“Yaxın 2-3 gün ərzində klub rəhbərliyi ilə görüşəcəyik. Növbəti mövsüm üçün dəyişiklik olmayacağı təqdirdə, yəqin ki, işimi davam etdirməyəcəyəm”.
Sportnet.az xəbər verir ki, bunu “Report”a “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun finalında “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra postunu tərk etmə istəməsi barədə səsləndirdiyi fikrə aydınlıq gətirərkən deyib.
38 yaşlı mütəxəssis “Sumqayıt”da qalmasından ötrü heyətin gücləndirilməsinin gərəkliyini bildirib: “Söhbət təkcə legionerlərin götürülməsindən getmir. Görüləsi çox iş var. Sabah 3 əcnəbi oyunçunun alınması ilə də hər şey yaxşı olmayacaq. İstəyim odur ki, digər Premyer Liqa klubları ilə ayaqlaşa bilək. Bəzi məsələlərə aydınlıq gəlməlidir. “Sumqayıt”da qalıb-qalmamağım bundan asılı olacaq”.
Qeyd edək ki, Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçi postuna ötən il noyabrın 14-də təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada mövsümü 29 xalla 6-cı pillədə başa vurub və Sumqayıt futbolu tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.