"Qəbələ" komandasının zədəli olan əsas qapıçısı Dmitri Bezotosnı Azərbaycan Kubokunun final matçına kimi hazır olacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, ukraynalı qolkiper hazırda həkimlərin nəzarəti altındadır. Qurbanov Bezotosnının fərdi məşqlər etdiyini bildirib.
Baş məşqçi 36 yaşlı oyunçunun Premyer Liqanın XXVII turunda evdə "Neftçi" ilə görüşdə meydanda olmayacağını, lakin sonuncu - XXVIII turda səfərdə "Sumqayıt"la matçda oynamaq ehtimalının olduğunu vurğulayıb.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı mayın 5-də, "Sumqayıt" - "Qəbələ" oyunu isə mayın 11-də olacaq. Azərbaycan Kubokunun final qarşılaşması isə mayın 19-da "Sumqayıt" və "Qəbələ" komandaları arasında keçiriləcək. Dmitri Bezotosnı ölkə kubokunun yarımfinal mərhələsində "Qarabağ"la ilk matçda xəsarət alıb.