“Bizi çox önəmli və gərgin oyun gözləyir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov səfərdə Fransa yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup oyunundan əvvəl mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis rəqibi son illərin ən güclü komandalarından biri kimi dəyərləndirib: "Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır".
Abbasovun fikrincə, ilk gündən futbolçuların məşqə həvəslə yanaşması yaxşı haldır: "Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər. Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Belə böyük oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik”.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.