
Sportnet.az-ın "Sportşou” rublikasının növbəti qonağı Azərbaycanın xalq artisti, estrada və opera müğənnisi Flora Kərimova oldu. Söz yox, onu, özünün də etiraf etdiyi kimi, idman mövzusunda ilk müsahibəyə razı salmaq elə də asan başa gəlmədi. Bunun üçün bizə bir ayadək vaxt lazım oldu. Amma hər halda, özü ofisimizə gəldi, qiymətli vaxtının bir neçə saatını bizimlə müsahibəyə, söhbətə, hətta onun olduğunu eşidib-bilib birgə şəkil çəkdirməyə gələnlərə həsr etdi.
II hissə (Müsahibənin I hissəsi BURADA)
- "Qarabağ”ın "Valetta” ilə Bakıdakı oyundan öncə stadionda oxumağı təklif etsəydilər, qəbul edərdiniz?
- Klubun xeyrinədirsə, təbii. Amma inanmıram ki, təklif olunsun. Əvəzində mənim yerimə o pilləyə qalxan səs və ifa mədəniyyəti olsaydı, sevinərdim. Məni də o simada görsəydilər, fərəhlə və böyük həyəcanla razılaşardım.

- Sovet dövründə bir çox incəsənət xadimi "Neftçi”nin oyunlarını izləməyə gedirdi. Xatırlayırsınız?
- "Neftçi” mənim uşaqlığımın, cavanlığımın, orta yaşlarımın və bu günümün - ahıl yaşlarımın klubudur. Bu komanda oynayanda bayram olurdu. Bilirsiniz, niyə? Çünki o vaxt ümumiyyətlə Azərbaycanda fərqli mühit var idi. Çəkinmədən deyə bilərəm ki, indiki kimi o zaman da Azərbaycanın rəhbərliyi səy göstərirdi ki, biz hər şeydə öncül olaq. Bir misal çəkim: Hari Kasparov şahmat üzrə dünya çempionu oldu. Ölkə rəhbərliyi titul qazanması üçün ona hər cür şərait yaratdı. Kasparov da ümidləri doğrultdu. Ancaq bir daha qeyd etmək istəyirəm ki, onun arxasında Azərbaycan dayanmışdı. Göstərilən qayğı haqda hər kəs bilir. Sovet dövründə ənənə vardı, ilk 2 yer bəlli idi, savaş 3-cü yer üçün gedirdi. Hətta biz 1-ci yerə layiq olan vaxtlarda da bizə o yeri verməzdilər. Sadə bir fakt: müharibə dövründə həm də Bakının nefti olmasaydı, SSRİ-nin mövcudluğu böyük sual altında idi. Amma bizim Bakı qəhrəman şəhəri adı daşıyan şəhərlərdən o ada daha çox layiq idi.
- O zamanlar xanımların stadiona getməsinə pis baxırdılar. Bu gün necədir münasibət?
- Yox, qızım, əksinə. Qadın seçimində azad idi. O, ayrı məsələ ki, ailə qaydalarına görə qadınların belə yarışlarda mütəmadi iştirak imkanı yox idi. Ancaq onlar stadionlarda çəkinmədən kişilərlə bərabər otura bilərdilər. Bir də ki, qadınların özlərini məhz futboldan bir tamaşaçı kimi uzaqlaşdıran - azarkeş kişilərin emosiya altında qışqırdıqları cümlələr idi. O dövrdə bu vaxtların biabırçılığı yox idi. Şəxsi münasibətlərdə, ailələrdə hansısa ailə üzvü tərəfindən fərq hiss olunur. İndi çox hallarda kişilər özünü Allahsız hiss edirlər, "sən mənim süpürgəmsən”, "qadın nədir, iş nədir” və s. deyirlər. Mənim aləmimdə və ünsiyyətdə olduğum ailələrdə nə o vaxt, nə də bu vaxt elə şey yoxdur. Qadına qayğı, sayqı var. O dövrdə din öz yerində idi, din siyasət deyildi. Sovet quruluşu ömründə imkan verməzdi ki, din siyasətə qarışsın. Millət dinin mahiyyətini saxlaya bilirdi və əsl dinin mənasını düz başa düşürdü. Flora xanım isə rus dilində danışa-danışa aşuralarda və digər belə mərasimlərdə iştirak edirdi. El içində yas mərasimində ənənəyə çevrilmiş diz vurmağı ilk dəfə Şuşada babamın yas mərasimində etdim. Dizə vurmağı Əminə xanım Yusifqızının anasının yasında öyrəndim. Yəni, görürdüm, götürürdüm. Ümumiyyətlə, dinimizə aid sağlam ənənələrə yiyə durmağa can atmışam. İndi dində olan şəffaflığı o qədər özbaşınalıqla əvəz ediblər ki, insanlar çaşıb qalıb. Gördüklərimə içimdə üsyan var. Bir ölkəni yıxma siyasətini dinin əli ilə edib, insanları zombiləşdirirlər və bu vəhşiliklərin müqabilində vətəni, milləti yenə də öz maddi xeyirlərinə qurban verərək, pula satırlar. Bu yaxınlarda bir xəbər yayıldı: hansısa təriqət 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qadağa qoyulmasını tələb edir. O dövrdə elə şey, ümumiyyətlə, yox idi, heç kimin ağlına da gəlməzdi. O dövrdə ölkələr arasında siyasi çəkişmələr vardı, boykot hadisələri də olurdu, terrorlar isə nadir hallarda. Məsələn, İsrailin komandasını məhv etmişdilər. İndi hansısa ölkənin ölkəyə boykotu ola bilər və var. Ancaq din, təriqət buna qarışsın, şantaj etsin və qoymasın - bu, rəzillikdir.

- Sizin stadiondan izlədiyiniz oyun olub?
- Yox. Amma getməyə maneçilik də törədilməyib. Mənim üçün heç nədə qadağa olmayıb. Özümün də ağlıma gəlmir ki, stadiona getmək ayıbdır.
- Dünya çempionatının finalında Almaniya və Argentina yığmaları qarşılaşacaq. Hansının çempion olmasını istərdiniz?
- Bu, onların mənim ölkəmə münasibətindən asılıdır. Onların bəşəri maraqları var. Amma istərdim ki, almanlar məyus olmasınlar.
- Boş səhnə qarşısında çıxış etmisiniz?
- Xeyr, olmayıb.
- Təsəvvür edin ki, peşəkar futbolçular boş tribuna qarşısında çıxış edirlər. Bu zaman Siz peşəkar müğənni kimi "mən futbola gedirəm” deyə anons edərsiniz?
- Boş tribuna qarşısında oyun ola bilər, amma mən inanmıram ki, ölkənin yarısı televizorun qarşısında həmin oyuna azarkeşlik etməsin. Belə münasibət Flora xanıma o kəsin münasibəti llə ölçülməməlidir, "Flora xanım getdi, mən də gedim” deyilməməlidir. Mən harada ola bilərdim? Xeyriyyə aksiyası olanda məni çağırırlar, Flora xanım bir töhfə gətirdikdə, 80 töhfə gəlir. Amma idman aləmində nə qədər düzgündür ki, oyuna görə yox, mənə görə stadiona gəlsinlər? Bunu istəməzdim.
- Ancaq beynəlxalq aləmdə belə bir praktika var...
- Bir şeyi unudursunuz ki, xaricdə hansısa məşhur şəxs hər bir müsahibə, açıqlama, şəxsi iştiraka və lojada oturub oyunu izlədiyinə görə böyük məbləğdə pul alır, hesabına milyonlar köçürülür. Axı bu, biznesdir, reklam münasibətidir. Bizim sistem isə bu münasibətlər üzərində qurulmamışdı, indi də qurulmur. Balıqları yemə cəlb edən tərzdə fanatları da Flora xanım vasitəsilə stadiona gətirməyin əleyhinəyəm. Mən balıq yemi olmaq istəmirəm.
- Ölkələrin dünya ictimaiyyətində tanınması baxımından futbol yaxşı ünsürdür. Bu gün Kosta Rika, Honduras, Bosniya və Herseqovina kimi həm əhali nisbəti, həm də ölkə iqtisadiyyatı baxımından Azərbaycandan çox aşağıda olan ölkələr çempionata qatıla bildilər. Sizcə, Azərbaycan niyə vəsiqə qazana bilmədi?
- Dəqiqliyi ilə bilmirəm. Düşünürəm ki, bu, mənim ölkəmə olan qeyri-obyektiv münasibətdir. Söhbət Azərbaycana olan münasibətdən gedir. Baxın, Bosniya və Herseqovina müsəlman ölkəsidir. Artıq Yuqoslaviya kimi nəhəng bir ölkə parçalanandan sonra nə oldu? Ondan sonra qlobal bir şeyi əllərindən alıb yetim payı verdilər. Bu, bilirsiniz nəyə bənzəyir? Ana yemək paylayarkən, hamıya verir, öz övladına yemək vermir. Soruşurlar ki, ona niyə vermirsən, deyir ki, hərəniz bir qaşıq versəniz, bəsidir. Hərənin bir qaşığı digərlərindən çox edir. Ancaq mahiyyəti nədir? Yenə yetim payıdır. Bu, diplomatiyadır, taktiki cəhətdən çox geniş anlamdır. Müsəlman dünyasının nailiyyətini, mədəniyyətini yox eləmək üçün ölkəni parçalamağa çalışırlar. Bu, strategiyadır. Qəddafinin vəsiyyətini oxudum və onu daha da başa düşdüm. O, sırf öz ölkəsini, millətini, xalqın rifahını düşünürdü və ölkəsi üçün yaşayırdı, milləti üçün də şəhid oldu. Demək istəyirəm ki, Qərb ölkələri bu fərqdən qorxub, hətta müqayisələri də aradan götürmək istəyirlər. "Biz çempionata qatıla bilmirik” deməyin. Biz elə bir ölkəyik ki, düşmənimiz bir deyil, onlarladır. Elə başlayırıq məzəmmət etməyə, nədənsə narazı olmağa, "gərək elə olaydı, belə olaydı” deyirik. Bilirik və bacararıq, sadəcə, düşmənçilik etməsinlər. Müharibə dövründə olsa da, biz çox şey əldə etmişik. İdmana üstünlük verilir, ancaq ona görə yox ki, bu, zərurətdir, buna sevgi var. Bu, dünya anlamında həm də siyasətdir. Cüdoçumuz Elnur Məmmədli 6 il öncə olimpiadada rəqibini 13 saniyəyə məğlub etdi. Uduzmuş cüdoçu bundan sonra bir müddət özünə gələ bilmədiyini deyirdi. Deməli, o qədər gözlənilməz oldu ki, bədbəxt heç ayağa qalxa bilmədi. Müharibə dövründə idman savaşın çox önəmli qolu olub. Bu gün hər şey həm də idman üçündür, idmanın qələbəsinə maddi zəmin yaranır.

- Sizin voleybol matçını tribunadan izləməyinizin şahidi olmuşuq…
- Bəli, Faiq Qarayev 12 il öncə məni "Azərreyl”in Top Komanda Kubokundakı həlledici oyunlarına dəvət etmişdi. İzlədim, çox böyük zövq aldım. Çünki Faiq müəllimin komandası kuboku qazandı, Azərbaycanı uğurla təmsil etdi. İndiki fəailiyyətlərindən xəbərim yoxdur. Daha sonra başqa tədbirlərinə də dəvət etmişdilər.
- Sənətlə idmanı müqayisə etsək, hansı daha çox inkişaf edib?
- Əlbəttə, idman. Söz ola bilməz. Sənətdə biz özümüz-özümüzü yaradırıq. Sənətin üzləri çox rəngarəngdir, spesifikdir. İdmanın bir tərəfi var və tələbata uyğun o qayğı bitmir. İdmanda sağlam şou da var, biznes də. Sənətdəki şou-biznes isə sağlam mühit deyil. Sponsor axtarışında olan müğənnilərin istəməsələr belə, özlərini çılpaq, açıq-saçıq qələmə vermələri insanları onlardan uzaqlaşdırır, üz döndərdir. Daxildə nə olursa-olsun, idmanın bir intiqası çölə çıxmır, mübarizəsi və ya mübahisəsi öz aralarında olur. Onlar bu birliyi və təhlükəsizliyi qoruya bilirlər. Öz aralarında olan münasibətləri gizlədə bilirlər. Bizimkilər isə heç olmayan bir şeyi dillərinə gətirir, şişirdirlər. Amma o münasibətlərin insanlar tərəfindən necə qarşılanmasının, necə qiymətləndirilməsinin fərqinə varmırlar. Abırsızlığa əl atmaq, cinsini yaddan çıxartmaq, yadda qalmaq naminə pis hərəkətlərə əl atıb bilərəkdən bunu qabartmaq millətə pis təsir edir.
Sevinc XANQIZI

