"Qərara gəldik ki, Tbilisidə İspaniyanın "Barselona" və "Sevilya" komandaları arasında keçiriləcək UEFA Super Kuboku matçına jurnalistlərin səfərini təşkil edək". AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun bu xəbəri son günlərin gərginliyindən az da olsa, uzaqlaşmağa yol açırdı. Üstəlik, bəndəniz üçün məzuniyyət günlərinə təsadüf edəcək səfər istirahətə xoş əhval-ruhiyyə ilə başlamaq üçün də əlverişli idi.
Amma ertəsi gün baş verənlər - "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovun yaratdığı qrup tərəfindən jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi hamımızı məyus etmişdi. Elə Tbilisiyə səfərə çıxan 22 jurnalistin əksəriyyətinin əsas müzakirələri bu olay ətrafında idi. Amma nə bu, nə də Gürcüstan paytaxtına avtobusla yarım sutkalıq yol fiziki və psixoloji yorğunluq yaratmadı. Buna xoş zarafatlarla yanaşı, "Mafiya" oyunu da az təsir göstərmədi.
Biz Tbilisiyə oyundan bir gün öncə yollanmışdıq. Otelə yenicə yerləşmişdik ki, AFFA-nın baş katibi Elxan Məmmədov da gəldi. O, oyun üçün biletləri təqdim etdikdən sonra Super Kubok matçında federasiya prezidenti Rövnəq Abdullayevin də iştirak edəcəyini bildirdi. Qısa söhbət zamanı baş katib onu da xatırlatdı ki, gələn il Bakıda 17 yaşadək futbolçular, 2020-ci ildə isə böyüklər arasında Avropa çempionatı keçiriləcək. "Biz bu yarışları daha yüksək səviyyədə təşkil edəcəyik" deyən E.Məmmədov qarşıdakı illərdə qitəmiqyaslı turnirlərdən birinin final matçını keçirməyə çalışacaqlarının anonsunu da verdi.
***
Tbilisi elə həminki idi. Şəhərin girişi Bakının 4-5 il əvvəlki vəziyyətini xatırladırdı. Yollarda qazıntı və təmirlə əlaqədar yaranan tıxaclar hökm sürürdü. Şəhərdaxili yollar isə o qədər narahat idi ki, "yamaq"ları ilə maşınları atıb-tuturdu. "Qəbələ"nin iyulun 2-də Gürcüstan "Dinamo"su ilə keçirdiyi səfər matçında da bura belə idi, elə indi də. Halbuki Super Kubok matçı səbəbindən şəhərə əməlli-başlı əl gəzdiriləcəyini düşünürdük. Çox uzağa getməyək, belə bir oyun Bakıda keçirilsəydi, nəinki stadion ətrafı, hətta həmin stadiona gətirən bütün yollar qaşınıb-qazılar və sonradan bir daha qazılması şərtilə asfaltlanardı. Nəinki küçələrə, hətta binalara aqlay çəkilərdi. Şəhər taksiləri vahid rəngə keçərdi. İnsanlara "Burdan keçmə, ordan keç" deyilərdi...
Amma Tbilisidə hərə öz işində idi. Şəhər gündəlik qayğıları ilə nəfəs alır, zahirən köhnə, daxilən nimdaş taksilərdə Gürcüstanın hazırkı və əvvəlki rəhbərliyinin ünvanına lənətlər yağdırılır, küçələrin, binaların görkəmi əvvəlkitək ürküdücü vəziyyətdə, insanlar isə məzlum görkəmdə. Oyunun keçirildiyi Boris Payçadze adına "Dinamo" stadionunun ətrafındakı yollar cəmi 100-150 metr aralıdan bağlanmışdı. Bircə stadionun özünə əl gəzdirilmişdi. O da kosmetik xarakterli idi. Azarkeş tribunaları rənglənmiş, fəxri tribunanın yeri dəyişdirilmişdi. Təbii ki, meydançanın ətrafı oyunun ruhuna uyğun bəzədilmişdi. Bir sözlə, məqsəd ölkənin reklamı yox, sadəcə, mümkün qədər pul qazanmaqdan ibarət idi. İstər şəhərdə, istərsə də stadion ətrafında xeyli bilet alverçisinə rast gəlmək olardı. Hərə bir qiymətə satırdı: Kimisi 200 dollara, kimisi də 50 lariyə. Bilet alanlar üçün hansı sektorda oturacaqları ikinci dərəcəli məsələ idi. Onları oyunda iştirak, tarixi anları izləmək, şəkillər paylaşmaq maraqlandırırdı.
***
Bizim sektor və oturduğumuz sıra isə künc bayrağı tərəfdə müəyyən yüksəklikdə idi. Meydana iti bucaq altından baxırdıq. Tribunalarda müxtəlif ölkələrin bayrağı asılmışdı. Onların arasında Azərbaycan bayrağı digər ölkələrin, o cümlədən, Gürcüstanın bayrağından çoxluq təşkil edirdi. Bu, bir tərəfdən, yaxşı hal idi. Amma bayrağı asılan digər ölkələr sırasında xırda-para ərəb ölkələri, hətta qondarma "Kürdüstan"ı gördükdə, milli atributumuzun onlarla yanaşı durması qıcıq yaratmaya bilməzdi.
Sektorlardan birində Azərbaycan və Ermənistan bayraqları yan-yana idi. Az sonra ora Gürcüstan bayrağı da qoşuldu. Bu isə təsadüfə bənzəmirdi. Xüsusən, açılış mərasimində 9 ölkədən - Gürcüstan, Rusiya, Ermənistan, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan və Moldova ilə yanaşı, Azərbaycandan da 1000-dək uşağın iştirakı ilə "Futbol - sülh uğrunda" çağırışları bu məntiqi gücləndirirdi. Onlar meydançaya UEFA Super Kuboku, Avropa Liqası və Çempionlar Liqası loqotiplərinin təsvir olunduğu böyük bayraqlar çıxarmışdılar. Buna bənzər çağırışları "Bakı 2015" I Avropa Oyunlarının açılış mərasimində də eşitmişdik. Üstəlik, Bakıdakı kimi, Tbilisidə də Con Lennonun "İmagine" mahnısı səsləndirildi. Fərq onda idi ki, insanları birliyə səsləyən mahnı Gürcüstan paytaxtında Ledi Qaqanın dilindən deyil, uşaqların ifasında oxundu. "Bakı 2015"in açılışındakıları xatırladan daha bir məqam isə məşhur "Erisioni" ansamblının ifasında nağaraçılar və milli geyimli oğlan-qızların milli rəqs nümayişi idi.
***
7 dəqiqəlik açılışdan sonra komandalar meydana daxil oldular. Təbii ki, tribunadakı 60 min tamaşaçının çoxu "Barselona"ya azarkeşlik edirdi. Amma "Sevilya" tərəfdarları da az deyildi. Xüsusən, bu klubun əndəlüsləri təmsil etməsi oyuna ərəblərin xüsusi marağına səbəb olmuşdu. Bəlkə də tribunadan asılan ərəb ölkələri bayraqları da məhz bununla əlaqədar idi. Futbolçular arasında Neymarı görməmək nə qədər üzücü idisə, Messi, İnyesta, Pike, Reyes kimi ulduzları izləmək insanda xoş ovqat yaradırdı. Onlar öz gözəl oyunları ilə insanların əhval-ruhiyyəsini daha da yüksəltdilər. İspaniyanı təmsil etmələrinə baxmayaraq, iki komanda arasnda amansız mübarizə getdi, hətta iki dəfə futbolçular toqquşmada iştirakdan da çəkinmədilər. İlk 16 dəqiqə ərzində 3 qol vuruldu ki, onların da hamısında top cərimə zərbəsindən birbaşa tora istiqamətləndi. Əvvəlcə "Sevilya"dan Baneqa, sonra isə "Barselona"dan 2 dəfə Messi fərqləndi. İlk yarının sonlarında Rafinya, ikinci hissənin əvvəllərində Luis Suaresin qollarından sonra hamı matçın taleyinin həll olunduğunu düşünürdü. Amma bu vaxt "Barselona"da İnyestanın əvəzlənməsi, "Sevilya"da isə yeni futbolçuların meydana daxil olması ilə oyunun məcrası tam dəyişdi. Baş məşqçi Unay Emerinin komandasından Reyes, Qameyro və ukraynalı yeni transfer Konoplyanka fərqlənərək, matçı 30 dəqiqəlik əlavə vaxta uzatdı. Həmin bölümdə "Barselona"nın baş məşqçisi Luis Enrike Pedronu meydana buraxdı. Məhz bu əvəzləmə öz bəhrəsini verdi. Hamı penaltilər seriyasına hazırlaşdığı vaxt Pedro yenə cərimə zərbəsindən sonra qapıçıdan qayıdan topu tora qovuşdurdu. Beləliklə, "Barsa" 5:4 hesablı qələbə sayəsində tarixində 5-ci dəfə UEFA Super Kubokuna yiyələndi, "Sevilya"dan 2006-cı ildəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxdı və 4 milyon avro pul mükafatına sahib çıxdı. "Sevilya" isə əzmkar oyunu ilə alqışlar və finalçı kimi 3 milon avro qazandı.
***
Stadionu tərk edərkən, Bakı vaxtı ilə saat 02:30 idi. İlk dəfə idi ki, gecənin bu vaxtınadək futbolu canlı izləyirdim. Elə həmkarlarım da. Amma heç kimdə - nə bizdə, nə də on minlərlə azarkeşdə yorğunluq hiss olunurdu. Azarkeşlərin bir qrupu şəhərin mərkəzi meydanına doğru axışırdı. Həyat davam edirdi...
Elşən MƏMMƏDOV
Bakı - Tbilisi - Bakı
P.S. Mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq olmadı...
P.P.S. Tarixi və unudulmaz səfərin təşkilinə görə AFFA-ya, maraqlı etdiyi üçün federasiya nümayəndəsi Etibar Tağıyevə təşəkkürlər!