1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbol bayramınız mübarək!!!
Başlayır. Avropanın 4 ildir gözlədiyi futbol bayramının startına hazırlaşırıq. Buna isə 1 sutkadan da az vaxt qaldı. Bu gündən etibarən düz 1 ay bütün diqqətimiz Fransanın yaşıl meydanlarına yönələcək. Bəli, düz eşitdiniz, düz 1 ay. Adətən dünya çempionatı bu müddəti əhatə etsə də, bu dəfə 30-31 gün Avropa çempionatının intizarında olacağıq. Bu da 1960-cı ildən keçirilən turnirin tarixində ən uzunmüddətli yarış olacaq.
Ümumiyyətlə, AVRO-2016 ilklər baıxmından zəngindir. Əvvəla, 56 yaşı olan qitə birinciliyində ilk dəfə ən çox - 16 yox, artıq 24 yığma mübarizə aparacaq. Oyunların sayının çox, turnirin uzunmüddətli olmasının əsas səbəbi məhz budur. Nəticədə qruplardan 2 komanda yox, 3-cü yeri tutan yığmalar da pley-offa vəsiqə qazanacaq. Deməli, qruplarda mübarizə sonadək gedəcək və hər oyun həlledici ola bilər.
İştirakçıların sayının çox olması Avropanın bir sıra ortabab milli komandalarına final mərhələsində özlərini göstərmək imkanı qazandırır. Bunlar arasında Şimali İrlandiya, Uels, İslandiya kimi debütant yığmalar var. 1992-ci ildən başlayaraq "meymun ili"ndə keçirilən Avropa çempionatlarında bir qayda olaraq sürpriz qaliblər olur. Tarixə nəzər salaq, 1992-ci ildə İsveçdə keçirilən yarışda son anda Yuqovlaviyanın yerinə qatılan Danimarka tarix yazdı. Bundan 12 il sonra Portuqaliyadakı final mərhələsində isə Yunanıstan sürpriz qalibiyyət yaşadı. Tendensiya davam edərsə, bu il də gözlənilməz çempionluğa şahid olacağıq.
Portuqaliyadan sonrakı 2 turnir - 2008 və 2012-ci illərdəki final mərhələsi oyunları 2 ölkədə keçirildi. Əvvəlcə İsveçrə ilə Avstriya, sonra isə Polşa ilə Ukrayna birgə ev sahibi oldular. İndi bu ölkələr Fransada mübarizə aparacaqlar. Göründüyü kimi, Avropa çempionatı 12 ildən sonra yenidən bir ölkədə təşkil olunacaq.
Əlbəttə, hər yarış kimi budəfəki mübarizədə də aşkar favoritlər var. Onlardan Fransa son Avropa çempionluğunu hazırkı baş məşqçisi Didye Deşamın futbolçu vaxtında - 16 il öncə qazanıb. Almaniyanın sonuncu qalibiyyəti 20 il öncə - millimizin sabiq baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında olub. İtaliyanın uğuru uzaq 1968-ci ilə gedib çıxır. İngiltərə və Portuqaliya isə Avropa çempionunun nə olduğunu bilmirlər. Yalnız İspaniyanı fərqləndirmək olar. Əvvəla, son 2 turnirin qalibi məhz bu yığmadır. İkincisi də ispanlar almanlar kimi ən çox Avropa çempionu olanlardır - hərəyə 3 dəfə.
Sayca yubiley - 15-ci olan Avropa çempionatında əsas ümidlərimizin Türkiyəyə bağlı olduğunu desək, yanılmarıq. Fatih Terimin komandası sonuncu qitə birincliyində - 2008-ci ildə olduğu kimi Çexiya, Xorvatiya ilə rəqib olacaq. Həmin vaxt "ay-ulduzlular"ın əzmkar oyunu, qələbə topunu son saniyələrdə vurması yaddaşlardan silinməyib. Son 8 ildə 3 böyük turniri buraxan Türkiyə yığmasının bu dəfə uğurlu çıxış edəcəyinə inamımız böyükdür. Postsovet məkanı təmsiliçiləri olan Rusiya və Ukraynanın çıxışı da diqqətdən kənarda olmayacaq.
Final mərhələsinin iştirakçılarının sayı artanda Azərbaycan milli komandasının düşmək şansının yarandığını zənn etdik. Ancaq bu, elə, düşüncə, xəyal olaraq qaldı. Əvəzində "İlk dəfə Avropa çempionatında Azərbaycanı "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya yığmasının üzvü kimi təmsil edəcək" deyə bilərik.
Bu çempionat növbəti, tam fərqli turnir öncəsi son dayanacaq olacaq. Hər halda, AVRO-2020 1 yox, Avropanın 13 şəhərində keçiriləcək. Onların arasında Bakı da var ki, Olimpiya Stadionumuz 3 qrup matçını və 1/4 final oyununu qəbul edəcək. Meydan sahiblərindən olsaq da, millimiz final mərhələsinə birbaşa vəsiqə qazanmayacaq, ora düşmək üçün yarışacaq. Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar Avropanı səyahət edəcək yarışdan öncə isə Fransada 1 aylıq bayram olacaq.
Bayramınız mübarək, əziz futbolsevərlər!
Mehman SÜLEYMANOV