
2024/2025 futbol mövsümünə Adil Şükürovla başlayıb, Azər Bağırovla bitirən "Kəpəz" yenidən baş məşqçi dəyişikliyi edib. Gəncə klubun təzə rəhbərliyi Adil Şükürovu ikinci dəfə komandanın "sükanı arxası"na gətirib.
Adil Şükürov təyinatı və qarşıya qoyulan hədəflərlə bağlı Sportnet.az-a müsahibə verib:
- Necə oldu ki, yenidən “Kəpəz”ə qayıtmağa razılaşdınız?
- Təklifi heç gözləmirdim. Mənim üçün də xoş surpriz oldu. “Kəpəz” kimi böyük klubda işləmək həmişə xoşdur. Müzakirələr apardıq, rəhbərliklə görüşümüz oldu. Bəzi məsələlərdə bir qədər fikir ayrılığı vardı. Ona görə bu məsələ uzandı. Son olaraq dünən qərarlaşdırdıq ki, birlikdə yeni layihəni davam etdirək.
- Təyinatın bu qədər uzanmasının səbəbi nə idi?
- Müqavilə çərçivəsində olan bəzi məsələlər var idi. Onları müzakirə etdik. Komanda ilə bağlıdır, şəxsi məsələ deyil. Ona görə gecikdi.
- Müqavilə müddəti nə qədərdir?
- Müqavilə 2+1 illikdir. Səbəbi odur ki, biz mübariz, rəqabətədavamlı “Kəpəz” formalaşdırmaq istəyirik. Davamiyyətli olacaq proyekt üzərində işləyirik. Ona görə də müddəti belə nəzərdə tutuldu.
- Ötən mövsüm ”Kəpəz”dən istefa verərkən, sanki incik ayrıldınız...
- Qətiyyən. İnciklik heç vaxt olmayıb. Sadəcə, başqa şeylər düşünmüşdük, tamam fərqli hallarla qaarşılaşdıq. Ona görə də fikirləşdim ki, daha tez ayrılsaq, komandaya xeyir dəyə bilər. Yenə də biz özümüzü fikirləşmədik və “Kəpəz”in xeyri üçün qərar verdik. Özümüzü ikinci plana atdıq. Biz gələndən sonra da hər şey qaydasına düşdü.
- Növbəti mövsüm komandanın transfer işləri sizə həvalə olunub, yoxsa rəhbərliklə bərabər qərar veriləcək?
- Biz komanda qururuqsa, bunu klub rəhbərliyinin təqdim etdiyi futbolçular əsasında edirik. Futbolçu seçiriksə, baş məşqçi olaraq istəmirəm ki, yanlış edək. Klubda idman direktoru var, istədiyimiz futbolçularla əlaqə qurmağı yaxşı olar. Bütün futbolçuların siyahısı onlara təqdim edilir, bizdən soruşulur. Biz də rəy bildirəcəyik ki, hansı futbolçularla qarşıya qoyulacaq məqsədə çata bilərik, hansılarla yox. Ona uyğun da işlər gedəcək.
- “Sarı-göylər” nə vaxtadək Premyer Liqada iddiasız olacaq: Özünüz iddiasız klubda çalışmaqdan hansı motivasiyanı alırsınız?
- Əsas məsələmiz motivasiya ilə bağlıdır. Qeyd edim ki, biz artıq Premyer Liqada qalmaq uğrunda yox, elitada dayanıqlı komanda formalaşdırmaq istəyirik. Onlar keçmişdə qalsın. Premyer Liqada rəqabətədavamlı komanda qurmaq niyyətindəyik. Buna uyğun futbolçular yığıb işlər görəcəyik.
- “Kəpəz” növbəti mövsüm hansı pillə uğrunda mübarizə aparacaq: Hazırki heyətdə dəyişikliklər olacaqmı?
- Ümumilikdə komandada dəyişikliklər barədə danışmaq tezdir. Çünki kimlərin müqaviləsi var, kimlərdə bitir, kimlərdə davam edirsə, bilmirik. Ümumilikdə daha yaxşı və ortabab komanda formalaşdıracağıq. Hədəfimiz turnir cədvəlinin ortalarında yer almaq və avrokuboklar uğrunda mübarizəyə qoşulmaqdır.
- Ötən mövsüm “Kəpəz”də büdcə az idi, amma artıq sponror gəlib. Adil Şükürov yenə Premyer Liqada ən az maaş alan məşqçi olacaq?
- Biz istəyirik ki, “Kəpəz”də başlanan proyekti davam etdirək. Maliyyə və digər məsələləri düşünmürük. Maaşa heç vaxt fikir vermirəm, bilənlər bilir. Bu gün “Kəpəz” üçün çox şeydən keçməyə hazırıq ki, onu da edirik. Kimin nə qədər maaş aldığını bilmirəm. Kimin qismətində nədirsə, odur.