Vüqar MƏMMƏDOV
Bir neçə gün öncə “Xan Lənkəran” futbol klubunun “Facebook” səhifəsində belə bir məlumat getdi:
“Bu gün "Xan Lənkəran" PFK-nın prezidenti Pərviz Hüseynov ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov arasında görüş keçirilib.
Görüşdə "Xəzər Lənkəran Mərkəzi Stadionu" və stadionun bazası haqqında razılıq əldə edilib. Bundan sonra "Xan Lənkəran" PFK öz ev oyunlarını "Fırtınalar meydanı"nda keçirəcək.
Qeyd: "Xəzər Lənkəran" adını Mübariz Mənsimov "Xan Lənkəran" PFK klubunun prezidentinin ixtiyarına verib.”
Dünən isə mətbuatda belə bir xəbər getdi ki, "Xəzər Lənkaran"ın bütün borcları bağlandığı üçün ehtiyac olacağı təqdirdə, "Xan Lənkəran" bu adla çıxış edə biləcək.
Bir şəhərdə futbol klubunun fəaliyyətini dayandırması, yeni bir klubun yaranması, rənglərini, hətta adını belə alması, dünya futbolunda yeni bir hal deyil. Bir çox yerlərdə belə hadisələr baş verir.
Ümumiyyətlə dünya təcrübəsində bu kimi hallar necə tənzimlənir?
Bunun üçün ən yaxşı nümunə klub idarəetməsi heç də ideal səviyyədə olmayan və borclanma məsələsində tez-tez adı hallanan Türkiyə klublarıdır. Ona görə də bir çox cəhətdən bizə yaxın olan bu ölkənin nümunəsində baxmaq qərarına gəldik.
Deməli, klub yanlış idarəetmə səbəbindənmi, yaxud hansısa başqa səbəbdənmi borca düşərsə əksər hallarda klub başkanı istefa verir. Yeni gələn rəhbərlik isə bu borcun altına girmək istəmir. Düşünür ki, niyə başqasının səhvini düzəltsin? Bu vəziyyətdə çıxış yolu kimi borca girmiş klubun müflis elan edilməsi və yeni bir klub yaranması görülür.
Gəlin aydın olmaq üçün misallar üzərindən baxaq. Türkiyənin futbol tarixində önəmli yer tutan “Gaziantepspor” adında bir klub var idi. Bu klub beş-altı il əvvəl borclanmaya girdi və onu bu vəziyyətdən çıxartmaq üçün kimsə çiynini yükün altına vermədi. Amma şəhərə futbol lazım idi. Ona görə 1988-ci ildə yaranmış, aşağı liqalarda mücadilə edən, əvvəl “Sankospor”, sonra “Gaziantep Belediyyespor” adlanan klubu “Büyükşehir Gaziantep” adlandırdılar və şəhər də bütün gücünü bu kluba verdi. Bir müddət sonra isə klub adını “Gaziantep FK”-ya, forma rənglərini isə “Gaziantepspor”un rəngləri olan olan qara-qırmızıya dəyişdi. Qaziantep şəhərinin köklü klubu “Gaziantepspor” isə Həvəskarlaq liqasına düşdü və burada itib batdı. Beləliklə bu gün Türkiyə Super liqasında yarışan “Gaziantep FK”-nın “Gaziantepspor” olmadığını, onların ayrı-ayrı klublar olduğunu çox adam bilmir.
Belə nümunələr Türkiyədə çoxdur. Gaziantep şəhərindən başqa, Malatya, Mersin, Zonquldak, Diyarbəkir, Ordu və bir çox şəhərin klubları eyni siyasətlə dağılıb, yaxud dağıdılıb və yenidən qurulub.
Bizdə də səhv etmirəmsə Tovuzun “Turan” komandasının “başına” eyni hadisə gəlib. O zaman komandanın baş məşqçisi olan Naci Şensoy ilə klub prezidenti Musa Süleymanov arasında bir çəkişmə yaşandı. Şensoy müqavilə ilə ona çatacaq pulunu ala bilmədiyini, bu səbəbdən UEFA-ya şikayət edəcəyini bildirirdı. Daha sonra nə baş verdiyi barədə dəqiq məlumat olmasa da, dəqiq olan budur ki, 2014-cü idə klubun adı “Turan”dan “Turan Tovuz”a dəyişdirildi. Naci Şensoyun sonrakı müsahibələrindən də məlum olurdu ki, pulunu ala bilməyib. Bütün bu məlumatları nəzərdən keçirdikdən sonra ehtimal etmək olar ki, klub 2014-cü ildə yenidən qurulub. Niyə dəqiq deyə bilmirik, ehtimal edirik? Çünki internetdəki məlumatlarda “Turan”ın yaranma tarixi 2014 cü il göstərilmir, 1992-ci il göstərilir. Elə dünən bu klub yaranmasının 30 illiyini qeyd etdi. Bunları nəzərə alaraq Tovuz komandasının yenidən qurulmasını dəqiq söyləyə bilmirik. Amma Musa Süleymanov ilə Naci Şensoy olayı dəqiqdi. O da dəqiqdir ki, klub məşqçiyə olan borcunu ödəməsə fəaliyyət göstərməsi çətin olar.
“Xəzər-Lənkəran”ın fəaliyyətinin dayandırılmasına müxtəlif səbəblər göstərilsə də kimsəyə sirr deyil ki, klubun borcu var və bu məbləğ az deyil. Klub bərpa olunsa ilk öncə borclarını ödəməlidir.
Bu baxımdan Mübariz Mənsimovun “Xan Lənkəran”ın adının “Xəzər-Lənkəran” olmasına etiraz etməməsi müəyyən ehtimallara yol açır.
“Xəzər Lənkəran” adını daşımaq o mənanı verir ki, klub yenidən bərpa olub. Bunun baş tutması üçün isə klubun borcu qalmamalıdır. Başqa cür mümkün deyil. Yeni yaranan klub əvvəlki klubun rənglərini ala bilər, amma tam şəkildə klubun köhnə adını daşıya bilməz. Ən azı bir neçə hərf də olsa dəyişik olmalıdır. Bu təcrübə Türkiyədə çox yaşandığından onlar belə üsulları yaxşı bacarırlar. Yuxarıda “Gaziantepspor”un “Gaziantep FK”-ya dəyişməsini qeyd etmişdik. Başqa müflisləşib ləğv olan klubların yerinə yaradılanlar da bu şəkildə bənzədiliblər. Gəlin bu bənzər dəyişiklərdən bir neçəsinə baxaq: “Gaziantepspor” – “Gaziantep FK”, “Malatyaspor” – “Yeni Malatyaspor”, “Mersin İdman Yurdu” – “İçel İdman Yurdu”, “Zonquldaqspor” – “Zonquldaq Kömürspor”, “Orduspor” – “Orduspor 1967” və s. Bu tip bənzər dəyişiklərdən biri, xüsusilə maraqlı olanı Diyarbəkir şəhərindəki klubların adındakı dəyişiklə bağlıdır. Deməli, loqo da, rənglər də olduğu kimi qalıb, yalnız köhnə klub “Diyarbakırspor”, yenisi isə “Diyarbekirspor” adlanır. Hər halda iki hərflə də olsa, bu bir dəyişiklikdir. Yuxarıdakı nümunələr onu göstərir ki, nə qədər bənzərlik olsa da tam şəkildə klubun adını götürmək olmaz.
Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, “Xan Lənkəran” adını tam şəkildə “Xəzər-Lənkəran”a bir halda dəyişə bilər ki, borcları tam bağlasın. Başqa cür isə adda müəyyən dəyişiklik etməklə bunu edə bilər. Məsələn, klubun adından şəhərin adını götürmək və sadəcə “Xəzər” adını saxlamaqla.
Belə görünür ki, istənilən klubu, nə qədər borclanırsa borclansın, böyük ölçüdə, bərpa etmək mümkündür. Klubun müflis olduğunu elan edirsən, sonra da təzədən həmin rəngdə, adında cüzi dəyişiklik yaratmaqla yenidən bərpa edə bilirsən. Hüququn icazə verdiyi imkanlardan istifadə edərək bunu etmək olur.
Amma burda bir nüans var. Yeni yaranan klub adları bənzər olsa da və eyni rəngi daşısa da əvvəlki klubun tarixini daşıya bilməz. Məsələn, yuxarıda misal göstərdiyimiz “Gaziantepspor” klubu 31 dəfə Türkiyənin əsas liqasında çıxış edib. Üç İstanbul nəhəngi (“Galatasaray”, “Fenerbahçe”, “Beşiktaş”) və “Trabzonspor”un olmasına baxmayaraq, dəfələrlə çempionluq uğrunda yarışıb və liderlər qrupunda mövsümü tamamlayıb. Lakin “Gaziantepspor”un nəticələrinın, bu gün Türkiyə Super liqasında çıxış edən “Gaziantep FK” ya dəxli yoxdur.
Buradan da belə nəticə hasil olur ki, “Xan Lənkəran” “Xəzər Lənkəran”ın borları bağlanmadan, onun rənglərini və adının bənzərini götürsə belə “Xəzər-Lənkəran”ın çempionluğunun, qazandığı ölkə kuboklarının və digər nəticələrini götürə bilməz.
Türkiyədə borclanıb özünü müflis elan edib yenidən başqa klub yaradan şəhərlər olsa da borcu olmasına rəğmən, buna getməyənlər də var. Məsələn, Türkiyə çempionu olmuş beş klubdan biri “Bursaspor” və üç mövsüm ikinci yeri tutan və Türkiyə kubokunun sahibi olan “Eskişehirspor”. Bu klublar xeyli borclansalar da özlərini müflis elan etmək istəmirlər. Çünki yenidən yaransalar keçmişdəki titullar və nəticələr onlara aid olmayaq.
Bu yaxınlarda “Fenerbahçe”nin borcları açıqlandı - 5 milyard 977 milyon TL. Bu 440 milyon ABŞ dolları, yaxud 750 milyon Azərbaycan manatı deməkdir. Göründüyü kimi çox böyük məbləğdir. “Fenerbahçe” istəsə çox asanlıqla bu borcdan qurtula bilər. Necə? Özünü müflis elan edər, liqadan çəkilər. Daha sonra adına bir neçə hərf və ya rəqəm əlavə etməklə yenidən borcsuz, filansız yarışa qoşular. Ancaq bu kimsənin ağlından belə keçmir. Çünki, yeni yaranan klub eyni rəngi və demək olar ki, eyni adı daşıya bilsə də əski titulları adına yazdıra bilməz. Hətta bu titullar olmasa belə yaşı yüzü keçən klubun dağılıb yaranmasını kimsə istəməz.
Bu məsələdə mənim fikrim belədir ki, klub nə qədər borclanırsa borclansın, yenidən yaranmaqdansa birtəhər yaşamağa çalışmalıdır. Haçansa bir fürsət çıxar ortalığa. Klub nə qədər qədim olsa, bir o qədər möhkəm olar. Bu, yaşı çox olduqca kökləri torpağın altında daha çox yayılan ağaca bənzəyər. Köklər nə qədər dərində və yayılmış olsa ağac o qədər möhkəm olar. Ona nə sel, nə külək, nə boran, nə yağış nə də hər hansı başqa təbii fəlakət təsir edər.
“Xəzər-Lənkəran”ın yaranma tarixi 2004-cü il göstərilir. Amma başqa mənbələrdə onun yaranmasının 1978-ci il olmasına dair məlumatlara rast gəldim. Düşünürəm ki, bu komanda yaranma tarixinin 1978-ci il kimi göstərməyə tam hüququ var. Çünki 2004-cü ildəki klub yenidən yaranmayıb, fəaliyyətini bərpa edib. Azərbaycan çempionatının İlk beş mövsümündə çıxış edən və bir dəfə də kubokun finalına çıxan, o dövrdə “Xəzər” adlanan komandanın “Xəzər-Lənkəran” ilə eyni komanda olmasını inkar edən hər hansı hüquqi əsas yoxdur. Bu komanda 1995-ci ildə yarışdan çəkilərkən özünü müflis elan etməyib, yəqin ki borcu da olmayıb. Sadəcə fəaliyyətini dondurub, vəssalam.
Düşünürəm ki, bu proseslərdə ən düzgünü 1978-ci ildə yaranmış “Xəzər”in, 2004-də yenidən bərpa edilən “Xəzər Lənkəran”ın və yaxınlarda yaradılmış “Xan Lənkəran”ın (əgər “Xəzər Lənkəran”ın borcu ödənilibsə) eyni klub olduğunu elan etməkdir. Olanları isə belə qəbul etmək lazımdır ki, sadəcə, komanda zamanla fəaliyyətin dondurub və adında müəyyən dəyişikliklər baş verib.
İstənilən halda Lənkərana futbolun qayıdışı alqışlanası haldır. Amma yeni klub əvvəlki həyəcanı verə biləcəkmi?
Bu suala cavabı zaman verəcək.