
Azərbaycanın yeniyetmə badmintonçuları 27 ölkənin təmsil olunduğu “Serbian Youth International – Novi Sad 2025” beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 13 yaşadək yeniyetmə oğlanların şəxsi yarışında “G” qrupunda mübarizə aparan Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərinə qalib gələrək pley-offa yüksəlib.
Bu mərhələdə Türkiyə, Rumıniya və Bolqarıstanı təmsil edən badmintonçuları məğlub edən Ömər Mehdi “Serbian Youth International – Novi Sad 2025” turnirinin qızıl medalını qazanıb.
15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli – Aysel Kazımova tandemi bürünc medal qazanıb. Yeniyetmə badmintonçular yarımfinal mərhələsinə kimi İsrail, Serbiya və Türkiyəni təmsil edən rəqiblərinə qalib gəliblər. Fərəc Kərimli və Aysel Kazımova finala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan badmintonçularına uduzublar.
Eyni kateqoriyada yarışan Ömər Teymurlu - Qəndab Niftalızadə qoşası 1/4 finala kimi irəliləsə də, medalın bir addımlığında Türkiyə badmintonçularına məğlub olub.
13 yaşadək qız badmintonçuların qoşa kateqoriyasında Dəniz Əhmədli - Fatimə İsmayılova yarımfinal uğrunda keçirilən qarşılaşmada serb rəqiblərinə uduzub.
Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.