"Klubla əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyduq. Rəhbərliyə dedim ki, hələlik oraya qayıda bilmirəm. Axı necə dönə bilərəm?!"
Sportnet.az-ın məlumatına görə, bunu Moldova "Şerif"indən ayrılan və "Neftçi" klubunda baş məşqçi postuna namizəd olan Yuri Vernidub Ukraynanın "fanday" nəşrinə müsahibəsində deyib.
Rusiya ilə müharibədə Ukraynanın müdafiəsində iştirak edən 56 yaşlı mütəxəssis bildirib ki, hərbi xitmətdən sonranı "Şerif"də heç kim gözləməyəcək: "Bu komandanı növbəti mövsüm UEFA Çempionlar Liqasına hazırlamaq lazımdır. Hesab edirəm ki, çox düzgün hərəkət etmişəm. İndi haradasa işləmək alınarsa, ən yaxşısı, burada qalaraq Ukraynada çalışaram".
Ukraynada bir çox klubun baş məşqçisiz qalması fonunda Vernidub gələcək karyerasına hələ aydınlıq gəlmədiyini söyləyib: "Baxacağıq. Planlar var, amma hələlik mən Ukrayna Silahlı Qüvvələrindəyəm. Gələcəkdə necə olacağını bilmirəm. Mənə imkan yaratsalar, işləyəcəyəm. Əks halda, sonadək, qələbəmizədək cəbhədə olacağam".
Təcrübəli baş məşqçi ölkəsində "Krivbas"a rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərlərə isə belə aydınlıq gətirib: "Həyatda hər şey ola bilər. Amma bu gün öz döyüş bölməmdəyəm. Ukrayna klublarının mənimlə əməkdaşlıq üçün əlaqə yaratmasından danışmağımdan ötrü hansısa konkretlik olmalıdır. Müxtəlif söz-söhbətlər ola bilər. Amma indi mən Ukrayna Silahlı Qüvvələrindəyəm. Keçmiş klubum "Zarya"ya qayıdışım və ya yeni iş yeri istəyib-istəmədiyimə gəldikdə, hazırda bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki məni sabah nəyin gözləyəcəyini bilmirəm".
Vernidubun sözlərinə görə, Ukrayna çempionatının hazırkı şəraitdə keçirilməsi klub prezidentlərindən və futbolçuların istəklərindən asılıdır: "Hesab edirəm ki, hər şey mümkündür. Amma burada bizi sabah nə gözlədiyini bilmirik. Siz isə gələcəkdən danışırsınız".