UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, Fransadakı ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin "Mançester Siti" klubu cavab görüşündə də qələbə qazanıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Mançester təmsilçisi tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.
"Şəhərlilər"in hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
"Mançester Siti"nin finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.
-------------------------------
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq. "Mançester Siti" Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.
Niderland Futbol İttifaqından Byörn Kuypersin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Şəhərlilər"i mərhələ adlamaq üçün istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.
Cavab görüşü öncəsi meydan sahiblərində Juan Kanselu, qonaqlarda isə Kilian Mbappeilə Kolin Daqbanın meydana çıxması sual altındadır. Həmçinin ilk matçda qırmızı vərəqə görən Paris təmsilçisinin yarımmüdafiəçisi İdrissa Geye oyunu buraxacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0
Qollar: Riyad Mahrez, 11; 63
Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)
İlk oyun - 2:1
Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Çelsi" ilə üz-üzə gələcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.