Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov "Report"un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Azərbaycanda qadın futbolu ilə bağlı hazırkı durumu necə dəyərləndirirsiniz?
- Pandemiyayadək inkişaf yaxşı gedirdi. Amma pandemiya bütün sahələrə olduğu kimi, bizə də təsir etdi. Çünki futbolçularımızın çoxu ölkə xaricində çıxış edir. Həmin liqaların dayanması ümümi işimizə təsirsiz ötüşmədi. Lakin pandemiyadan sonra əvvəlki inkişaf dönəminə qayıtmışıq, bu istiqamətdə irəliləyirik. Qızlarımızın əksəriyyətinin öz klubları ilə müqaviləsi davam edir. Komandaları ilə təlim-məşq toplanışlarına gedənlər də var. Fevralda milli komandanın hazırlıq dönəmi olmalıdır. Bundan sonra yoldaşlıq görüşü keçiriləcək. Apreldə isə 2 rəsmi oyunumuz var. Həmin ayın 7-də Bosniya və Herseqovina ilə, aprelin 12-də isə Danimarka ilə qarşılaşacağıq. Hazırda əsas iş planımız bundan ibarətdir.
- Fevraldakı təlim-məşq toplanışının yeri və yoldaşlıq matçındakı rəqib bilinirmi?
- Toplanış, çox güman ki, Bakıda olacaq. Rəqiblə bağlı isə danışıqlar gedir. Hələ tam bilinmir. Bir çox ölkə ilə əlaqə saxlamışıq. Türkiyənin fevral pəncərəsində rəsmi oyunu var. Onlarla qarşılaşmaq alınmır. Buraya gələ biləcək ölkələrlə danışılıb və cavab gözlənilir. Məqsədimiz odur ki, minimum 2 yoldaşlıq matçı oynayaq.
- Qadın futbolçuların yaxşı komandalarda oynadıqlarını bildirdiniz. Elə isə niyə milli komanda yüksək nəticələr göstərə bilmir və adətən, böyük hesablarla uduzur?
- Biz Avropa çempionatlarının seçmə mərhələsində 2-ci dəfədir çıxış edirik. Düzdür, oyunçularımız yaxşı klublarda legioner həyatı yaşayır. 7 nəfər Rusiya çempionatında oynayır. Məşq prosesləri yaxşı və davamlıdır. Digər futbolçularımızın çoxu Türkiyədə çıxış edir. Daha əvvəl 2-si Qazaxıstanda oynayırdı. Rusiya çempionatının səviyyəsi daha yaxşıdır və oradan gələnlər formada olurlar. Türkiyədə bu il qadın futbolunda xeyli iş görülüb. Superliqada komanda sayını 24-ə çatdırıblar. Düzdür, həvəskar çempionat gedir. Amma gələn ildən peşəkar olacağı gözlənilir. Problem ondadır ki, əksər qızlarımız milliyə Türkiyədən gəldilər. Orada isə mövcud vəziyyətə görə liqa dayanmışdı. Yəni, futbolçuların oyun praktikaları olmadı. Həm bu amil, həm də zədələr oyunumuza mənfi təsir etdi. Bizdə qadın futbolu yeni olduğu üçün keyfiyyətli oyunçu kütləmiz elə də çox deyil. Hansısa futbolçu zədələnəndə bizə çətin olur. Məqsəd aşağı yaş qruplarından gələnlərlə keyfiyyətli oyunçuların sayını artırmaqdır. Böyükhesablı məğlubiyyətlərin əsas səbəbləri bunlar oldu. Rusiyada da çempionat müəyyən müddətə dayandırıldı. Türkiyə Super Liqası sentyabrda başlamalı olsa da, pandemiyaya görə bir ay öncə start götürdü. Ümid edirəm ki, daha bu cür problemlərlə üzləşmərik. Bu tsikldə yalnız Danimarkaya böyük hesabla uduzdumuşuq. Bu komanda dünyanın ən yaxşı yığmalarından biridir. Açığı, onlara bu cür uduzacağımızı gözləmirdik. Danimarka kimi qadın futbolunda böyük işlər görən ölkələrlə oynamaq çox çətindir. Biz qadın futboluna yeni-yeni başlayırıq. Amma yenə deyirəm: Məqsədimiz belə məğlubiyyətlərin sayını minimuma endirməkdir.
- Bəs, Qazaxıstan çempionatının səviyyəsi necədir?
- Orada vəziyyət Rusiyadakı kimi deyil. Keçənilki Türkiyə kimi idi. Amma bu il Türkiyədə səviyyə xeyli artıb. Legioner limiti artırılıb, yaxşı əcnəbi oyunçular gətirilib. Böyük klublarda qadın komandaları yaradılıb. Bu da liqanın səviyyəsinin qalxmasından xəbər verir.
- Bu yaxınlarda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin iclasında bildirdi ki, UEFA qadın futbolu ilə bağlı tələbləri sərtləşdirib. Amma bizdə müəyyən klublar var ki, qadın komandalarının olmasını istəmirlər və hətta bununla bağlı qəti mövqe ortaya qoyublar...
- Qadın futbolunun inkişafına görə yaxın ölkələrlə əməkdaşlıq edirik. Doğrudan da UEFA ciddi tələblər qoyub. Bu il Türkiyədə Superliqa təmsilçiləri qadın komandalarını təsis etdilər. Rusiyada da belə idi. Son illərdə “Rubin”in qadın komandaı yaranıb. UEFA artıq bütün milli assosiasiyalardan bunu istəyir. Düşünürəm ki, gəlib bizə də çatacaq. Azərbaycan Super Liqasında “Keşlə” və “Qəbələ”nin qadın komandaları var. “Neftçi”nin qadın komandası isə U-17 liqasında oynayır. Düşünürük ki, gələn mövsümdən onlar da Superliqaya çıxacaqlar. Premyer Liqada mübarizə aparan 8 klubun hamısının qadın komandası olsa, bu, futbolun, millinin inkişafına xeyli kömək edər. Klublarda elə məşqçilər var ki, savad baxımından qadın futboluna daha çox şey qata bilərlər. İstəyimiz odur ki, klublar özləri bu işə nəzarət etsinlər. Bu, qadın futbolçular üçün də böyük stimul olar. Məsələn, bu gün bir çox futbolçu “Neftçi”nin U-17 komandasında oynamağa can atır. Çünki bu klubun qadın futboluna yanaşması, baxışı tamam fərqlidir. Bu sıraya “Qarabağ”, “Qəbələ”, “Keşlə” də daxil ola bilər.
- Hazırda UEFA qadın futbolunun inkişafı üçün milli assosiasiyalara vəsait ayırır. Azərbaycan Premyer Liqasında çıxış edən klubların qadın futboluna marağı hansı səviyyədədir?
- Bu gün yaxşı futbolçularımız ölkə xaricində oynadıqlarından, daxili çempionatda daha gənc qızlar mübarizə aparırlar. Klublar var ki, həmin gənclərə köməklik edirlər. Məqsədimiz keyfiyyətli oyunçu sayını artırmaqdır. Bundan sonra çempionatın səviyyəsi də qalxacaq. Hazırda Superliqada 8 komanda var. Onların ikisi “Qəbələ” və “Keşlə”dir. Digər altısı isə klubların nəzdində deyil. Bu komandaları Premyer Liqa təmilçiləri götürsələr, oradakı qızlar üçün də böyük stimul, eyni zamanda qadın futbolu üçün dönüş nöqtəsi olar.
- Yəqin ki, bu barədə klublarla danışırsınız. Onların ayrı-ayrılıqda mövqeləri necədir: Qadın futbolunu inkişaf etdirmək istəyirlərmi?
- Lisenziyalaşmada qadın futbolu olmayan klublarla bağlı bəlli cərimələr var. Onların çoxu bu cəriməni ödəyir və qadın futboluna o qədər də fikir vermirlər. UEFA sanksiyaları sərtləşdirdikcə, klublar özləri qadın komandaları yaratmağa məcbur olacaqlar. Türkiyədə “Qalatasaray” və “Fənərbağça”nın qadın komandaları yaradıldısa, yəqin ki, gələn il biz də Superliqada Premyer Liqa təmsilçilərinin qadın komandalarını görəcəyik.
- Deyirsiniz ki, Premyer Liqa klubları qadın komandaları yaratmamaqdan ötrü cərimə ödəməyə də razıdırlar. Niyə onlar bu dərəcədə prinsipialdırlar? Bəlkə ölkədə qadın futbolçu tapılmır, yaxud da mentaliteti və ya dini amilləri nəzərə alırlar?
- Mən milli komandanın baş məşqçisiyəm. Klublara necə deyə bilərəm ki, niyə qadınlardan ibarət komandanız yoxdur?
- Razıyam, deyə bilməzsiniz. Bəs, sizin şəxsi fikriniz necədir?
- Cəriməni ödəyir, əlavə vaxtını ayırmaq istəmirlər. Bəlkə də düşünürlər ki, bu, əlavə yükdür. Başqa nə səbəb ola bilər ki?! 2010-cu ildə mentalitet, dini məsələ ilə bağlı çətinliklərimiz var idi. Bəzi valideynlərlə danışırdıq ki, qızlarına məşqə gəlməyə icazə versinlər. Çünki tərəddüd edirdilər. İndi isə vəziyyət fərqlidir. Məsələn, U-17 Liqasında qızların valideynləri gəlib oyunlara baxırlar. Görünən odur ki, insanlarda fikir dəyişiklikləri var. İnanmıram ki, 2022-ci ildə bu problem hələ də qalsın. Hardasa çətinliklər var. Amma klubların bu addımının səbəbini onlardan soruşsanız, daha yaxşı olar. Mənim buna fikir bildirməyim düzgün olmaz. Sabah klubdan deyə bilərlər ki, bu, sizin fikrinizdir. Bəlkə gələn mövsümdən qadın komandalarını çempionata buraxacaqlar. Yaxud da ola bilər ki, hər şeyə aşağıdan başlamaq istəyirlər. Məsələn, ötən il “Neftçi”nin U-13 komandası var idisə, artıq U-17 formalaşdırılıb. Gələn il üçün məqsədləri yüksək liqada iştirak etməkdir.
- 2010-cu illərdəki problemlərə toxundunuz. Həmin vaxt yazırdılar ki, milli komandalarda qızlar arasında qeyri-etik münasibətlər var. Çoxdan qadın futbolunun içindəsiniz. Demək olarmı ki, artıq belə hallar aradan götürülüb?
- 2010-cu ildən buradayam, sizin dediyiniz hadisələrə rast gəlməmişəm. İlk ilimizdəcə U-17 millisini yaratdıq və bu komanda ilə də yola çıxdıq. Dünya çempionatına hazırlaşırdıq. 25 qız akademiyada qalırdı, gözümüün qarşısında idi, məktəbə, məşqlərə gedirdilər. Bütün problemləri ilə maraqlanırdıq. O vaxt niyə belə söz-söhbətlərin çıxdığını mən də bilmirəm. Bəlkə kimsə kənarda nəsə edir, onu da adını milli komanda ilə əlaqələndirirlər. Bunu hamıya şamil etmək olmaz. Mən də eşitmişəm, mətbuatdan oxumuşam. Amma mən bu cür halla rastlaşmamışam. Belə bir şey görsəm, dərhal qarşısını almağa çalışaram ki, bizim digər oyunçularımıza, övladlarımıza şamil olunmasın.
- Hətta xatırlayıram ki, bir dəfə Azərbaycanda nəinki qadın futbolunu, hətta federasiyanı ləğv etmişdilər...
- Bəli, hazırda AFFA-da Qadın futbolu şöbəsi var. Qadın Futbolu Federasiyası isə o vaxtdan ləğv olunub. Həmin illərdə mən işləmirdim. Qadın futbolu şöbəsi yaranandan sonra işə başlamışam. Şöbənin rəhbəri isə Emin Cəfərovdur.