Futbol üzrə Avropa çempionatında dördüncü oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, gecənin son qarşılaşmasında İspaniya İsveçlə üz-üzə gəlib. Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.
Qeyd edək ki, E qrupunun digər görüşündə Slovakiya Polşaya qalib gəlib - 2:1.
----------------------
Futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, bu qrupun ilk oyununda Polşa və Slovakiya yığmaları üz-üzə gəliblər. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşma slovakiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda ilk qol 18-ci dəqiqədə vurulub. Slovakiya yığmasının heyətində Robert Makın qüvvətli zərbəsi zamanı qapı dirəyindən qayıdan top qapıçı Voytsex Şesniyə dəyərək tora daxil olub. 31 yaşlı oyunçu Avropa çempionatlarında avqotol edən ilk qolkiper kimi tarixə düşüb. Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan polşalılar 46-cı dəqiqədə tarazlığı bərpa ediblər. Hakimin fitindən 32 saniyə sonra fərqlənən Karol Linetti turnirin tarixində ikinci hissədə ən tez vurulmuş qolun müəllifi olub. Bu göstərici üzrə rekord Rumıniya millisinin sabiq hücumçusu Marsel Koraşa məxsusdur. O, AVRO-1984-də ikinci hissənin startından cəmi 21 saniyə sonra Almaniya yığmasının qapısına yol tapıb. 62-ci dəqiqədə Qjeqoj Krıxovyak ikinci sarı vərəqəni alaraq, Polşa millisini azlıqda qoyub. Bu, cari turnirin ilk qırmızı vərəqəsi kimi tarixə düşüb. Meydandakı say üstünlüyündən istifadə edən Slovakiya yığması cəmi 7 dəqiqə sonra Milan Şkrinyarın qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu qol eyni zamanda matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, E qrupunun digər oyunu bu gün İspaniya və İsveç yığmaları arasında keçiriləcək.
----------------------
Futbol üzrə Avropa çempionatında D qrupunun digər oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turnirin ev sahiblərindən Şotlandiya Çexiya millisi ilə qarşılaşıb. Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç çexiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər iki qolu Patrik Şik vurub. Əvvəlcə 42-ci dəqiqədə fərqlənən 25 yaşlı hücumçu ikinci hissədə baxımlı qola imza atıb. Almaniya "Bayer"ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.
Qeyd edək ki, D qrupunun ilk oyunu dünən İngiltərə və Xorvatiya yığmaları arasında olub. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada britaniyalılar rəqibini məğlub edib - 1:0. Hazırda qrupda eyni xala malik yığmalardan Çexiya 1-ci, İngiltərə isə 2-cidir. Xalı olmayan Xorvatiya və Şotlandiya kollektivləri isə müvafiq olaraq, 3 - 4-cü yerləri bölüşdürürlər.
---------------------------
Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların biri D, ikisi isə E qrupunda baş tutacaq.
Günün ilk matçı D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olacaq. Qlazqodakı "Hampden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı almaniyalı Daniel Zibert idarə edəcək.
D qrupunun ilk görüşündə isə İngiltərə Xorvatiyanı minimal hesabla üstələyib - 1:0.
E qrupunda 3 qat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gələcək. AVRO-2020 öncəsi ispanların heyətində Dieqo Lorente və Serxio Busketsin koronavirus testi müsbət çıxıb. Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi qarşılaşma Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda gerçəkləşəcək.
Qrupun digər iddialı komandası Polşa Slovakiyanı sınağa çəkəcək. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadiondakı qarşılaşmanın baş hakimi Rumıniyadan Ovidiu Hateqan olacaq.
Avropa çempionatı
D qrupu, I tur
17:00. Şotlandiya - Çexiya - 0:2
Qollar: Patrik Şik, 42, 52
Baş hakim: Daniel Siebert (Almaniya)
Qlazqo. "Hampden Park" stadionu
E qrupu
20:00. Polşa - Slovakiya - 1:2
Qollar: Karol Linetti, 46 - Voytsex Şesni, 18 (avtoqol), Milan Şkrinyar, 69
Qırmızı vərəqə: Qjeqoj Krıxovyak, 62 (Polşa)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu
23:00. İspaniya - İsveç - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. "Estadio La Cartuja" stadionu