"Azərbaycan”
qəzeti futbol üzrə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran
"Neftçi” haqda yazı dərc edib. Sportnet.az Elçin Cəfərovun qələmə aldığı "Özlərinə deyil, möcüzəyə ümid
bəsləyirdilər” adlı məqaləni olduğu kimi
təqdim edir:
İki
il əvvəl UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri
sevindirən "Neftçi" yenidən bu uğuru təkrarlamaq ərəfəsindəydi.
Qarşılaşma, eyni zamanda, paytaxt təmsilçimizin yubileyi - 50-ci matçı idi. Bu
əlamətdar gündə hamı "Neftçi"dən yalnız qələbə gözləyirdi.
Ot
örtüyü bərbad vəziyyətdə olduğundan Tofiq Bəhramov adına Respublika Stadionunda
futbolçular ayaqda durmağa belə çətinlik çəkirdilər. Görəsən, belə bir vacib
qarşılaşmanı, özü də komandamıza qələbənin hava-su kimi lazım olduğu bir matçı
bu arenaya salmağın yanlış olduğunu düşünməyiblər? Yaxud ot örtüyünün vəziyyəti
niyə belə acınacaqlıdır?
Oyuna
daha fəal başlayan "Partizan" olsa da, ən real qol epizodunu
"Neftçi" yaratdı. 5-ci dəqiqədə Araz Abdullayevin zərbəsindən sonra
qapıçı sayıq oynadı. Lakin komandamızda müdafiə xəttindəki boşluqlar açıq
şəkildə görünürdü. Bunun fərqində olan "Partizan" həmin boşluqlardan
lazımınca istifadə etdi. Növbəti hücumların birində Şkuletiç topu ustalıqla
qapıya göndərdi.
Qoldan
sonra tədricən irəli atılan komandamız bir neçə dəfə top vurmaq imkanına malik
olsa da, serblərin qapıçısı Lukaşın əla reaksiyası qol sevinci yaşamağa imkan
vermirdi.
Fasilədən
sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev iki əvəzetmə etdi.
Bertuççi və Kanalesin meydançaya daxil olması komandaya əlavə güc qatdı. Bunun
nəticəsində qurulan hücumlardan birində Vobay hesabı bərabərləşdirdi - 1:1.
Görüşün
66-cı dəqiqəsində Kanalesin sevinməsinə növbəti dəfə qapıçı Lukaş imkan
vermədi. Bu azmış kimi, etdiyi kobudluğa görə paytaxt təmsilçisinin hücumçusu
Nforun qırmızı vərəqə alaraq meydançadan qovulması ümidləri minimuma endirdi.
Görüşün son dəqiqəsində isə belqradlıların heyətində Şkuletiç komandasının və
özünün 2-ci qolunu vuraraq "Partizan"a qələbə qazandırdı.
Qoldan
sonra əsəblərinə hakim ola bilməyən Ramos və Kaue də rəqibə (topa yox!) zərbə
endirdiyinə görə meydançadan qovuldular. Ardınca "Partizan"ın
heyətində Şkuletiç də eyni aqibəti yaşadı.
Beləliklə,
"Neftçi"nin tarixində 2-ci dəfə UEFA Avropa Liqasının qrup
mərhələsinə vəsiqə qazanmaq ümidi boşa çıxdı.
***
İdmanda
həmişə qalib gəlmək mümkün deyil! Komandalardan birinin uduzmağı labüddür. Çox
vaxt qalib əsas vaxtda müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələrinə
ehtiyac qalır.
Düzdür,
"Partizan" güclü komandadır. Amma "Neftçi" bu komandaya
zəif olduğuna görə uduzmadı! Elə bil özü udmaq istəmirdi. Bunu səfərdə
keçirilən ilk oyunda da açıq şəkildə görmək olurdu. 4 qol vurmaq və uduzmaq...
Doğrudan da, çox gülməli gəlir. Həm də ona görə ki, 4 qolun 2-sini öz qapısına
vurmuşdu!
Hər
iki görüşdə "Neftçi"nin belə məsul bir oyuna hazır olmadığı, hətta
məşqçinin də öz dəyişikliklərində və oyunçulara verdiyi tapşırıqlarda
futbolçuları həvəsə gətirə bilmədiyi açıq-aşkar görünürdü. Möcüzəyə ümid
bəslənilirdi, nümayiş etdirilən oyuna yox!
Əlbəttə,
məğlubiyyəti təkcə komandanın mövsümə yaxşı hazırlaşmaması ilə əsaslandırmaq
diletantlıq olardı. Bu, hamının gördüyü və görə bildiyi məsələdir. Əsas səbəb
isə daha dərindədir. Bu, ilk növbədə, düzgün olmayan transfer siyasətinin
nəticəsidir. Müdafiə və mərkəz xətlərində zəif nöqtələrin gücləndirilməməsi öz
nəticəsini bu iki qarşılaşmada aşıq-aşkar göstərdi.
Ən
diqqət ediləsi məqamlardan birinin isə "Neftçi" kimi ölkənin ən
titullu komandasının oyuna cəmi 3 yerli və 8 legioner (?!) futbolçu ilə
başlamasıdır. Bundan əvvəlki illərdə heç
bir səbəb göstərilmədən komandadan getmələrinə şərait yaradılan milli
komandamızın aparıcı üzvləri - Ruslan Abışov, Mahir Şükürov, Rəşad Sadiqov kimi təcrübəli futbolçular bu gün faydalı ola
bilməzdilərmi?
Komandaya
istənilən sayda yaxşı legioner futbolçu transfer etmək olar. Necə deyərlər,
puluna minnət... Lakin elə məsələlər var ki, dəyəri maddiyyatla ölçülmür. Vətənpərvərliyi,
nizam-intizam və məsuliyyət hissini isə tərbiyə etmək lazımdır!
"Neftçi"nin
bu məğlubiyyəti göstərdi ki, son üç amil olmayanda kənardan gətirilən
"adlı-sanlı" futbolçuların da köməyi dəymir! Həm də belə
futbolçularda vətənpərvərlik hissi də olmur!
Amma
paytaxt klubu ən azı yayın bu qızmar günündə bilet alaraq stadiona gələn yerli
azarkeşlərin önündə layiqli oyun göstərməyə borclu idi! Lakin "Neftçi" topla yox,
azarkeşlərin əsəbləri ilə oynadı. Bir sözlə, yaradılan şəraitə baxmayaraq,
"Neftçi" geri gedir... Azərbaycan futbolunda "Neftçi"yə
"flaqman" deyilir. Amma srağagünkü iki oyunun özü və nəticəsi də
göstərir ki, flaqman elə "Qarabağ" özüdür.
Yekunda
onu söyləmək olar ki, bu gün "Neftçi" düzgün aparılmayan transfer
siyasətinin, intizamsızlığın, oyunçular arasında intriqaların ucbatından
Avroliqada qrup mərhələsindən kənarda qaldı!
Sonda
daha bir önəmli məqamı diqqətə çatdırmaq istərdik. Bakıdakı qarşılaşmanı
televiziya vasitəsilə izləyən azarkeşlər "Neftçi"nin bərbad oyunu bir
yana qalsın, görüşün şərhçilərinin də naşı şərhləri hesabına əlavə əsəb çəkməli
oldular. Şərhçi deyəndə ilk olaraq yada futbol düşür və şərhçilərə də qiymət
daha çox futbol şərhlərinə görə verilir. Bu səbəbdən nümunələrin futboldan
gətirilməsi təbii qarşılanmalıdır. Ən çox narahatlıq doğuran məsələ
şərhçilərimizin peşəsinin vurğunu olmamasıdır. Və bir də Azərbaycan dilini zəif
bilmələridir. Təəssüflər olsun ki, "Neftçi"-"Partizan"
matçını şərh edənlər tamaşaçıları çaşdıran ziddiyyətli fikirlər səsləndirməklə,
davamlı olaraq təkrarçılığa yol verməklə tənqid ünvanına çevrildilər.
Qeyd
edək ki, "Azərbaycan” qəzeti Milli Məclisin rəsmi orqanıdır.