Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan oyunda hesabı qonaqlar açıb. Qəsəbə təmsilçisinin heyətində 23-cü dəqiqədə Nicat Süleymanov fərqlənib. Ancaq meydan sahibləri ilk yarıda dönüş edə biliblər. Amadu Diallo 28-ci və 44-cü dəqiqələrdə rəqibi məyus edib.
İkinci hissədə isə Süleymanov dublunu rəsmiləşdirib. O, 88-ci dəqiqədə bərabərlik qolunu vurub.
Bu heç-heçədən sonra xalını 7-yə çatdıran "Sabah" 7-ci pilləyə yüksəlib. "Zirə" isə 9 xalla 6-cə sıradadır.
Qeyd edək ki, həftənin açılış matçında "Keşlə" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi və bazar günü baş tutacaq "Qarabağ" - "Səbail" oyunları ilə yekun vurulacaq.
---------
Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Sportnet.az-ın ı)məlumatına görə, açılış matçında "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gəlib. "ASCO Arena"da keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı artıq 32-ci saniyədə "Keşlə"nin hücumçusu Lorenso Frutos açıb. Paraqvaylı hücumçu qollarının sayını 5-ə çatdıraraq, bombardirlər siyahısında şəriksiz liderə çevrilib. Bu hücumun qurulmasında iştirak etmiş Sezar Meza Kolli 42-ci dəqiqədə özü fərqlənib.
"Qəbələ"nin təsəlli qolunu isə 59-cu dəqiqədə Davit Volkov vurub.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. "Qəbələ" isə 6 xalla 7-ci pillədə qalıb.
------------
Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki oyun Bakıda baş tutacaq. Açılış oyununda ötən mövsüm ölkə kubokunun qalibi olan "Qəbələ" "Keşlə"nin qonağı olacaq.
Paytaxt klubu 12 xalla üçüncü yerdədir, əyalət təmsilçisi isə altı xalla 7-8-ci yerləri bölüşdürür. Qəbələdə keçirilmiş ilk dövrədəki matçda "Keşlə" rəqibini darmadağın edib - 4:0. Bu məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov istefa verib.
Komandalar ölkə çempionatında 45 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Keşlə", 13-də isə qonaqlar qələbə qazanıb. 17 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində isə meydan sahiblərinin aşkar üstünlüyü var - 58:45. “Keşlə” rəqibinə qarşı son iki qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Qəbələ” isə səfərdəki son 7 oyunda məğlub olmayıb.
Günün digər matçında çempionatın autsayderlərindən "Sabah" "Zirə"ni qəbul edəcək. Meydan sahibləri altı xalla 7-8-ci pillələri bölüşdürür. "Zirə" isə səkkiz xalla altıncı yerdədir. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunmuş ilk dövrədəki matçda qalib müəyyənləşməyib - 1:1. Ötən mövsüm baş tutan 4 qarşılaşmanın üçündə meydan sahibləri, birində isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də "Sabah" üstündür - 7:5.
Azərbaycan Premyer Liqası, IX tur
26 oktyabr (şənbə)
16:00. “Keşlə” – “Qəbələ” - 2:1
Qollar: Lorenso Frutos, 1. Sezar Meza Kolli, 42 - Davit Volkov, 59
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”
18:00. “Sabah” – “Zirə” 2:2
Qollar: Amadu Diallo, 28; 44 - Nicat Süleymanov, 23; 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”