Kvaratsxeliya Azərbaycan milli çempionatının bombardir legioneri, Adamiya ən yaxın izləyicisidir
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılarını davam etdirir. Üçüncü yazı legionerlərin
indiyədək Azərbaycan milli çempionatında vurduğu ümumi qollarının sayının
hesablanması, əcnəbi bombardirlərin siyahısının tərtibi ilə bağlıdır.
Legionerlərin yarıdan çoxu qol vurub
İkinci yazıda məlumat verdiyimiz kimi, 1992-ci ildən keçirilən Azərbaycan milli çempionatında indiyədək 2756 futbolçu çıxış edib. Onlardan 1780-i yerli futbolçulardırsa, 976-ı milliləşdirilən də daxil olmaqla legionerlərdir. Həmin 976 əcnəbidən 528-i qol vurub. Bu da yarıdan çoxunun, daha dəqiq desək, 54 faiz deməkdir. Düzdür, onu da nəzərə almaq lazımdır ki, həmin 528 qol vuran legionerdən 150-si, yəni 28 faizi cəmi 1 qol vurub. Milli çempionatımızda indiyədək 11461 qol vurulub ki, bunlardan 0,05 faizi əcnəbilərin hesabınadır.
Əcnəbi futbolçular çıxış etdikləri Azərbaycan milli çempionatında 3251 qol vurublar. Onlardan ilk olaraq fərqlənən ilk yazımızın qəhrəmanı Mustafa Xeyridir. 1994/95 mövsümündə Bakının "İnşaatçı" klubunda oynamış həmin türkiyəli hücumçu Premyer Liqamızın ilk legioneri olmaqla yanaşı, həm də ilk qol vuran legionerdir. Xeyri 1994-cü ilin noyabrın 6-da Lənkəranın "Xəzər" klubu ilə 1:1 hesabı ilə nəticələnən səfər matçında fərqlənib.
Ən məhsuldar legionerlər braziliyalılardır
Azərbaycan milli çempionatında 65 ölkədən olan legionerler
qol vurub. Bunlar arasında aşkar liderlik braziliyalıların əlindədir. Belə ki, "sambaçılar" ümumilikdə 521 dəfə rəqib qapısına yol tapıblar. Milli çempionatımızda çıxış edən gürcü futbolçuların hesabında 443 qol var. Üçüncü sıradan ukraynalılar gəlir - 237 qol. Onlardan bir qədər az - 209 qol rusiyalı futbolçuların hesabındadır.
Azərbaycan milli çempionatında ən çox fərqlənən legionerlər isə gürcülərdir. Belə ki, bu ölkənin təmsilçisindən 69-na Premyer Liqamızda qol vurmaq nəsib olub. Ümumi qol sayında lider olan braziliyalılar bu siyahıda 2-dir. Bu ölkədən Premyer Liqamızda oynamağa gələn futbolçulardan 63-ü rəqib qapısına yol tapa bilib. Ukraynalı və rusiyalı futbolçular ilk statistik sıralamada olduğu kimi, burada da 3-cü və 4-cüdürlər. Ukraynalı futbolçular 39, rusiyalı oyunçular isə 37 dəfə fərqlənməyə müvəffəq olublar.
Ən azı 25 qol vuran legionerlər
1. Badri Kvaratsxeliya (hücumçu, Gürcüstan) - 71 qol
2. Georgi Adamiya (hücumçu, Gürcüstan) - 61 qol
3. Viktor İqbekoyi (yarımmüdafiəçi, Nigeriya) - 47 qol
4. Branimir Subaşiç (hücumçu, Serbiya) - 42 qol
5. Leandro Qomeş (hücumçu, Braziliya) - 41 qol
6. Junivan Suares (hücumçu, Braziliya) - 40 qol
7. Fernando Peres (hücumçu, Argentina) - 40 qol
8. Reynaldo Silva (hücumçu, Braziliya) - 39 qol
9. Bahodir Nasimov (hücumçu, Özbəkistan) - 38 qol
10. Nikolas Kanales (hücumçu, Çili) - 38 qol
11. Franko Junior Nildo (hücumçu, Braziliya) - 37 qol
12. Yakuba Bamba (hücumçu, Fil Dişi Sahili) - 37 qol
13. Baçana Sxadadze (hücumçu, Gürcüstan) - 36 qol
14. Viktor Kulikov (hücumçu, Ukrayna) - 35 qol
15. Əhməd Ticani (hücumçu, Nigeriya) - 34 qol
16. Anatoli Doroş (hücumçu, Moldova) - 32 qol
17. Flavio Aleks Valensio (Flavinyo, yarımmüdafiəçi, Braziliya) - 31 qol
18. Riçard Almeyda (yarımmüdafiəçi, Braziliya) - 31 qol
19. Valter Quqlemon (hücumçu, Uruqvay) - 30 qol
20. Viktor Mendi (hücumçu, Seneqal) - 29 qol
21. Vladimir Mazyar (hücumçu, Ukrayna) - 29 qol
22. Ruslan Kurbanov (hücumçu, Rusiya) - 28 qol
23. Fabio Luis Ramim (yarımmüdafiəçi, Braziliya) - 27 qol
24. Zohair Benouahi (yarımmüdafiəçi, Mərakeş) - 25 qol
25. Robertas Poşkus (hücumçu, Litva) - 25 qol
26. Draqan Çeran (hücumçu, Serbiya) - 25 qol
Ən çox qol müəlliflərinin gürcü futbolçular olması bombardirlər siyahısında da öz əksini tapır. Təsadüfi deyil ki, nəinki Azərbaycan milli çempionatınının bombardir legioneri, elə onun ən yaxın izləyicisi də bu ölkənin təmsilçisidir. Söhbət lider Badri Kvaratsxeliya ilə 2-ci yerdə gedən Georgi Adamiyadan gedir. Bu 2 gürcü hücumçu ümumilikdə 132 qol vurub. Bu da milli çempionatımızda qol vuran gürcü futbolçuların 30 faizi, demək olar 1/3-i deməkdir. Ən azı 25 dəfə fərqlənən legionerlərin siyahısında bu ölkənin daha bir təmsilçisi - Baçana Tsxadadze də var. "İnter"in baş məşqçisi olmuş Kaxaber Tsxadadzenin oğlu hesabında olan 34 qolla sıralamada ortalarda gedir. Həmin bu qol sayını liderlərin göstəricilərinin üzərinə əlavə etsək, rəqəmin 166 olduğunu görərik. Yəni təkcə bu üçlük həmyerlilərinin Azərbaycan milli çempionatının qol sayında 37 faizi təşkil edir.
Bombardir legionerlərin siyahısında ən çox təmsilçisi olan Braziliyadır - 7. "Sambaçılar" bu göstəricidə aşkar liderdirlər. Çünki onların ən yaxın izləyiciləri olan Gürcüstanın bu 26 futbolçu arasında yuxarıda qeyd etdiyimiz kimi 3 təmsilçisi var. Ukrayna, Serbiya, Nigeriya hərəyə 2, Argentina, Çili, Özbəkistan, Fil Dişi Sahili, Moldova, Uruqvay, Seneqal, Rusiya, Mərakeş və Litva hərəyə 1 futbolçu ilə təmsil olunub.
Siyahıdan göründüyü kimi, liderlər arasında postsovet məkanı təmsilçisi daha çoxdur - 6. Qitələr üzrə liderlik üzrə Avropadadır - 7 (postsovet məkanı + Serbiya). İkinci yerdə 4 ölkəni (Braziliya, Argentina, Çili, Uruqvay) özündə birləşdirən Amerika gəlir. Üçüncü gələn Afikadan da 4 ölkə - Nigeriya, Fil Dişi Sahili, Seneqal, Mərakeş var. Sonuncu olan Asiya isə yalnız Özbəkistanla təmsil olunub.
Fernando Pereslə Anatoli Doroşun özəllikləri
Təbii ki, bombardirlərin çoxu hücumçulardır. Həmin 27 futbolçudan 22-si ön xətt oyunçularıdır. Cəmi 5 nəfər yarımmüdafiəçidir ki, burada da nisbilik var. Məsələn, bombardirlər siyahısında 3-cü olan İqbekoyi ölkəmizdə çıxış etdiyi ilk vaxtlar hücumçu oynasa da, sonradan mərkəz yarımmüdafiəçi mövqeyinə çəkilib. Ancaq Flavio Aleks Valensio, Riçard Almeyda, Fabio Luis Ramim və Zohair Benouahi demək olar həmişə yarımmüdafiədə yer alıblar. Onlardan Flavinyo kimi tanınan braziliyalı futbolçu yarımmüdafiənin sol cinahında, digər 3-ü oyun qurucusu mövqeyində çıxış ediblər.
Bir klubda qol vurmaq üzrə bombardir legioner isə Fernando Peresdir. 36 yaşlı argentinalı hücumçu 40 qolun hamısını "Bakı"da (2004-09-cu illər) vurub. Reynaldo Silva ilə Riçard Almeyda yalnız "Qarabağ"da, Bahodir Nasimov, Nikolas Kanales, Flavinyo "Neftçi"də, Viktor Mendi "Qəbələ"də, Draqan Çeran "Simurq"da fərqlənib.
Ən çox Azərbaycan klubunda qol vurmaq üzrə mütləq rekordçu isə Anatoli Doroşdur. Moldova milli komandasının da şərəfini qorumuş 33 yaşlı hücumçu ölkəmizdə çıxış etdiyi hər 5 klubda - "MKT-Araz" (İmişli), "Standard" (Bakı), "Karvan" (Yevlax), "Olimpik" (Bakı) və "Simurq"da (Zaqatala) qol vura bilib. Maraqlıdır ki, Doroş bu klubların hər birində 1 mövsümdən çox oynamayıb. O, ən çox "Olimpik"də fərqlənməyi bacarıb - 12 qol.
Kvaratsxeliyanin Azərbaycanda futbolçu və məşqçi həyatı
Əcnəbi bombardirlərin siyahısına başçılıq edən Badri Kvaratsxeliya eyni zamanda bu "26-lıq" araısnda ən yaşlısıdır. 1965-ci il təvəllüdlü olan bu keçmiş hücumçunu bizim üçün tam legioner də saymaq düzgün olmazdı. Axı Kvaratsxeliya milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunub, 3 oyunda çıxış edib. O, ölkəmizə yaşlı vaxtında - 32 yaşında gəlib və cəmi 2 klubda oynayıb. Debüt mövsümü (1997/98) "Kəpəz"də olub və çox uğurlu alınıb. Belə ki, Kvaratsxeliya həm mövsümü çempion və ölkə kubokunun sahibi olmaqla "qızıl dubl"la başa vurub, həm də vurduğu 20 qolla komandasının bombardiri olub. Onun sonrakı qolları, sonrakı karyerası "Şəmkir"lə bağlıdır və burada daha uğurlu alınıb. Kvaratsxeliya 1999/00 mövsümündə "Şəmkir"in heyətində vurduğu 16 qolla həmin çempionatın ən sərrast oyunçusu olub.
Kvaratsxeliya karyerasını bitirdiyi ölkəmizdə 7 il top qovub. Hücumçu həmin 1998-2005-ci illərdə 3 çempionluq ("Kəpəz" - 1997/98, "Şəmkir" - 1999/00, 2000/01), 1 kubok ("Kəpəz" - 1997/98) və 2 gümüş medal ("Şəmkir" - 1998/99, 2003/04) qazanıb. Yeri gəlmişkən, Kvaratsxeliyanın məşqçilik karyerası da Azərbaycana bağlı olub. O, Bakının "Standard" klubunda 2008/09 mövsümünün ilk dövrəsində həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi, ikinci dövrəsində baş məşqçi olub. Kvaratsxeliya 2012/13 mövsümündə isə "Qəbələ"də baş məşqçi Ramiz Məmmədovun köməkçisi olub.
Adamiyanın həsrət qaldığı Azərbaycan kuboku
Georgi Adamiya isə ölkəmizdə 2005-2013-cü illərdə çıxış edib. Ancaq Kvaratsxeliyadan fərqli o, 4 klubda - "Neftçi", "Bakı", "Qarabağ" və "İnter"də oynayıb. 35 yaşlı Adamiya 2 dəfə - "Neftçi" (2005) və "Bakı" (2009) Azərbaycan çempinu olsa da, ona heç vaxt ölkə kubokunun qalibi olmaq nəsib olmayıb. Onun mükafat kolleksiyasında milli çempionatımızın gümüş və bürünc medalı da var. Adamiya Azərbaycan karyerasında ilk olaraq hücumçu kimi oynasa da, sonradan orta sahədə qərarlaşıb. Özü də o, yarımmüdafiənin hər yerində - həm cinahlarda, həm də mərkəzdə oynayıb.
7 legioner mövsümün bombardiri olub
Azərbaycan milli çempionatında bombardir legionerlərdən 7-i mövsümün ən sərrast oyunçuları olub. Bunlar Badri Kvartsxeliya, Yakluba Bamba, Valter Quqlemon, Georgi Adamiya, Bahodir Nasimov, Nikolas Kanales və Reynaldo Silvadır. Onlardan 1 mövsümə ən çox qol vuran, 26 dəfə fərqlənən Kanales olub. Ən sərrast 26 əcnəbidən yalnız 3-ü - Reynaldo Silva, Riçard Almeyda və milliləşdirilərək yığmamıza cəlb olunan rusiyalı hücumçu Ruslan Qurbanov karyerasını ölkəmizdə davam etdirir.
Bombardir legionerlərdən mövsümün bombardiri olanlar
1999/00 mövsümü
Badri Kvaratsxeliya ("Şəmkir”) - 16 qol
2005/06 mövsümü
Yakuba Bamba ("Karvan”) - 16 qol
2008/09 mövsümü
Valter Quqlemon ("İnter”) - 17 qol
2010/11 mövsümü
Georgi Adamiya ("Qarabağ”) - 18 qol
2011/12 mövsümü
Bahodir Nasimov ("Neftçi”) - 16 qol
2012/13 mövsümü
Nikolas Kanales ("Neftçi”) - 26 qol
2013/14 mövsümü
Reynaldo Silva ("Qarabağ”) - 22 qol
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib