Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatov ikinci dəfə yerli futbol ittifaqının prezidenti vəzifəsinə seçkilərdə iştirak edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə veteran hücumçunun özü Bolqarıstan Teleqraf Agentliyinə açıqlama verib.
Berbatov bildirib ki, ölkənin 45 klubu onun namizədliyini irəli sürüb. Həmin komandaların üçü I divizion təmsilçiləridir.
Yığmanın bombardiri yeni təbliğat-təşviqat kampaniyasına başlamayacağını və əvvəlkini davam etdirəcəyini söyləyib: "Əminəm ki, bu dəfə qalib mən olacağam. Rəqiblərimi ölkə futbolunun inkişafı ilə bağlı təqdimat planlarını və proqramlarını açıq şəkildə bəyan etməyə çağırıram".
Prezident seçkiləri martın 18-də təşkil olunacaq.
Qeyd edək ki, Dimitar Berbatov ötən il də Bolqarıstan Futbol İttifaqının prezidenti vəzifəsinə namizəd olub. Həmin vaxt 230 səs toplayan əfsanəvi futbolçu yekunda Borislav Mixaylova (241 səs) uduzub. Lakin qaydalara görə, bu posta seçilən namizəd qeydə alınmış 483 nümayəndədən ən azı 242 səs toplamalıdır. Mixaylovun 1 səsi çatmadığından Berbatov seçkinin nəticəsini tanımayıb. Bu səbəbdən qurultay yeni prezidenti müəyyənləşdirmək üçün bu il martın 18-də növbəti dəfə seçki keçirilməsinə qərar verib.