
“Qarabağ”la oyun “Ayaks” üçün çətin olacaq”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq idman direktoru Con van Loen UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda Ağdam klubu ilə “Ayaks” arasında keçiriləcək oyun barədə danışarkən deyib.
Futbolçu karyerasında Amsterdam təmsilçisinin də formasını geyinmiş funksioner Azərbaycan çempionunun yaxşı komanda olduğunu bildirib: “Əgər “Ayaks” ölkə çempionatının son turunda “Herakles”ə (4:3) qarşı göstərdiyi performansı bu gün də sərgiləsə, rəqibinə məğlub olacaq. “Qarabağ”ın əla, hətta “Ayaks”dan da yaxşı infrastrukturu var”.
Bakının gözəlliyindən də söz açan mütəxəssis burada tarixi abidələrin diqqəti cəlb etdiyini vurğulayıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq “Qarabağ”-“Ayaks” görüşünün start fiti saat 20:45-də səslənəcək.