
"Şirvan" futbol klubunun rəhbərliyi 2024/25 mövsümünün başa çatması ilə bağlı komanda heyəti haqqında mühüm qərar qəbul edib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, mövsüm boyu komandanın şərəfini qoruyan bütün futbolçular və texniki heyətlə yollar rəsmən ayrılıb.
Komandaya bağlı olan heç bir şəxs bu tarixdən etibarən klubla müqavilə öhdəliyi daşımır və hər kəs sərbəst hesab olunur.
Bu qərar strateji yenilənmə və növbəti mövsüm üçün klubun gələcəyini daha sistemli şəkildə planlamaq məqsədi daşıyır. Rəhbərlik xüsusilə 2024/25 mövsümündə çətin və şərəfli yolda – Region Liqasında ikincilik qazanaraq pley-off mərhələsində qalib olaraq II Liqaya yüksəlməkdə rol oynayan bütün oyunçulara və texniki heyətə təşəkkürünü bildirib.
Eyni zamanda rəhbərlik qeyd edir ki, yeni mövsümdə əməkdaşlığa davam edilməsi istənilən bəzi oyunçularla fərdi şəkildə ünsiyyət qurulacaq, danışıqlar aparılacaq və yeni təkliflər irəli sürüləcək.