Seymur TURAN
Ötən gün AFFA İcraiyyə Komitəsinin qərarı ilə Nikola Yurçeviç Azərbaycan millisinə baş məşqçi təyin olundu. Bununla da bir vaxtlar Xorvatiya yığmasında Slaven Biliçin rəhbərliyi altında çalışmış daha bir mütəxəssislə əməkdaşlığa başlanıldı.
Düzdür, Yurçeviç həm futbolçu, həm də baş məşqçi kimi Robert Prosineçki qədər məşhur deyil. Amma Biliçin əsas köməkçisi olub və onunla sonradan Rusiya "Lokomotiv"i, Türkiyə "Beşiktaş"ı və İngiltərə "Vest Hem"ində də birgə çalışıb.
2004-cü ildən milliyə məşhur simalar rəhbərlik edib. Braziliyalı Karlos Alberto Torres futbolçu kimi dünya çempionu, almaniyalı Berti Foqts futbolçu qismində Avropa və dünya, baş məşqçi kimi isə qitə çempionu olub. Nəhayət, xorvatiyalı Robert Prosineçki futbolçu karyerası müddətində dünya çempionatının bürünc mükafatına yiyələnib. Baş məşqçi kimi qısamüddətli yığma karyerasına malik Qurban Qurbanovun "Qarabağ"dakı nailiyyətləri də hamıya məlumdur.
Yurçeviçlə bağlı vəziyyət isə fərqlidir. O, Xorvatiya yığmasının heyətində 1996-cı il Avropa çempionatında çıxış edib, titullarına gəldikdə, "Zaqreb" klubuna 2003-cw ildə Xorvatiya Super Kubokunu, Zaqreb "Dinamo"suna isə 2004-cü ildə ölkə kubokunu qazandırıb. Ötən mövsüm "Dinamo"da 3 ay sürən fəaliyyəti dövründə çempionluq sevinci yaşamasına klub rəhbərliyinin zəif nəticələri əsas gətirərək, onu istefaya göndərməsi qərarı mane olub.
Prosineçki kimi Yurçeviçin də millidə baş məşqçi qismində ilk iş yeri Azərbaycan olacaq. Sələfi 3 illik fəaliyyəti dövründə normal nəticələr göstərməyi bacarmışdı. Hər halda ilk seçmə tsiklində ardıcıl 4 məğlubiyyətdən sonra qalan 6 oyunda 1 qələbə, 3 heç-heçə ilə qrupda 6 xal toplamaq onun aktivinə yazılmalıdır. Daha sonra 10 xal yığan Prosineçki seçmə mərhələlər tarixində Azərbaycan yığmasının rekordçu baş məşqçisinə çevrilib.
Əvvəlki tsikllərlə müqayisədə, indi durum fərqlidir. Yığma UEFA Millətlər Liqasında Kosovo, Malta və Farer adalarının olduğu qrupdan lider kimi çıxmağı bacarmayıb, son oyununda 0:4 hesablı ağır məğlubiyyətlə üzləşib, kollektivdaxili psixoloji əhval-ruhiyyə elə də yüksək deyil. Digər tərəfdən, komanda AVRO-2020-nin seçmə mərhələsində çətin qrupa düşüb. Son dünya çempionatının gümüş, axırıncı Avropa çempionatının bürünc mükafatçısı olan Xorvatiya ilə Uelsdən əlavə, final mərhələləri təcrübəsinə malik Macarıstan və Slovakiya ilə mübarizədə ən azı 2-ci yeri tutmaq real deyil. Bu halda, yenidən ad-sanlı mütəxəssislə anlaşmağa gərək varmı?
AFFA-nın anlaşa bilmədiyi Karluş Keyruşun ilinə ən azı 2 milyon avro tələb etdiyi şübhəsizdir. Üstəlik, o, ən azı 3 illik müqavilə tələb edəcəkdi. Əvəzində isə portuqaliyalı mütəxəssis heç AVRO-2020-nin final mərhələsinə vəsiqə belə söz verməyəcəkdi. Yurçeviçin köməkçiləri ilə birgə illik əmək haqqı isə çətin ki, 1 milyon avronu keçsin. Üstəlik, önündə ən azı Prosineçki kimi özünü təsdiqləmək imkanı var. 5 komandalı qrupda 24 mümkün xalın 1/3-ni belə toplamaq onun üçün böyük uğur sayılacaq.
Hə, o başqa məsələ ki, Yurçeviçə münasibət birmənalı deyil. İndidən sosial şəbəkələrdə ironiya predmetinə çevrilib, məşqçi bacarığına dair yetərincə neqativ fikirlər səsləndirilir. Hətta Qurban Qurbanov kimi mütəxəssisin rəhbərliyi altında Millətlər Liqasında qrupdan çıxa bilməyən yığmanın, əksəriyyətin tanımadığı baş məşqçi ilə nəyəsə nail olmasının inandırıcı görünmədiyi bildirilir.
Amma istənilən halda Yurçeviçə dəstək üçün olan-qalan futbol ictimaiyyətinin bir araya gəlməsi, azarkeşlərin səbrli olmaları gərəkdir. Zatən yeni baş məşqçinin, Xorvatiya ilə oyunu nəzərə almasaq, hazırlıq üçün yetərincə zamanı var. İlk növbədə, Yurçeviçə martın 21-də səfərdə həmvətənləri ilə görüşdə böyük hesabla uduzmamaq lazımdır. Mövsümün qızğın vaxtında ən yaxşı formada olan futbolçularla buna nail olmaq heç də mümkünsüz deyil. Daha sonra iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə ev oyunları gəlir.
Gəlin, nikbin olaq. Hər seçmə mərhələnin əvvəlində olduğu kimi...