
Zarafat deyil, AVRO-2020-nin oyunları Azərbaycanda da keçiriləcək. Bu
hüququ alan 13 avropa ölkəsindən biri də bizim ölkədir. Şübhəsiz ki, 20-25 ildir
müstəqil olan ölkə üçün bu böyük uğurdur. Amma cəmiyyətdə buna elə də ciddi
reaksiya görünmür.
Görəsən, səbəb nədir: İnsanlar bunu başa düşmürlər, Cəmiyyət hazır deyil, yoxsa
səviyyəmiz aşağı düşüb? 20 il əvvəlin insanları bu hadisəyə çox sevinərdilər. Nəinki sevinərdilər, hətta bayram edərdilər. Amma göründüyü kimi, indi bu, heç kimin
vecinə deyil.
Bəs səbəb nədir?
Belə qənaətə gəlmək olar ki, səbəblərdən biri dünyanın çox maddiləşməsi ilə bağlıdır. Bakının uğuru isə daha çox mənəvi əhəmiyyətə malikdir. Nə qədər inkar etməyə çalışsaq da, əksəriyyət üçün mənəvi yüksəliş maddi təminatdan sonra gəlir. Əvvəlcə
insan özünü maddi cəhətdən təmin etməli, sonra mənəviyyat barədə düşünməlidir.
Başqa sözlə, qarnı tox olmalıdır ki, beyni ilə fikirləşə bilsin. Qarınsa beyindən
aşağıdadır. Bünövrə də məhz aşağıdan başlayır. İnsan qarın tox olandan sonra mənəvi
məsələləri düşünə bilər.
Düzdür, Azərbaycan insanı o qədər də pis yaşamır.
Sadəcə cəmiyyətimiz maddiləşib. İnsanlar arasında maddi yüksəliş uğrunda gedən
rəqabət, maddi cəhətdən birinin digərinə çatmaq ehtirası bu kimi mənəvi
məsələləri demək olar ki, "əridib” yox edib.
Digər səbəb isə ölkəmizdə futbolun kifayət qədər inkişaf etməməsidir. Əhalinin futbol savadı elə də yüksək deyil ki, Avropa çempionatının final mərhələsinin nə demək olduğunu anlasın. Bu da elə cəmiyyətimizin ifrat maddiləşməsi ilə əlaqədardır. Sadə dildə desək, insan cibinə xeyir gəlməyən işlə maraqlanmır. Yəni, futbol mövzusu onun cibinə xeyir gətirmədiyindən, bu məsələ diqqətindən kənaarda qalır. Hazırda cəmiyyətimizin futbolla maraqlanan kəsiminin böyük əksəriyyəti bu marağı bukmekerə pul yatırdığına görə göstərir. Kimsə səmimi şəkildə futbola azarkeşlik edirsə, bu, bir çoxunda təəccübə səbəb olur, "ordan sənin cibinə bir şey girir ki, belə maraqlanırsan?” sualını tez-tez eşidir.
Bu səbəbdən, AVRO-2020-nin bizdə keçirilməsinə bu cür reaksiyanı hardasa
başa düşmək, hətta normal da qəbul etmək olar. Amma buna
sevinməliyik, yoxsa yox? Yəni sevinməliyik ki, insanlarımız praqmatikləşib və
yalnız işlərini düşünürlər (bu isə dövlətə xeyirdir, işləyən adam həm özü yaxşı
yaşayır, həm də dövlətə vergi verməklə ölkəsinin gücün artırır), yoxsa
təəssüflənməliyik ki, insanlar mənəvi hisslərdən bu qədər uzaq düşüblər?
Şekspir demişkən: "Əsas sual budur”
RAQİB