"Tətil qısa olduğu üçün zaman çox tez keçdi və deyərdim ki, istirahət etməyə vaxt olmadı".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı müdafiəçi istirahəti barədə danışıb: "Valideynlərim mövsümün ikinci yarısını mənimlə birgə Azərbaycanda keçirmişdilər. Buna görə də biz mövsüm bitən kimi Bakıdan birbaşa Portuqaliyaya yollandıq. Mənim qızım məhz bu ölkədədir. Valideynlərim ilk dəfə övladımı gördülər, yaxından tanış oldular. Daha sonra Kolumbiyaya yollandıq. Ölkəmdə istirahət günlərimi dostlarımla keçirdim və bəzən futbol da oynadıq. Çox istirahət etməyə vaxt olmadı. Bu gün isə yeni mövsümün hazırlığına qoşuldum. Özümü tam hazır hiss edirəm".
Qeyd edək ki, Kevin Medina mayın 12-də "Qarabağ"la 2025-ci ilin yayınadək yeni müqavilə imzalayıb. O, 2020-ci ildən bu komandada oynayır.