
“Qəbələ”nin Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Sumqayıt"la keçirəcəyi oyun iki komanda arasında 28-ci qarşılaşma olacaq.
Sportnet.az-ın məlumatına görə, mayın 19-da Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək finalında da üz-üzə gələcək rəqiblər indiyədək yalnız Premyer Liqada görüşüblər. Əvvəlki matçlarda 17 dəfə qalib gələn “qırmızı-qaralar” 8 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Bütün oyunlarda rəqib qapısına yol tapan “Qəbələ” heç vaxt meydanı qolsuz tərk etməyib. Top fərqində “qırmızı-qaralar” böyük üstünlüyə malikdir - 47:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb.
"Qəbələ" səfər qarşılaşmalarında da üstün durumdadır. Rəqib meydanındakı 13 oyunda 6 qələbəsi olan "qırmızı-qaralar" 5 dəfə sülhlə kifayətlənibsə, 2 dəfə səfərdən xalsız ayrılıb. Bu görüşlərdə qonaqlar 21, ev sahibləri 13 qol vurublar.