Ülvi VÜQARLI
"Qarabağ” Premyer Liqanın bitiminə iki tur qalmış Azərbaycan çempionu
oldu. Amma Ağdam komandası çempionluğu boş əllə qeyd etdi. Yəni kuboku başları
üzərinə qaldırmadılar.
- Niyə qaldırmadılar?
- Çünki kubok verilməmişdi.
- Niyə verilməmişdi?
- Belə başa düşmək olar ki,
çempionat bitmədiyinə görə.
- Nə olsun çempionat bitməyib,
çempion ki, məlumdur. Məgər həmin kuboku həmin çempionluq rəsmiləşən oyundan
sonra dərhal vermək olmazdı?
- ...
Razılaşaq ki, hər şey isti-isti olduqda maraqlı, yaxşı alınır. Yoxsa
iki həftə keçib, ehtiraslar soyuyandan sonra kuboku ələ götürməyin nə ləzzəti
olar ki? Hər şey bilinəndən sonra yenidən çığır-bağırla kuboku baş üzərinə
qaldırmaq süni görünməzmi?
Daha bir sual yaranır, bəlkə "Qarabağ” "İnter”lə oyunda çempion olmurdu? Çempion olmazdı qaytarıb aparardılar, növbəti oyunda yenidən gətirərdilər. PFL-in işinin adı nədir? Məsələn, Avropanın bir çox ölkələrində belə edirlər. Liderin çempion ola biləcəyinin mümkünlüyü bilindiyi andan qalibə verilməli olan kubok və ya hər hansı priz həmin liderin oyunlarına aparılır və çempionluğ rəsmiləşdiyi oyunda kapitana təqdim olunur.
Bundesliqanın 1999/2000 mövsümündə sona bir tur qalmış Leverkuzen "Bayer”i "Bavariya”nı üç xal qabaqlayırdı və sonuncu turda çempionatın debütantı olan zəif "Unterhahinq”in qonağı olacaqdı. Leverkuzenlilərin yalnız məğlub olacağı və "Bavariya”nın "Verder”ə qalib gələcəyi təqdirdə, xallar bərabərləşəcəkdi. Bu halda şəxsi göstəricilərə görə münhenlilər önə keçəcəkdilər. Lakin bu, möcüzə sayılırdı. Çünki "Bayer”in "Unterhahinq”in təmsil etdiyi Münhenin cənubundan xalla qayıdacağına kimsənin şübhəsi yox idi. O cümlədən, Almaniya Futbol İttifaqının rəsmiləri də buna şübhə etmirdilər. Ona görə çempiona təqdim olunmalı olan "Gümüş cam”ı həmin oyuna aparmışdılar ki, matçdan sonra "Bayer”ə təqdim etsinlər. Hər ehtimala qarşı "Bavariya” - "Verder” oyununa da həmin camın dublikatını göndərmişdilər.
İş elə gətirdi ki, "Bayer” məğlub oldu, "Bavariya” isə qalib gələrək, çempion oldu. Bu oyundan sonra onlar çempionluğu boş əllə qeyd etmədilər. Gümüş camın maketini də olsa, qaldırdılar. Bu, təbii ki, Almaniya Futbol İttifaqı rəsmilərinin peşəkarlıqdan doğan uzaqgörənliyi nəticəsində baş verdi. Hətta belə qəliz durumda da onlar vəziyyətdən çıxa bildilər. Təbii ki, sonradan camın əsli çempiona təqdim olundu. Amma həmin anda klubun çempionluğu bayram etməsi üçün lazımi predmetin olması vacib idi ki, bu da stadiona gətirilmişdi.
Amma "Qarabağ”ın çempion olacağı ehtimalı 80-90 faiz olduğu halda, PFL kuboku "İnter”lə oyuna aparmadı. Bu nədir? Təbii ki, qeyri peşəkarlıq. Yuxarıda Almaniya çempionatından gətirdiyim nümunədəki məlumatları və ona bənzər bir çox ideyaları az-çox futbolla maraqlansaydılar, öyrənə bilərdilər. Əgər özün yenilik edə bilmirsənsə, səndən irəlidəkilərin təcrübəsindən yararlanmalısan. Amma görünür, onları "daha ciddi” məsələlər maraqlandırır.
* * *
İndi də belə xəbər yayılıb: "Qarabağ”ın "Xəzər-Lənkəran”la səfər oyununu Bakıya salmaq istəyirlər. Ki, çempion kuboku öz azarkeşləri qarşısında alsın. Gülməli, özü də çox gülməlidir. Bəyəm kuboku Lənkəranda alanda nə olur ki? Ötən mövsüm "Qalatasaray” çempionluq kubokunu "Fənərbaxça”nın meydanında almadımı? Mən deyə bilmərəm ki, Ramin Musayev Lənkərana getməyə qorxur, o səbəbdən, oyunu Bakıya saldırmaq istəyir, klubları qabağa verib ki, gedin razılaşın və mənə məktub göndərin. Ancaq onu bilirəm ki, bu adddım növbəti qeyri-peşəkarlıqdır. Bir komandanin dörd çempionat oyunundan üçünü səfərdə keçirməsi idman prinsiplərinə ziddir.
Xatırlayıram ki, 1980-ci illərin sonunda "Neftçi” SSRİ çempionatında Kiyev "Dinamo”su ilə evdə oynamalı olduğu qarşılaşmanı səfərdə keçirdi. O zaman "Dinamo”nun oyunçularının əksəriyyəti SSRİ yığmasının üzvləri idilər. Yığmanın oyunu, üstəgəl Çempionlar Kubokundakı matçlar üzündən kiyevlilər sıx qrafiklə işləməli olurdular. Bu səbəbdən, uzaq Bakı səfəri onlar üçün vaxt itkisi idi. Digər tərəfdən, həmin oyunun nəticəsi "Neftçi”nin turnir cədvəlindəki vəziyyətinə təsir etmirdi. Bütün bunlara baxmayaraq o vaxt da bu addımı düzgün hesab etmədilər.
Hər halda "Qarabağ” "Neftçı” deyil. Bu səbəbdən, "Xəzər Lənkəran” azarkeşlərinin hər-hansı narazılıq edəcəkləri inandırıcı görünmür. Aydındır ki, "Qarabağ” bizim yaralı yerimizdir və "qaçqın komanda”nın qələbəsi çox az adamı sevindirməz. Amma "Xəzər-Lənkəran” rəhbərliyi bu görüşün Bakıda keçirilməsinə razılıq versə, onların da azarkeşlərdən qorxduqları qənaətinə gəlmək olar. O başqa mövzudur ki, məsələ belə məcraya çempionata cavabdeh şəxslərin ən azı diqqətsizliyi üzündən çatıb. Hətta buna növbəti qeyri-peşəkarlıq da demək olardı. Elə təkcə dünya çempionatı ərəfəsində, mayın 28-nə kubokun finalının salınmasını xatırlatmaq kifayətdir ki, buna əmin olasan. Yaxşı ki, ABŞ millisi yığmamızla həmin gün yoldaşlıq oyunu keçirməyi təklif etdi...
P.S. Bir dəfə milli komandamızın baş məşqçisi Berti Foqts Almaniyadan qayıdar-qayıtmaz mətbuat konfransı keçirirdi. Ondan Azərbaycan çempionatının mərkəzi oyununu izləməməsinin səbəbini soruşdular. Foqts isə "Təəssüf ki, Almaniyada çempionatınızın oyunlarını göstərmirlər” cavabını verdi. İndi də o, Azərbaycan Kubokunun final oyununu gözləmədən yığmamızın əksər futbolçularını ABŞ-a aparır. Görəsən, San-Fransiskoda "Neftçi” – "Qəbələ” matçına baxan olacaq?