"Son günlər sosial şəbəkələrdə Topaz Premyer Liqasının 11 mayda keçiriləcək sonuncu turunun “Neftçi” – “Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir".
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı bəyanatda bildirilir.
Ölkə çempionatının keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqası bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq. Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq.
Bu kimi halları nəzərə alan PFL azarkeşlərdən oyuna ən azı 2 saat qalmış gəlmələrini, diqqətli olmalarını, rəqib azarkeşlərə hörmət etmələrini xahiş edir.
"Qarşıda “Neftçi” və “Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik" deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, oruc tutan şəxslər üçün stadionda “Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.