"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XV turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 38 yaşlı mütəxəssis öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb...
- Maraqlı oyunun şahidi olduq. Fasilədən sonra ilk matç çətin keçir. Çalışdıq ki, müdafiədə az səhv edək. Rəqibin təcrübəli futbolçuları öz fərdi bacarıqlarından yaxşı istifadə etdi. İlk hissədə 2-3 qol imkanımız da oldu. Rəqib təzyiqi artıranda səhvlər başladı. Geniş heyətə sahib komandaya qarşı oynadıq. Bu matçı unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq.
- Demək olarmı ki, Maykl Essyen gələndən bəri ən yaxşı oyununu göstərdi?
- Essyenin ustalığına söz ola bilməz. Sizinlə razıyam. Əvvəl az oynamasına səbəb onun tədbirlərdə olması idi. Bəzən 5, bəzən 3 günlük olmurdu. Qış fasiləsində onunla danışdıq və bildirdik ki, onun köməyinə ehtiyacımız var. Belə oyunlarda onun təcrübəsindən faydalanmaq istəyirik.
- Kasad heyətlə "Keşlə" ilə oyuna necə hazırlaşacaqsınız?
- Rəqiblərə fərq qoymayacağıq. Bu gün "Qarabağ"ın əsəbləri ilə oynamağı bacardıq. Qol da vura bilərdik. Hər oyuna maksimum hazırlaşırıq. Heyətimiz kasad olsa da, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərə bilər. Bu mövsüm iddiamız ciddi olmasa da, gənc futbolçuları qazana bilərik.
- Yeni transfer Peyman Keşavarzın oyunu sizi qane etdimi?
- Medafiə mövqeyində problemimiz var idi. Erikonun xroniki zədəsi mövcuddur. "Zirə" ilə son kubok matçında ağır oyun keçirib. 120 dəqiqə meydanda olub. Keşavarz il yarım idi ki, futbol oynamırdı. Baxışa çağırdıq. Onun bəzi keyfiyyətləri bizi qane edir. Getdikcə daha yaxşı olacaq.