"Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bundan daha çox öz futbolçularımızı təbrik edirəm. Çünki mükəmməl mövsüm keçirdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis titul qazanmaq üçün sonadək mübarizə apardıqlarını bildirib: "Bu cür gözəl kollektivin baş məşqçisi olduğum üçün qürur duyuram. Sonadək mübarizə apardığına görə kollektivə bir daha təşəkkür edirəm. Bu futbolçulara qarşı çox sözlər deyilə bilər. Amma mövsümboyu onlarla mən işləmişəm və necə əziyyət çəkdiklərini bilirəm. Futbolçularımın hər biri ilə fəxr edirəm”.
Bordin komandasını çempionluğa layiq saydığını vurğulayıb: "Həyatda hər bir insanın səhvi ola bilər. Mən də məşqçi kimi bəzən səhvlər edə bilərəm. Məsuliyyəti üzərimdən atmıram. Komandanın hər bir uğuruna və uğursuzluğuna görə məsulliyyəti mən daşıyıram. Uşaqlar sonadək vuruşub göstərdilər ki, əslində, çempionluğa layiqdilər. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin".
"Neftçi"nin baş məşqçisi son turda "Qarabağ"la keçirəcəkləri ev oyunu barədə də danışıb: "Düzdür, bu oyunun əhəmiyyəti qalmayıb. Lakin biz hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər meydana çıxacaqlar”.