermirsə, bunun səbəbi olduğu aydındır. Özü bunu Ramilin komandaya uyğunlaşmaması ilə əlaqələndirir: "Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi futbolçular da var ki, onlara vaxt lazımdır. Təəssüf ki, hələ onda alınmır. Ramilə inamım böyükdür. Əsas odur ki, onda istək var”.
Həqiqətən "Qarabağ” elə komandadır ki, hər futbolçu bu klubun sisteminə uyğunlaşa bilmir. Bir çox oyunçu uyğunlaşma sarıdan çətinlik yaşadığı üçün bu klubdan erkən ayrılıb. Elə futbolçular da olub ki, gec uyğunlaşıblar. Məsələn, Dino Ndlovu qollar vursa da, zənnimcə, gedənədək "Qarabağ”a tam uyğunlaşa bilmədi. Amma uyğunlaşa bilən futbolçular da var. Bir şey dəqiqdir ki, futbolçu Ağdam komandasına uyğunlaşa bilsə, çox uğurla çıxış edəcək.
Ndlovu gedəndən sonra bir çoxu kimi mən də düşünürdüm ki, Qurban Qurbanov hücum nöqtəsini Ramil Şeydayev üçün təmizləyir. Çünki o zaman hücumda başqa alternativ yox idi ki, biz başqa cür də düşünək. İndi öndə oynayan Mahir Mədətov o vaxt yarımmüdafiənin sol cinahından hücuma dəstək verirdi. Bu səbəbdən, Ndlovu gedəndən sonra Şeydayevin oynayacağını güman edirdik. Ancaq göründüyü kimi, Qurbanov Mədətovun üstündə dayandı və hücum xəttində ona şans verdi.
Şeydayev Rusiya kimi oyunçu sarıdan seçim imkanı geniş olan bir ölkənin yığmasının bütün yaş qruplarına düşmək imkanı qazanıbsa, onu güclü və istedadlı futbolçu adlandırmaq olar. O, Rusiyanın bütün yaş qruplarında keçirdiyi 61 oyunda 38 (orta hesabla hər oyuna 0,63) qol vurub ki, bu da hücumçu üçün çox yaxşı göstəricidir. Ancaq bir nüansı nəzərdən qaçırtmaq olmaz: Yeniyetmə və gənc yaşlarında özünü yaxşı tərəfdən göstərib sonradan itib-batan çox futbolçu var. Şeydayev isə daim öz üzərində işləyir və ümid edək ki, belə oyunçular siyahısına düşməyəcək.
Şeydayevin oyunu "Rubin”də də, "Trabzonspor”da da "Jilina”da da alınmadı və düşünmək olardı ki, işləri "Qarabağ”da qaydasında olacaq. Ancaq göründüyü kimi, belə deyil. Bəs niyə?
Məsələ burasındadır ki, hücumçuya lazım olan bütün keyfiyyətlər Şeydayevdə var: Rəqib müdafiəçiləri ikinci mərtəbədə qabaqlamaq üçün ucaboyludur, hər iki ayağı işləkdir, texnikası yerindədir, bütün oyun boyu dayanmadan işləyir, pressinq edir və lazımi vaxtda lazımi yerdə peyda olmağı da bacarır. Oynadığı vaxt mütləq qol epizodu yaxalayır. Ancaq ələ düşən imkanın reallaşdırılmasında probleminin olduğu açıq-aşkar nəzərə çarpır.
Lazımi vaxtda lazımi yerdə olmaq bir fitri istedaddır ki, bunu heç məşqçi də futbolçuya verə bilmir. Bu, hücumçunun təbiətindən irəli gələn bir şeydir və qiymətinə təsir edən amildir. Qurban Qurbanovda bu istedad var idi. Kimə qarşı oynamasından asılı olmayaraq, ən azı bir dənə də olsun imkan əldə edə bilirdi.
Hücumçunun lazımi vaxt lazımi yerdı olması fitri istedadı ilə bağlıdırsa, ələ düşən imkanın reallaşdırılması vərdiş və texnikanın nəticəsidir. Texnika, qeyd etdiyimiz kimi, Şeydayevdə var. Vərdiş isə, uşaqlıqdan daim oynadığı üçün, bu da təbii ki, var.
Bəs nə qaldı? Ələ düşən imkanını reallaşdıra bilməməklə bağlı daha bir problem də var. Bu, həm də əksər hücumçuların əsas problemidir. Söhbət psixoloji problemdən gedir. Hücumcunun qol imkanı qazanıb onu qaçırması əksər hallarda psixoloji amillə bağlı olur. O, həmin an realizasiya üçün öz üzərində təzyiq hiss etməməli, tam rahat və soyuqqanlı olmalıdır. Hücumçunu psixoloji cəhətdən rahat vəziyyətə gətirməyi bacarmalı olan şəxs isə məşqçidir. Biz görürük ki, Şeydayev oynadığı vaxt imkanlar qazanır, amma ya gecikir, ya tələsir, ya zərbəni qapıçının üstünə, ya da qapıdan kənara vurur. Düzgün qərar verməsi üçün nə isə çatmır. Bu çatmayan "nə isə”ni baş məşqçi verməlidir. Necə, hansı yolla? Bunu daim oyunçunun yanında olan və onun psixologiyasına bələd olan mütəxəssis daha yaxşı bilər. Yalnız futbolçusunun yanında daim olan şəxs oyunçuya mane olan beynindəki "tarakan”ı "öldürüb” qol vuracağına inandıra bilər.
Alternativi Mahir Mədətov da Ramil Şeydayevdən geri qalmır. Uca boyu var, solaxaydır, texnikası pis deyil. Qol vurması da göstərir ki, lazımi vaxtda lazımi yerdə olmağı bacarır və üstəlik, bunu gerçəkləşdirə də bilir.
"Qarabağ” bir hücumçu ilə oynadığından, baş məşqçi seçim etməlidir: Ya Ramilin, ya da Mahirin üzərində. Seçimi Mədətovun xeyrinə etməsinə görə də biz hər halda Qurban Qurbanovu mühakimə edə bilmərik. Çünki məşqlərdə oyunçuları izləyən baş məşqçidir və hər halda seçiminin də əsası var.
Baş məşqçinin əsas qiymətini qaldıran, onunla milyonluq müqavilənin bağlanmasını şərtləndirən səbəb əlindəki futbolçunu inkişaf etdirmək bacarığıdır. Bunu hansı mütəxəssis daha yaxşı bacarırsa, onun qiyməti daha yüksək olur. Bu baxımdan Qurbanovu da belə baş məşqçilər siyahısına daxil etmək olar. Çünki, baxın: istənilən futbolçu onun əlinin altında maksimum səviyyədə çıxış edib. Məsələn, Elvin Məmmədov, Vaqif Cavadov, Əfran İsmayılov, Rauf Əliyev və s. futbolçular heç bir komandada "Qarabağ”da kimi oynamayıblar. Legionerlərdən, Muarrem Muarem, Leroy Corc, Reynaldo və s. bu siyahıya daxil etmək olar. Bunları nəzərə alaraq, deyə bilərik ki, Qurbanov futbolçunun imkanlarından "sıxıb suyunu çıxaranadək” istifadə edə bilir. Qeyd etdiyim kimi, bu, baş məşqçinin əsas üstünlüyü sayılır. Bu baxımdan, Qurbanov Şeydayevin də maksimum səviyyədə imkanlarını aça, maksimum formalaşdıra bilər.
Yazının əvvəlində sitat gətirdiyim müsahibəyə qayıdaq. Ümumiyyətlə, bu müsahibədə Radimovun Şeydayevlə bağlı fikirlərini oxuyanda hiss olunur ki, rus məşqçi azərbaycanlı futbolçuya görə həyəcan keçirir. Ramilin sonrakı taleyi ilə bağlı jurnalistin sualına Radimov belə cavab verib: "Ona güvənən baş məşqçi ilə çalışsa, Ramildə hər şey alınacaq. Əks halda, bir klubdan digərinə keçməklə Azərbaycanda itib-batacaq”.
Şeydayevin oyunu "Qarabağ”da alınmasa və getsə, başqa bir baş məşqçi ona həssas yanaşacağmı? Çünki hazırda Şeydayevin yığmasının baş məşqçisi həm də klubundakı baş məşqçidir və ən çox oyununun alınmasını istəyən yəqin ki, bu baş məşqçi, yəni Qurban Qurbanovdur. Başqa baş məşqçi alıb yoxlayacaq və "tullayacaq kənara”. Biz bunu Türkiyədədə də, Slovakiyada da gördük. Bu baxımdan, onun getməli olması barədə fikirlərlə hardasa razılaşmaq olmur. O getsə, Radimovun dediyi kimi, öz baş məşqçisini tapa biləcəkmi?
Şeydayev Rusiya yox, Azərbaycan yığmasını seçib. Ancaq onun Rusiyanı da seçmək üçün kifayət qədər əsası var idi. Rusiyada doğulub böyüyüb, futbolçu kimi yetişməyində bu ölkənin xidməti var, anası milliyyətcə rusdur, Azərbaycan yığmasına nisbətdə Rusiya yığması daha güclüdür və mötəbər turnirlərdə oynamaq şansı daha çoxdur. Amma göründüyü kimi, Şeydayev məhz Azərbaycanı seçib.
Onun vəziyyətində olan daha bir futbolçu da var idi ki, o, əks qərar verdi. Söhbət Azərbaycanı yox, Rusiya yığmasını seçən Aleksandr Səmədovdan gedir. Kimin qərarı düzgündür? Burada məsələyə vətənpərvərlik nöqteyi-nəzərindən yox, praqmatik yanaşsaq, hələ ki, Səmədovun seçimi daha səmərəli görünür. Hər halda o, Rusiya yığmasına çağırılır, bu ölkənin aparıcı klublarında çıxış edib və etməkdədir. Çıxış etdiyi komandaların lider oyunçusu, "Lokomotiv”in isə kapitanı olub. Avropa və dünya çempionatlarında iştirak edib. Azərbaycan yığmasını seçsəydi, futbolçu taleyi necə olacaqdı? Bax, bu, böyük bir sual işarəsidir. Şeydayevin bundan sonrakı karyerası kimi...
Vüqar MƏMMƏDOV