"Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin baş məşqçisi Rayan Giqqz Bakıda Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl daha çətin oyunları olub: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynayırdı. Ancaq yaxşı nəticə qazana bildik".
Baş məşqçi deyib ki, Azərbaycanla matç da digər oyunlar kimi çətin keçib: "Bu gün Macarıstan qrupda istirahət edir. Bu, növbəti matçda onlara əlavə güc verə bilər. Qarşılaşmada bəzi künc zərbələrindən istifafə edə bilmədik, bundan narazıyam".
Giqqz Qaret Beyl və Aaron Remsinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəklərini vurğulayıb: "Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remsi start heyətdə yox idi. Ona istirahət verdik".