Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirib
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun "Düdelanj" komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.
Baş məşqçi Qurban Qurbanov "Düdelanj"ı səfərdə 4:1 hesabı ilə məğlub etdikləri matçla müqayisədə start heyətində 2 dəyişiklik edib. Qapıda Asmir Beqoviçi Şahrudin Məhəmmədəliyev, orta xətdə isə Riçard Almeydanı İsmayıl İbrahimli əvəzləyib.
Komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar:
"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov
"Düdelanj": 1.Conatan Juber (k), 4. Kobe Kols 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaybe, 28. Şarl Morren 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren
E qrupunda İspaniyanın "Sevilya" kollektivi 15 xalla 1-ci, Kipr APOEL-i isə 7 xalla 2-ci yeri təmin edərək pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyırdı. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmli olduğu üçün komandalar görüşə hücumlarla başlayıblar. Start fitindən 3 dəqiqə sonra Zubir hesabı açmağa yaxın olsa da, əlverişli vəziyyətdən topu üstdən vurub. Bundan sonra hər iki komanda topu rəqibin cərimə meydançasına qədər gətirsə dəx real qol epizodu yaratmaqda çətinlik çəkiblər.
Görüşün 37-ci dəqiqəsində müdafiəçilərin səhvindən sonra zərbə mövqeyinə çıxan
Bettaybenin fərqlənməsinə Məhəmmədəliyev mane olub. Bundan bir dəqiqə sonra isə Emreli rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim "davam" işarəsi verib.
"Qarabağ" ikinci hissəyə uğursuz başlayıb. Matçın 46-cı dəqiqəsində ikinci dəfə sarı vərəqə alan Qarayev komandasını azlıqda qoyub. Bundan 4 dəqiqə sonra İbrahimlinin yerinə meydana Riçard Almeyda daxil olub. Oyunun 63-ce dəqiqəsində Buqren Ağdam təmsilçisinin qapısına yol tapıb. Qoldan dərhal sonra Kinatanı Xayme Romero əvəzləyib.
72-ci dəqiqədə Zubir topu qapıçının başı üzərindən aşırmaq istəsə də, top "çərçivə"yə getməyib. Ardınca künc zərbəsindən sonra başla vurduğu top qapının üstündən keçən Emreli yerini Maqaye Qeyeyə verib. 80-ci dəqiqədə Romeronun zərbəsindən sonra rəqib qapıçı yaxşı reaksiya göstərib. Bundan 5 dəqiqə sonra Zubirin zərbəsi qolla nəticələnməyib.
Nəhayət, 90+1-ci dəqiqədə Qeye bərabərlik qolunu vurub.
Beləliklə, "Qarabağ" 5-ci dəfə çıxış etdiyi Avropa Liqasının qrup mərhələsini heç-heçə ilə başa vurub. Bərabərlikdən sonra Ağdam təmsilçisi xalını 5-ə çatdırıb. "Düdelanj" isə 4 xalla sonuncu yerdə qalıb.
--------
Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.
E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kipr APOEL-i isə 7 xalla 2-ci yeri təmin edərək pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəm daşıyır. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xal qabaqlayır.
Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.
Qeyd edək ki, Lüksemburqdakı oyunun 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, VI tur
21:55. “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq) - 1:1
Qollar: Maqaye Qeye, 90+1 - Sabir Burqrin, 63
Qırmızı vərəqə: Qara Qarayev, 46
Baş hakim: Kristo Tohver
Yan xətt hakimləri: Silver Koiv və Sten Klaasen
Dördüncü hakim: Juri Frişer (Estoniya)
Hakim-inspektor: Nikolay İvanov (Rusiya)
UEFA nümayəndəsi: Sergey Lisnik
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu