"Hər bir görüşə motivasiya ilə çıxırıq. Amma onu da dərk edirik ki, bu qarşılaşma çempionatın vacib matçlarındandır. Ümid edirəm ki, bu qələbə "Sevilya" ilə keçirəcəyimiz oyunda da bizə kömək edəcək".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir evdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
İkinci qolun müəllifi olan fransalı yarımmüdafiəçi çempionluq mübarizəsində komandasını uzun yolun gözlədiyini bildirib: "İndidən nəyinsə qazanıldığını deyə bilmərik. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Büdrəməməyə çalışacağıq".
28 yaşlı oyunçu İspaniya "Sevilya"sı ilə keçirəcəkləri Avropa Liqasının I tur matçı barədə də danışıb: "Sevilya"dan güclü oyunçular getsə də, yerinə yaxşıları da gəlib. İstənilən halda biz əlimizdən gələni etməyə çalışacağıq. Qrupdan çıxmaq barədə nəsə danışmaq düzgün olmaz. Ən yaxşısını etmək istəyirik".