"Səbail" klubunun kapitanı Rahid Əmirquliyevin Sportnet.az-a müsahibəsi
- Çoxları karyeranızı başa vuracağınızı düşünürdü. Hansı təklif sizi "Səbail"də saxladı, yüksək maaş, yoxsa?
- Əksinə, bu klub mənim üçün çox doğmadır. Neçə ildir buradayam, çox şadam ki, müqaviləni daha bir il yeniləmişəm. Düzü, məndən soruşdular ki, gedirsən, ya qalırsan, mən qalıram dedim. Həmişə demişəm qalıram və oynamağa gücüm var. Ona görə məni burada maddiyyat yox, futbol oynamaq istəyi saxlayıb.
- Yəqin ki, hansısa vədlər verilib...
- Müqaviləm bitəndə ilk fikrim "Səbail"lə danışıqlar aparmaq idi, hər halda 4 ildir buradayam, başqa klubla danışıq aparmağım hörmətsizlik olardı. Rəhbərliklə danışdım, dedilər yaxşı komanda olacaq. Gördüyünüz kimi yeni transferlər var, komanda güclənib. Əsas ümidlər bunlar oldu.
- Dörd ilə yaxın Aftandil Hacıyevlə işlədiniz. Mahmud Qurbanovun gəlişi müəyyən dəyişikliklərə səbəb olub. Ümumiyyətlə uyğunlaşmaq nə qədər çətindir?
- Bəli, uzun müddət Aftandil müəllimlə çalışdıq, ilk ildə nəticə də verdik, amma ondan sonra müəyyən problemlər oldu, nəticə verə bilmədik. İndi məşqçilər korpusu dəyişib, amma mənim üçün ilk deyil. Karyeram ərzində onlarla belə hal baş verib. Amma komandaya gəldikdə burada tək məşqçilər deyil, yeni oyunçular da var. Demək olar komandamın yarısı dəyişib. Ona görə düşünürəm ki, uyğunlaşma cəhətdən problem olmayacaq. Peşəkarsansa, buna anında alışmağa məcbursan.
- Ötən mövsümün ortalarında klubda maliyyə problemi var idi, hətta bazada qidalanmadan da şikayətlər var idi. Olanlar travma kimi yaddaşda qalıb?
- Mən bazada qalmıram dəyə hamin problemlər haqqında ətraflı danışa bilmərəm. Hər hansı çatışmazlıqlar ola bilər, maaşlar da gecikib. Rəhbərlik görüşüb, görüşdən sonra bütün maaşları ödənilib. Düşünürəm ki, bunlar geridə qalıb, fikrimizi futbola köklənmişik. Hər şey yaxşı olacaq.