"Sabah" komandasının rəqibi olan Sloveniya "Tsele"sinin baş məşqçisi Albert Riera Azərbaycana ikinci dəfə səfər edəcək.

 

Sportnet.az xəbər verir ki, ispaniyalının növbəti gəlişi 16 illik aradan sonra baş verəcək.

 

Riera ilk dəfə 9 iyun 2009-cu ildə İspaniya millisinin heyətində Bakıda Azərbaycan yığmasına qarşı yoldaşlıq görüşündə iştirak edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Riera 67-ci dəqiqədə 4-cü qolun müəllifi olub.

 

Həmin qarşılaşmadan sonra İspaniya millisi CAR-da keçirilən FIFA Konfederasiyalar Kubokuna yollanıb və turniri bürünc medalla başa vurub. Bu, Rieranın İspaniya millisində yeganə beynəlxalq nailiyyəti olub.

Sonradan o, "Qalatasaray"ın heyətində 2 dəfə Türkiyə, "Olimpiakos"da isə Yunanıstan çempionu olub.

 

Rieranın Azərbaycana ikinci gəlişi baş məşqçi qismində gerçəkləşəcək. 43 yaşlı mütəxəssis iyulun 10-da "Bank Respublika Arena"da "Sabah"a qarşı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Tsele" komandasının sükanı arxasında olacaq. Baş məşqçidən fərqli olaraq, onun komandası Azərbaycana ilk dəfə səfər edəcək.

 

Qeyd edək ki, iki komanda arasında cavab görüşü iyulun 17-də keçiriləcək.