
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionluğu əvvəlki turlarda təmin etmiş "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib.
"Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Köhlən atlar"ın qollarını 4-cü dəqiqədə Filip Ozobiç, 11-ci dəqiqədə Patrik Andrade, 31-ci dəqiqədə İbrahima Vadji, 30 və 52-ci dəqiqələrdə Kadi Borges vurub.
Ağdam təmsilçisinin sadiq fanatlarından hesab edilən "İmarət" azarkeş qrupunun üzvləri 7-ci dəqiqədə tribunadan ayrılıblar. Polislərlə mübahisə edən fanatlar "Azarkeş heç vaxt terrorçu deyil" şüarı səsləndiriblər.
"Qarabağ" qələbə sayəsində xallarının sayını 63-ə çatdırıb. "Gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.
---------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında bir oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" XVI turdan təxirə salınmış matçda "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.
Bu görüş vaxtından əvvəl çempionluğu təmin edən "köhlən atlar" üçün formal xarakter daşıyır. Ötən tur evdə "Şamaxı"nı məğlub etməklə Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsini qazanan "gənclik şəhəri" təmsilçisi isə ən azı uduzmamağa çalışacaq. Hazırda Ağdam klubu 60 xalla 1-ci, "Sumqayıt" isə 18 xalla 7-ci pillədə qərarlaşıb.
İki kollektiv indiyədək ölkə çempionatında 38 dəfə qarşılaşıb. Bunların 28-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin böyük üstünlüyü var - 86:18.
"Qarabağ" 8 oyundur xalsız qalmır. "Sumqayıt" isə son üç matçda quru hesabla uduzub.
Azərbaycan Premyer Liqası
XVI turdan təxirə salınmış oyun
12 may (cümə axşamı)
19:00. "Qarabağ" – "Sumqayıt" - 5:0
Qol: Filip Ozobiç, 4. Patrik Andrade, 11. Kadi Borges, 30. 52 İbrahima Vadji, 31
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
"Azersun Arena".