"Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi, şanslar yaratdı, qollar vurdu. Bu hesabı qənaətbəxş saymaq olar".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ" klubunun futbolçusu Lalavele Atakora Topaz Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra deyib. 28 yaşlı toqolu yarımmmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...
- "Qəbələ" klubu I və VIII turda qalib gəlib. İndi azarkeşlər növbəti qələbə üçün XV turu gözləməlidir?
- Mən belə olduğunu düşünmürəm. Biz hər iki oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu oyuna da 3 xal qazanmaq üçün çıxmışdıq. Ancaq bu, futboldur, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Növbəti turda doğma meydanda öz azarkeşlərimiz qarşısında oynayacağıq və qələbə qazanmağa çalışacağıq.
- "Neftçi" üzərində qələbədən sonra komandadan yaxşı oyun və növbəti qalibiyyət gözlənilirdi. Amma komanda qalib gələ bilmədi. Bu, nə ilə əlaqədardır?
- İkinci hissədə yaxşı oynadığımızı düşünürəm. İlk hissədə ardıcıl 2 qol buraxmağımız bizdə çaşqınlıq yaratdı, sonra isə öz oyunumuzu tapdıq. 2 top geridən gəlib hesabı bərabərləşdirmək də komandanın gücündən xəbər verir. Düşünürəm ki, "Sumqayıt" da güclü komandadır və bu gün yaxşı oynadı.
- Oyunun sonlarında gərginlik yaşandı. Bu haqda nə deyə bilərsiniz?
- Mən həmin epizodda heç kimi görmədim və bilərəkdən heç kimi vurmadım.