ABŞ-ın "Los Angeles Galaxy" klubunun futbolçusu Zlatan İbrahimoviç MLS-də iki oyunluq cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, isveçli hücumçuya cəza "New York City"nin qapıçısı Şon Consonla aralarında baş vermiş insidentə görə verilib.
Komandasının 0:2 hesabı ilə geridə olduğu matçın sonunda İbrahimoviç topu qapının yuxarı tirinə vurub, ardınca qapıçı ona yaxınlaşıb və itələməyə başlayıb. Bu zaman İbrahimoviç rəqib oyunçunun boynundan yapışıb, ardınca yerə yıxılıb. Consonun cəzalandırılıb-cəzalandırılmayacağı məlum deyil.
37 yaşlı İbrahimoviç cari mövsümdə MLS-in 10 matçında iştirak edib və 9 dəfə (4-ü penaltidən) fərqlənib, həmçinin 3 sarı vərəqə alıb. Oyunçunun klubla müqaviləsi 31 dekabr 2019-cu il tarixinə qədər nəzərdə tutulub.