
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində silsilə yazılarını davam etdirir. Altıncı yazı "Qurban Qurbanovun hegemonluq etdiyi bombardirlər siyahısı" mövzusundadır.
53 futbolçu ilə 160 qol
Millimiz 25 illik tarixində keçirdiyi 227 oyunda 160 qol vurub. Buna 53 futbolçu imza atıb ki, onlardan sonuncusu müdafiəçi Maksim Medvedevdir. "Qarabağ"ın 28 yaşlı oyunçusu cari seçmə mərhələdə - 2016-cı ilin oktyabrın 8-də Norveç yığması ilə Bakı Olimpiya Stadionunda keçirilən matçın 11-ci dəqiqəsindən vurduğu qolla millimizin son qələbəsinin (1:0) əsas memarıdır. Həmin 160 qoldan qoldan 3-ü rəqiblərin avtoqoludur.
Azərbaycan yığmasının ilk qolunun müəllifi olan Nazim Süleymanovla əsasə qoyulan bombardirlər siyahısına artıq uzun illərdir "QArabağ"ın baş məşqçisi Qurban Qurbanov başçılıq edir. "Qarabağ”ın baş məşqçisi millidə keçirdiyi 67 oyunda 14 qol vurub. Q.Qurbanov yığmanın ilk oyununda – 1992-ci ilin sentyabrın 17-də Gürcüstan yığmasına səfərdə 3:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə debüt edib. Özü də o, 46-cı dəqiqədə böyük qardaşı Musa Qurbanovun yerinə meydana daxil olub. Q.Qurbanov qol hesabını milinin 5-ci matçında açıb. Bu, 1993-cü ilin iyunun 8-də İranın paytaxtı Tehranda "EKO Kuboku” turnirində Qazaxıstanla 3:3 hesabı ilə nəticələnən qarşılaşmada olub. Məşhur "Azadi” stadionunda oyunun 10-cu dəqiqəsində hesabı açan hücumçu 25-ci dəqiqədə millimizi yenidən hesabda irəli çıxarıb – 2:1. Bu, həmin vaxt 21 yaşı olan futbolçunun millidə həm ilk qolu, həm də ilk dublu olub. Yeri gəlmişkən, Azərbaycan yığmasında ilk qolla yanaşı, ilk dubl müəllifi də N.Süleymanovdur. O da gənc həmkarı kimi bu göstəriciyə bir oyunda – Gürcüstanla debüt matçımızda imza atıb.
Dünya çempionatının sçemə mərhələsində fərqlənə bilməyən bombardir
Ümumiyyətlə, Q.Qurbanovun vurduğu qollardan çoxu – 9-u qeyri-rəsmi oyunlara təsadüf edir. Qalan 5 qol isə Avropa çempionatının seçmə mərhələsində olub. Göründüyü kimi, hücumçu iştirakçısı olduğu dünya çempionatının seçmə mərhələlərində fərqlənə bilməyib ki, bu da maraqlı təsadüfdür.
Q.Qurbanov ilk seçmə mərhələ olan AVRO-1996-da iştirak etsə də, rəsmi matçlarda qol hesabını növbəti qitə birinciliyində açıb. Bu, millimizin tarixində ən üzücü məğlubiyyətlərdən olan - AVRO-2000-nin seçmə mərhələsində 1999-cu ilin oktyabrın 14-də Lixtenşteynə səfərdə 1:2 hesabı ilə uduzduğumuz matçdır. Q.Qurbanov əvəzolunmadan keçirdiyi Vadutsdakı həmin oyunun 59-cu dəqiqəsində son nöqtəni qoyub. Ona həmin rəqibə Bakıda 4:0 hesabı ilə qalib gəldiyimiz matçda da qol vurmaq nəsib olub.
Maraqlıdır ki, Q.Qurbanov sonrakı Avropa çempionatının seçmə mərhələsində də - AVRO-2004-də də eyni rəqibə qollar vurub. Bunlar Serbiya və Çernoqoriya yığması ilə 2003-cü ilin fevralın 12-də və iyunun 11-də keçirilən ardıcıl matçlardır. Podroqritsadakı qarşılaşmada 57-ci və 78-ci dəqiqələrdə dubl etməklə millimizi məğlubiyyətdən xilas edən hücumçu Bakıda "Şəfa” stadionunda 88-ci dəqiqədə penatidən qol vurub. Yənin həmin vaxt serblərin kabusuna çevrilən, onların baş məşqçisi, əfsanəvi Deyan Stankoviçi istefa verməyə sövq eədn Q.Qurbanovun seçmə mərhələlərdə qollarını yalnız 2 rəqibə vurub. Özü də futbolçu bizim üçün tarixi matçlarda öz sözünü deyib. Çünki serblərlə səfər qarşılaşması millimizin seçmə mərhələdə rəqib meydanında ilk dəfə xal qazandığı oyundursa, Lixteyşteyn üzərində Tofiq Bəhrəmav adına Respublika stadionunda qələbə rəsmi oyunlarda yeganə, ümumiyyətlə isə ən böyükhesablı qələbəmizdir.
Q.Qurbanovun millidə ilk olduğu kimi, son qolu da yoldaşlıq görüşündə olub. Bu, 2004-cü ilin iyunun 6-da Latviya yığması ilə Riqada 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşüdür. Hücumçu matçın 75-ci dəqiqəsində penaltidən hesabı 2:1 millimizin xeyrinə edib. Q.Qurbanovun millidə son oyunu isə fərqlənə bilmədiyi dünya çempionatının sçemə mərhələsinə - DÇ-2006-ya təsadüf edir. Bu, 2005-ci ilin sentyabrın 7-də Avstriya yığması ilə Tofiq Bəhramov adna Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən matçdır. O, 90-ci dəqiqədə Samir Əliyevlə əvəzlənib.
10 yığmanın qapısına yol tapan erkən qol müəllifi
Millimizdə 13 illik karyerası olan Q.Qurbanov üçün ən uğurlu dönəm son 2 il - 2003-cü və 2000-cü illər olub ki, hücumçu hər birində 3 dəfə fərqlənib. Bunlar 2003-cü ildə rəsmi, 2004-cü ildə yoldaşlıq görüşlərində olub. Futbolçu 14 qolunu 10 rəqibə vurub. Bunlar Qazaxıstan, Farer adaları, Belarus, Türkmənistan, Lİxtenşteyn, Estoniya, Serbiya və Çernoqoriya, Moldova, Özbəkitsan və Latviya yığmalarıdır. Göründüyü kimi, Q.Qurbanov daha çox - 7 dəfə avropalıları, 3 dəfə asiyalıları, özü də Orta Asiya Respublikalarını məyus edib. Düzdür, Qazaxıstan artıq xeyli müddətdir UEFA-nın üzvü olaraq Avropa seçmə zonasında çıxış edir.
Q.Qurbanov penaltidən serbləri, latviyalıları məyus edib. O, millimizin ən erkən qol müəlliflərindən biridir. Bu, 1999-cu ilin martın 6-da Estoniya yığması ilə Kiprin Larnaka şəhərində keçirilən yoldaşlıq görüşüdür. O, 2:2 hesabı ilə nəticələnən matçın 1-ci dəqiqəsində hesabı açıb. Q.Qurbanov milli karyerasında son 2 ildə kapitan olub. Bu, Tərlan Əhmədovun yığmadan gedişindən sonra olub. Hücumşu kapitan kimi 3 qol müəllif olub ki, bunlar əvvəl qeyd etdiyimiz 2004-cü ildəki yoldaşlıq görüşləridir.
Q.Qurbanovun qol vurduğu 10 oyunun əksəri bizim üçün uğurlu alınıb. Təsadüfi deyil ki, bunların yalnız 2-də uduzmuşuq. Bunlar Lixtenşteynə və Moldovaya səfərdə eyni - 1:2 hesablı məğlubiyyətlərdir. Millimiz Q.Qurbanovun fərqləndiyi 5 matçda qalib gəlib. Özü də bunların 3-də böyük hesabla – 2 dəfə 3:0, 1 dəfə 4:0 hesabi ilə qələbə qazanmışıq. Hücumçu 14 qoldan 4-nü Azərbaycanda vurub. Bunlardan 3-ü Tofiq Bəhramov adına Respublika, 1-i "Şəfa” stadionunda olub.
Qurban Qurbanovun Azərbaycan milli komandasında vurduğu qollar
N |
Tarix |
Məkan |
Rəqib |
Hesab |
Nəticə |
Yarış |
1. |
8 iyun 1993 |
Azadi Stadionu, Tehran, İran |
Qazaxıstan |
1–0 |
3-3 |
EKO Kuboku |
2. |
8 iyun 1993 |
Azadi Stadionu, Tehran, İran |
Qazaxıstan |
2–1 |
3-3 |
EKO Kuboku |
3. |
27 fevral 1996 |
Antonis Papadopoulos stadionu, Larnaka, Kipr |
Farer adaları |
3–0 |
3-0 |
Yoldaşlıq görüşü |
4. |
27 may 1996 |
Munisipal stadionu, Molodeçno, Belarus |
Belarus |
1–1 |
2-2 |
Yoldaşlıq görüşü |
5. |
22 mart 1997 |
Tofiq Bəhramov adına Respublika stadionu, Bakı, Azərbaycan
|
Türmənistan |
3–0 |
3-0 |
Yoldaşlıq görüşü |
6. |
14 oktyabr 1998 |
Raynpark stadionu, Vaduts, Lixtenşteyn |
Lixtenştyen |
2–1 |
2-1 |
AVRO-2000 seçmə mərhələsinin oyunu |
7. |
6 mart 1999 |
Antonis Papadopoulos stadionu, Larnaka, Kipr |
Estoniya |
1–0 |
2-2 |
Yoldaşlıq görüşü |
8. |
5 iyun 1999 |
Tofiq Bəhramov adına Respublika stadionu, Bakı, Azərbaycan
|
Lixtenşteyn |
1–0 |
4-0 |
AVRO-2000 seçmə mərhələsinin oyunu |
9. |
12 fevral 2003 |
Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Çernoqoriya |
Serbiya və Çernoqoriya |
2-1 |
2–2 |
AVRO-2004 seçmə mərhələsinin oyunu |
10. |
12 fevral 2003 |
Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Çernoqoriya
|
Serbiya və Çernoqoriya |
2-2 |
2–2 |
AVRO-2004 seçmə mərhələsinin oyunu |
11. |
11 iyun 2003 |
"Şəfa" stadionu, Bakı, Azərbaycan
|
Serbiya və Çernoqoriya |
1–1 |
2-1 |
AVRO-2004 seçmə mərhələsinin oyunu |
12. |
31 mart 2004 |
Respublika stadionu, Kişinyov, Moldova |
Moldova |
1–1 |
2-1 |
Yoldaşlıq görüşü |
13. |
28 may 2004 |
Tofiq Bəhramov adına Respublika stadionu, Bakı, Azərbaycan
|
Özbəkistan |
1–0 |
3-1 |
Yoldaşlıq görüşü |
14. |
6 iyun 2004 |
Skonto stadionu, Riqa, Latviya |
Latviya |
1-2 |
2-2 |
Yoldaşlıq görüşü |
Q.Qurbanov 12 ildir həm milli, həm də ümumiyyətlə, futbolçu karyerasını bitirsə də, onun bombardilər siyahısında hegemonluğu davam edir. Üstəlik, futbolçunun ən yaxın izləyiciləri qol sayında heç ilk onluğa daxil ola bilməyib. Bombardirlər siyahısında ilk 10 futbolçuya nəzər salsaq, Vaqif Cavadov, Rauf Əliyev, Elvin Məmmədov və Dmitri Nazarovun karyeralarını davam etdirdiklərini görərik. Q.Qurbanov kimi Branimir Subaşiç, Vidadi Rzayev, Zaur Tağızadə, Fərrux İsmayılov, Nazim Süleymanov futbolçu karyeralarını bitiriblər.
Q.Qurbanovun ən yaxın izləyicisi keçmiş tələbəsi, 2 dəfə "Qarabağ”da rəhbərliyi altında oynamış Vaqif Cavadovdur. Ancaq 28 yaşlı hücumçu xeyli vaxtdır millidən kənarda qalıb, Robert Prosineçkinin vaxtında ümumiyyətlə, cəlb olunmayıb. Cavadovun karyerasının enişdə dövründə olduğunu, son pillənin sahibi AZAL-a keçdiyini nəzərə alsaq, yaxın gələcəkdə milliyə cəlb olunması real görünmür. Rauf Əliyevlə Elvin Məmmədov isə xeyli vaxt milidən kənarda qaandan sonra Prosineşki onlara qaytardı. Onlar da ”Qarabağ”da Q.Qurbanovun rəhbərliyi altında oynayıblar və baş məşqçilərindən 2 dəfə az qol vurublar. Özü də R.Əliyevlə E.Məmmədovun millidə daha çox ehtiyatda qalır və Prosineçkinin komandasında əsas heyət oyunçuları sayılmadıqlarını nəzərə almalıyıq. Halbuki, E.Məmmədovun bir vaxtlar qolları sıralamaqda davam edirdi. O, 7 qolu 2 ilə - 2008-10-cu illərdə vura bilib. Ancaq göründüyü kimi, bundan sonra dayanan 29 yaşlı yarımmüdafiəçi artıq 7 ildir millidə fərqlənə bilmir.
Millinin bombardilər siyahısında ilk onluğu qapayan Dmitri Nazarovda qol sayının artırması perspektivi real görünür. Hər halda, almaniyalı baş məşqçi Berti Foqtsun vaxtındakı milliləşdirilən legionerlərdən yalnız onu saxlayan R.Prosineçki mütəmadi əsas heyətdə şans verir. Almaniyanın II Bundesliqasında "Aue"nin heyətində çıxış edən D.Nazarov yığmamıza artıq 5 qol vursa da, liderlə arasında fərq böyükdür – 9 qol. Bütün bunları nəzərə aldaq, Q.Qurbanov bombardilər siyahısındakı "taxtı"da uzun müddət özünü rahat hiss edə bilər.
Azərbaycan milli komandasında ən çox qol vurmuş futbolçular
Futbolçu | Dövr | Oyun sayı | Qollar | |
---|---|---|---|---|
1 | Qurban Qurbanov | 1992–2005 | 68 | 14 |
2 | Vaqif Cavadov | 2006–h.h. | 58 | 9 |
3 | Rauf Əliyev | 2010–h.h. | 44 | 7 |
Branimir Subaşiç | 2007–2013 | 40 | 7 | |
Elvin Məmmədov | 2008–h.h. | 37 | 7 | |
6 | Zaur Tağızadə | 1997–2008 | 40 | 6 |
7 | Vidadi Rzayev | 1992–2001 | 37 | 5 |
Fərrux İsmayılov | 1998–2007 | 35 | 5 | |
Nazim Süleymanov | 1992–1998 | 24 | 5 | |
Dmitri Nazarov | 2014–h.h. | 22 | 5 |
Sonda onu da bildirək ki, millimizdə dubl müəllifləri elə Q.Qurbanovla N.Süleymanov olsalar da, het-trik edən futbolçu ümumiyyətlə, olmayıb.