Telekanallarımızın növbə ilə bayramdan-bayrama "raskrutka" etdikləri "Bəyin oğurlanması"nda bir epizod var. Deməli, "kinoçıxardanlar" kolxoz sədri Hidayət müəllimlə məzələnmək istəyirlər. Deyirlər ki, bəs, vəziyyət xarabdır, heç kim oynamır. Bunu eşidən Hidayət müəllim "Bu saat oynayarlar" deyə ən yüksək kürsüyə çıxır. "Niyə oynamırsınız?" sualı ilə camaata müraciət edir. Birinin yerdən "Necə oynayaq? Səs o yandan gəlir" cavabı kolxoz sədrini lap özündən çıxarır. O da "Ordan eşit, burdan oyna" tələbi və "xalqımızın toy kimi gözəl adəti" ilə hamını oynadır.
Bax, indi belə vəziyyət yaranıb. Futbol üzrə Avropa çempionatı kimi nüfuzlu yarışın 4 oyununa, o cümlədən, 1/4 final matçına bu növdə ciddi uğuru olmayan başqa ölkə yiyələnsəydi, orada şadyanalıq olardı. Hətta sevinclərindən oynardılar, "kinoçıxardanlar" da bütün günü onları çəkərdilər. Amma bizdə nə sevinən var, nə oynayan, nə oynadan, nə də çəkən.
İki ay öncə AFFA-da Milli Mətbuat günü ilə bağlı tədbir keçirilirdi. Bütün idman mətbuatı orda idi. Hamı ayaq üstə baş katib Elxan Məmmədovun uzun-uzun çıxışını izlədi. Məmmədov elə açıqlamalar verdi ki, onları yazıb qurtarmaq üçün dəridən-qabıqdan çıxdıq. Axırda da "Biz AVRO-2020-ni dəstəkləyirik" pankartı ilə şəkil çəkdirdik. Sonradan da bir vətəndaş kimi əlimizdən gələn dəstəyi verdik ki, Bakının belə mötəbər yarışa namizədliyi ən azı ölkə daxilində təbliğ olunsun. Hətta saytımızda təmənnasız banner də yerləşdirdik.
Xoş sonluqdan isə hamının xəbəri oldu. "Qarabağ"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqası matçında 30 min tamaşaçı mərkəzi arenada dalğalanan nəhəng bayraq altında birləşmişdi. Amma ertəsi gün İsveçrədən xoş soraq alan kimi bir nəfər də heç yerə axışmadı. Onlar heç "Qarabağ"ın cəmi 3 gün sonra elə eyni arenada "Simurq"la keçirdiyi çempionat matçını da izləmədilər. "Qarabağ" üçün sinov gedənlər, "Qarabağ"ı "xalq komandası" adlandıranlar yollarını Respublika stadionundan salmadılar, Bakının qələbəsi münasibətilə şüarlar səsləndirmədilər. Çal-çağır olmadı, oynamadılar...
Heç "Qarabağ"ın, "Neftçi"nin, "Qəbələ"nin və digər klublarımızın futbolçuları da ötən həftəsonu düz-əməlli oynamadılar. Bircə "İnter" yarımcan "Bakı"ya 7 qol vuraraq, azsaylı tərəfdarlarını sevindirdi. Amma yenə də çal-çağır olmadı, oynamadılar.
Bakının qələbəsi münasibətilə mətbuat konfransı da keçirilmədi. AFFA-nın qalib "11-liy"ini hava limanında qarşılayan olmadı, milli geyimli oğlan-qızlarımız çalğı alətlərinin xoş sədaları altında qol götürüb oynamadılar, telekanalların kameraları üst-üstə çıxaraq, çəkiliş aparmadılar.
Bəlkə də 6 il sonra baş tutacaq tədbirə indidən sevinməyin tez olduğunu, "6 ilə kim öldü, kim qaldı" deyə düşündülər. "Sevinməkdənsə, elə edək ki, həmin çempionata vəsiqə qazanmağa qadir milli komanda formalaşdıraq" düşüncəsi onlara hakim kəsildi.
Nə imiş belə biganəliyin səbəbi? Doğrudanmı Bakının Avropanın 13 aparıcı şəhəri sırasına düşməsi, Münhen, Roma və Sankt Peterburq kimi şəhərlərlə birgə 1/4 finala ev sahibliyi edəcəyi, səsvermədə yalnız Münhendən, özü də cəmi 1 səs geri qalması adi bir məsələdir? Bunlar təsadüfi deyil. Bunlar bəlkə də indi təsəvvürə gəlməz, sonradan böyük hadisə olduğunu anlayacağımız bir şeylərdir.
"Oynamırlar?" "Nə etməli?" Bəlkə "Bəyi oğurlayaq?" "Niyə oynamırsınız?"