
"Sabah" klubunda baş məşqçi məsələsi hələ də həllini tapmayıb.
Rəhbərlik danışıqlar apardığı mütəxəssislərlə bağlı qərar verməyə tələsmir. Bu isə klubun idman direktoru Emin Abbasovun öz namizədini yeritməkdə israrlı olması ilə əlaqədardır. O, komandada müstəqil agent Səbuhi Səfiyarlının təklif etdiyi Yuri Vernidubun çalışmaması üçün olan-qalan gücünü də səfərbər edib.
Abbasovu sentyabrın 30-da Sportnet.az-da dərc olunmuş "Sabah"da xaos: Etibarı sarsılan Adıgözəlov və incik Ponomaryov" yazısı hərəkətə gətirib. O, yazını klub prezidenti Maqsud Adıgözəlova göstərərək, "Baş məşqçini niyə mən yox, kənar şəxs gətirməlidir?" sualını ünvanlayıb. "Yuxarılar" qarşısında etibarını itirən Adıgözəlov isə karyerası yox, ad-sanı önəmli olan baş məşqçi gətirməklə bəraət almağın mümkünlüyünü düşünüb. Nəticədə klub prezidenti OK verib. Hələ jurnalist kimi çalışdığı dövrdən pafosları yerə-göyə sığmayan hazırkı idman direktoru isə gedib yapışıb "Qalatasaray"ın keçmiş futbolçusu Suat Kayadan.
Necə deyərlər, "Hamı gedib quş gətirdi, Şahqulu bayquş gətirdi". Suat Kaya pis futbolçu olmayıb. Hə, boyu balaca olsa da, başla qol da vurub. Necə də olmasa, UEFA Kubokunu qazanmış futbolçudur. Amma görün, "Sabah"ın menecmenti futboldan nə qədər bisavaddır ki, orta hesabla hər il bir klub dəyişən şəxsi iddialı komandaya baş məşqçi gətirmək istəyir.
Əcəba, Kayanın başqa nə cəlbedici fəaliyyəti ola bilər ki? Heç yerdə uğuru, nailiyyəti olmayıb, iddialı komandada çalışmayıb.
Bir qədər araşdırma apardıqda yalnız belə bir qəribə səbəb tapmaq olar. Ki, Kayanın çalışdığı son komandalardan birinin adı "Menemenspor" olub. "Menemen" türkcədən tərcümədə "pomidor-yumurta" deməkdir. Görünür, uğursuz nəticələrdən sonra bir ara futbolçularına pizza qonaqlığı verən komanda üçün menyunun dəyişdirilmə zərurəti yaranıb. Elə düşünüblər ki, türkiyəli baş məşqçi yaxşı "menemen" və ya "pomidor-yumurta" hazırlamağı da bacarmamış deyil. Axı futbolçulara nə qədər pizza yedizdirmək olar?
Daha düşünmürlər ki, baş məşqçi postuna müvəqqəti təyin etdikləri İqor Ponomaryov ad-san baxımından Suat Kayanın gerisində qalmağa layiq deyil. Olimpiya çempionu hara, UEFA Kubokunun qalibi hara?
Xəzər UĞUR