Elşən MƏMMƏDOV
Azərbaycan millisi Macarıstanla AVRO-2020-nin seçmə oyunundan qayıtdığı vaxt təyyarədə kapitan Qara Qarayevə yaxınlaşdım. Məqsədim ondan Autocity.az-ın "Onun arabası var" rubikası üçün müsahibə almaq idi.
Əvvəlcə sayt, sonra da hansı sualların veriləcəyi ilə maraqlandı. Sonra isə müsahibə verməkdə tərəddüd etdiyini bildirdi. Səbəb kimi öz avtomobili, maşını necə idarə etməsi ilə gündəmə gəlmək istəmədiyini göstərdi. Və gözlənilmədən belə müsahibə üçün həm "Qarabağ", həm də millidəki komanda yoldaşı Araz Abdullayevi nişan verdi.
Açığı, elə bildim zarafat edir. Yaxın keçmişdə məhz yüksək sürətlə hərəkət edərkən ağır qəza keçirərək, iki süpürgəçini vuran və onlardan birinin ölümünə səbəb olmuş Abdullayevin maşınlardan usadığını zənn edirdim. Ona görə də Qarayevə "Araz müsahibə verməz. Axı ölüm hadisəsi yaşamış futbolçudur" dedim. Qara isə "O mövzuda sual veməzsən də" dedikdə, bunun mümkün olmadığını, oxucuların haqlı "Necə müsahibədir ki, məlum olaydan sual verməyib" qınağı ilə üzləşəcəyimi diqqətə çatdırdım. Nə isə, Abdullayevlə yox, Qarayevlə müsahibə götürəsi oldum.
Üstündən 3-4 gün keçməmiş Arazın "avtoş"luğunu sosial şəbəkədə paylaşdığını gördükdə anladım ki, Qara haqlı imiş. Abdullayev doğrudan da əvvəlki ampluasında imiş. Bu, süpürgəçi ölümünə məhz yüksək sürətinin səbəbkar olduğu barədə iddiaları bir daha təsdiqlədi.
Halbuki, təkcə mən yox, əksəriyyət onun bir daha avtomobili ilə gündəmə gəlməyəcəyini, ən azı özünün bunda maraqlı olmayacağını düşünürdü. Hər halda, bu məsələ Abdullayev üçün işıqforun daimi qırmızı işığı kimi olmalı idi. Amma deyəsən, özü sanki daimi yaşıl işığa öyrənibmiş...
O, doğrudan da olanlardan heç bir dərs çıxarmayıb. "Neftçi"də çıxış etdiyi vaxt Abdullayevin xilaskarı klub rəhbərliyi olmuşdu. Bəs indi onu kim xilas edəcək?