Kapitanlardan 16-sı seçmə mərhələdə bu funksiyanı yerinə yetirib. Yəni 10 futbolçu – K.Ağayev və D.Kramarenko ilə yanaşı, K.Quliyev, M.Medvedev, V.Rzayev, Z.Tağızadə, E.Baxşıyev, R.Musayev və R.Əliyev yalnız qeyri-rəsmi matçlarda sarğı qollarında olub.
Nazim Süleymanovla başlayan kapitanlıq marafonu
İlk kapitanımız isə millidə bir sıra ilklərə imza atan Nazim Süleymanovdor. Yığmamızın 1992-ci ilin sentyabrın 17-də ilk oyununda – Gürcüstan yığmasına səfərdə 3:6 hesabı ilə uduzduğu yoldaşlıq görüşündə kapitanı məhz bu futbolçu olub. Məlum olduğu kimi, keçmiş hücumçu həmin matçda ilk qolumuzun, eyni zamanda ilk dublumuzun müəllifi olması ilə də tarixə düşüb.
N.Süleymanov 1992-98-ci illəri əhatə edən milli karyerasında 22 matçda kapitan olub. Bunların çoxunun seçmə mərhələ oynları olması başadüşülən idi. Əslində, bu müddətdə millimiz rəsmi matçlarla müqayisədə yoldaşlıq görüşlərini daha çox keçirirdi. Ancaq məsələ ondadır ki, N.Süleymanovu Rusiyada çıxış etdiyi "Alaniya” klubu hər dəfə qeyri-rəsmi matçlara buraxmırdı. Bu, azmış kimi, hücumçu Fransa yığması ilə bizim üçün "qara tarix” olan, "Oser faciəsi" sayılan 0:10 hesabı ilə darmadağın olduğu rəsmi oyunda da milliyə kömək etməyə gələ bilməmişdi. Təsadüfi deyil ki, həmin matçda kapitanımız Şahin Diniyev olub.
Yeri gəlmişkən, "Kəpəz”in hazırkı baş məşqçisi millimizin ilk vaxtlarında vitse-kapitanlardan biri olub. Yığmamızın 1993-cü ildə İranın paytaxtı "EKO turnirində”, habelə 0:5 hesablı ağır məğlubiyyət aldığı Malta yığması ilə səfərdəki yoldaşlıq görüşündə sarğını məhz Ş.Diniyev daşıyıb.
Onunla yanaşı, Yunis Hüseynov da N.Süleymanovun vaxtında vitse-kapitanlardan olub. O da təkcə yoldaşlıq görüşlərindı yox, seçmə mərhələ oyunlarında da sarğını daşıyıb. Eyni sözlər Rasim Abışova da aiddir. SSRİ futbol məktəbinin yetirmələrindən yalnız Vidadi Rzayev seçmə mərhələdə millimizi kapitan kimi meydana çıxarmayıb.
Tərlan Əhmədov erası, Qurban Qurbanovla davam
1999-cu ildə bu təcrübəli futbolçuların hamısı artıq milli karyeralarını bitirmişdilər. Həmin vaxt yeni kapitan Tərlan Əhmədov təyin olunub. O da SSRİ futbol məktəbinin yetirməsi olsa da, adlarını çəkdiyim futbolçulardan yaşca xeyli kiçik idi. Həmin vaxt milliyə baş məşqçi postuna qayıdan Əhməd Ələsgərov rəhbərlik edirdi. T.Əhmədov millidən kənarlaşdırılanadək - 5 il kapitan olub. Onun bu statustda son matçı 2004-cü ilin fevralın 18-də İsrail yığmasına səfərdə 0:6 hesabı ilə uduzduğunuz yoldaşlıq görüşü idi. Braziliyalı Karlos Alberto Torres millimizdə baş məşqçi postunda debüt oyununda aldığı həmin ağır məğlubiyyətdən sonra heyətdə bəzi islahatlar apararaq göndərdiyi futbolçulardan biri T.Əhmədov olub.
Düzdür, K.A.Torres gedəndən sonra – 2005-ci ildə 4 oyunluq baş məşqçi olan Vaqif Sadıqov təcrübəli müdafiəçini milliyə qaytarsa da, həmin vaxt artıq yeni kapitan vardı. Bu. Q.Qurbanov idi və sarğı uzun fasilədən sonra - N.Süleymanovdan sonra yenidən hücumçuda oldu. Ancaq elə həmin vaxt - 2005-ci ilin payızında Q.Qurbanov nəinki milli, ümumiyyətlə, futbolçu karyerasını bitirməli olur.
Elə həmin ilin sonunda milliyə yeni baş məşqçi təyin olunur. Bu, Ş.Diniyev idi. Millimizin sabiq kapitanının baş məşqçi kimi heyətdə böyük islahatlar aparması yaddaqalan olay idi. Millidə yaşlı futbolçuların çoxuna dəvət göndərməyən Ş.Diniyev əsasən gənc futbolçulardan ibarət olan yeni komanda qurdu. Bu zaman yeni kapitan Rəşad Sadıqov müəyyənləşdi. Düzdür, bu müdafiəçi hələ K.A.Torresin vaxtında – millimizin Moldova ilə 2005-i ilin fevralın 9-da Bakıda qolsuz bərabərlik etdiyi yoldaşlıq görüşündə bu ampluada siftə etmişdi.
Aslan Kərimov Rəşad Sadıqovdan aldı, Rəşad Sadıqova qaytardı
Maraqlıdır ki, Ş.Diniyev ilk seçmə mərhələsi başlamamış R.Sadıqovu nəinki kapitanlıqdan, ümumiyyətlə, millidə çıxış etmək imkanından məhrum edir. Bu da 2006-cı ilin avqustun 15-də Ukrayna yığmasına Kiyevdə 0:6 hesablı uduzduğumuz yoldaşlıq görüşünə görə oldu. Nəticədə R.Sadıqov Ş.Diniyevin gedişinədək 15 ay millidən kənarda qalır. Nəticədə millimizə kapitan Aslan Kərimov təyin olunur və onun erası başlayır. Ancaq bu, heç 2 il çəkmir. B.Foqtsun millimizin baş məşqçi postuna gəlişi ərəfəsində A.Kərimov yığmadan gedir və bu sarğını elə R.Sadıqova da qaytarır. Bununla da artıq 35 yaşı olan təcrübəli müdafiəçi indiyədək, artıq 7 ildir millimizin əvəzolunmaz kapitanıdır.
R.Sadıqov millimizdə ümumilikdə 72 matçda kapitan almaqla aşkar liderdir. T.Əhmədov həmkarından az qala 2 dəfə az kapitan olub – 41 dəfə. Millidə kapitanlıq sayında 3-cü yerdə 22 oyunda bu funksiyanı daşıyan N.Süleymanov gəlir. R.Sadıqovun kapitan olduğu oyunların çoxu rəsmi matçlardır – 43. Bunlardan 22-i Avropa, 21-i dünya çempionatının seçmə mərhələ qarşılaşmaları olub. Qalan 29 matç isə yoldaşlıq görüşüdür.
Göründüyü kimi, millimizin əsas kapitanları ya hücumçular, ya da mərkəz müdafiəçiləri olur. Bu, həmin ampluada çıxış edən futbolçuların sarğını bir-birinə ötürmək tendensiyası ilə davam edib. Yığmamızda yarımmüdafiəçilər nə qədər çox sarğını daşısalar da, onlardan uzun müddət kapitan olan olmayıb. Daha bir maraqlı məqam ondadır ki, Mahmud Qurbanov uzun müddətdir məşqçisi olduğu millimizin, futbolumuzun tarixində ən yaxşı oyunçulardan olsa da, heç vaxt bu sarğını daşımayıb.
Ən son, ən gənc və ən yaşlı kapitan
Millimizdə ən son yeni kapitan R.Əmirquliyev olub. 28 yaşlı yarımmüdafiəçi son matçımızda – R. Sadıqovun cari seçmə mərhələdə zədəli olduğu Çexiya və Şimali İrlandiya ilə səfər qarşılaşmalarında sarğını daşısa da, debütü əvvəl olub. Bu, 2015-ci ilin noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığmasına 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşüdür.
Azərbaycan milli komandasının tarixində ən gənc kapitanı Ruslan Musayev olub. O, sarğını daşıdığı yeganə matçında 19 yaşında olub. Ancaq 1998-ci ilin noyabrın 19-da Estoniya yığmasına 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə U-21 yığmamızın oynamasını da nəzərə almaq lazımdır. Millimizdə ən yaşlı kapitan isə A.Kərimov olub. Onun yığmada nəinki kapitan kimi, ümumiyyətlə son matçında – millimizin Qazaxıstan yığması ilə 2008-ci ilin fevralın 3-də Antalyada qolsuz bərabərlklə nəticələnən yoldalıq görüşündə 35 yaşı da tamam olmuşdu.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib