"Oyunun maraqlı keçəcəyini gözləyirdik. Belə də oldu. Matçın əvvəlində hesabda üstün idik. Oyuna nəzarət də bizdə idi. Hər şey yaxşı gedirdi. Futbol səhv oyunudu. Nəinki futbolçular, hətta bəzən azarkeşlərə görə də klubu cəzalandırırlar. Hərdən hakim də böyük rol oynayır. Buraxdığımız ilk qoldan əvvəlki epizodda penaltimiz verilmədi. Həmin anda penalti verilsəydi, hesab 3:0 olacaqdı. Komandanı niyə "sındırmaq” lazımdı. Demirik ki, bizə kömək etsinlər. Bizim də səhvlərimiz oldu. Həm uda, həm də uduza bilərdik. Futbolda belə şeylər olur. İrəli baxmaq lazımdı. Sadəcə, xallar komandadan gedir ki, buna təəssüflənirəm. Futbolçular öz güclərini meydanda qoyurlar, bir fiti səsləndirməməklə xallar gedir”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Mehdi Cənnətov hər iki qolda səhv etdi. Onun oyununu necə dəyərləndirirsiz?
- Kim meydanda olacaqsa, o, səhv edəcək. Göz önündə olan səhvlər görünür. Təhlil edib, bir daha baxacağıq.
- Atilla Yıldırıma qarşı səbr kasanız nə vaxt daşacaq?
- Elə Atillanı vurdular. Atilla oynayır, sadəcə, qol yoxdur. Hər şeyi zamana buraxaq. Qapıya zərbələr üzərində işləmək lazımdır. Qol fürsəti olsun ki, qol vura bilsin.
- İki qol imkanından düzgün yararlana bilmədi…
- İlk hissədə aldadıb zərbə vurdu, top dirəyin yanından keçdi. İrəlidə top saxlaya bilir. Bunlar üstünlükdür. Əlbəttə, biz hücumçunun qol vurmasını istərdik.
- İkinci hissənin əvvəllərində oyun getmirdi, amma dəyişiklik etmədiniz. Məsələn, Əfran İsmayılovu çıxara bilərdiz. Bunun səbəbi nə idi?
- Əfrana top gələndə hər zaman hiss edirsən ki, qol epizodu yarada bilər.
- Rəqib meydanda azlıqda qalanda hücuma keçmirdiniz. Güc qalmamışdı?
- Komandanı hücumda görmürdüz? Futbolda azlıqda oynayanda əks-hücumla qol da vura bilərsən. Qvanzavı ona görə meydana buraxdıq ki, irəli çıxsın.
- Qələbə istəyi olan komanda 3-cü əvəzetməni bu qədər gec etməzdi…
- Hər bir futbolçuya şans veririk. Əlimizdə olan oyunçulardan istifadə edirik.
- Ötən oyundan sonra Vurğun Hüseynovun cəzalanacağını demişdiniz. Kapitan haqda ictimaiyyətə belə açıqlama vermək nə dərəcədə doğrudur?
- Nə cəza olacağını bilirsiniz? Kim olur-olsun, səhv edən cəzasını almalıdır. Bu, klubun daxili işidir. Baş məşqçi də, kapitan da cəzalana bilər. Əlbəttə, cəzalanacaq.