
FİFA prezidenti Yozef Blatter DÇ-2018-ə ev sahibliyi edəcək Rusiyanın turniri yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib. Sportnet.az-ın məlumatına görə, qurumun rəhbəri mətbuata açıqlamasında çempionatının Rusiyada keçirilməsinə qarşı çıxanlara mesaj göndərib.
Blatter deyib: "Rusiyanın dünya çempionatına hazırlıq səviyyəsini gördükcə, qürurlanıram. Bu da ölkə prezidenti Vladimir Putinin sayəsində baş verir. İdman naziri Vitali Mutkonun da, Vladimir Sorokinin də əsl komandası var və onlar işçilərlə çox gözəl münasibətdədirlər. Artıq 40 ildir FİFA-dayam. Bu mənim 10-cu dünya çempionatımdır. Demək istəyirəm ki, bu, çox möhtəşəm mundial olacaq. Mən bu komandanın heyranedici işinə baxanda bunu hiss edirəm. DÇ-2018-in meydan sahibliyi hüququnu Rusiyadan alınmasını istəyənlərə isə bir sözümüz var: biz futbol ilə məşğul oluruq və siyasətin bu işə qarışmasına icazə verməyəcəyik".
Hazırlıqların plan üzrə getdiyini bildirən FİFA prezidentinin sözlərinə görə, Rusiyaya bu çempionatı keçirməkdə heç nə mane ola bilməz: "Düzdür, iqtisadi vəziyyət elə də əlverişli deyil, lakin bilirəm ki, bu da düzələcək".
Qeyd edək ki, növbəti dünya çempionatı Rusiyanın 11 şəhərindəki 12 stadionda baş tutacaq.