"Oyun çox sönük keçdi. Ola bilsin, bu arxayınlıqla əlaqədar idi. Öz işimizi çətinə saldıq. 6-cı yerdən qurtulmaq üçün son turda "Zirə"yə qalib gəlməliyik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, komanda Premyer Liqadakı ilk mövsümündə yerini qoruma tapşırığını yerinə yetirdiyi üçün son oyunlara arxayın çıxıb.
Əhmədov növbəti mövsüm də "Sabah"ın baş məşqçi postunda qalacağına dair rəhbərliklə ilkin danışığının olduğunu diqqətə çatdırıb. O, məsələnin mövsüm bitdikdən sonra həllini tapacağını söyləyib. Baş məşqçi daxili nizam-intizam qaydalarını pozduğu üçün mövsümün sonunadək klubdan kənarlaşdırılmış Təmkin Xəlilzadə barədə də qərarı rəhbərliyin verəcəyini vurğulayıb.