1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov üçün əsas sual
Vüqar MƏMMƏDOV
"Qarabağ" "Roma" qarşısına ənənəvi taktiki düzülüş və demək olar ki, ənənəvi heyəti ilə çıxsa da, görüşün əvvəlini daha çox müdafiədə keçirdi. Bilimirəm bu, taktiki gediş idi, yoxsa rəqibin təzyiqi.
Amma o dəqiqdir ki, "Qarabağ" topla oynamağı sevir. Bu cür - topu rəqibə verərək müdafiə olunmaq Ağdam klubuna xas oyun üslubu deyil. Bəlkə də erkən cəzalanması elə bu səbəbdən baş verdi. Amma komandamız tezliklə özünə gəldi və ənənəvi oyununu bərpa etməyə çalışdı. Yəni, topla mümkün qədər çox oynamaq və top rəqibdə olduqda isə pressinq etmək.
Ola bilər ki, "Qarabağ" qapanıb sürətli əks-hücumda oynamaq istəyirdi. Hər halda, birinci hissədə Pedro Enrikenin bir-iki belə yaddaqalan keçidinə və digər futbolçuların bir neçə əks-hücuma çıxma cəhdlərinə şahidlik etdik. Amma Ağdam klubu bu cür oynamaqda da çətinlik çəkir. Topla oynamağı sevən komandalarda əks-hücum elə də ideal alınmır. Bu, Xosep Qvardiolanın "Barselona"sında da belə idi. "Qarabağ"da da Pedro xaric digər futbolçular sürətli əks-hücuma çıxmaqda çətinlik çəkirlər. Çünki topla həmişə oynayan komanda ləngliyə vərdiş alır. Pedroda isə sürətli çıxış, yəqin, ona görə alınırdı ki, bu futbolçu komandaya yeni qoşulub.
Ancaq sonradan "Qarabağ" topla oynamağa, pressinq etməyə başladı. Bu da tezliklə bəhrəsini verdi. Oyundan sonra müsahibə verən Riçard Almeydanın sözləri də bunu sübut edir: "Fasilə zamanı baş məşqçimiz bizə sakitləşməyi tapşırdı. Dedi ki, ancaq öz oyunumuzu sərgiləyərək, qol vəziyyətləri yarada bilərik".
"Çelsi" ilə oyunda "Qarabağ" taktiki quruluşunda dəyişiklik etmişdi. Böyük hesablı məğlubiyyətin əsas səbəbini bəlkə də bunda axtarmaq lazım idi. "Roma" ilə qarşılaşmada isə "Qarabağ" öz oyununu ortaya qoydu.
Görüşün əvvəlində buraxılan iki qolu həm də psixoloji faktorla əlaqələndirmək olar. Rəşad Sadıqovun da fikirləri komandanın psixoloji cəhətdən hazır olmadığını təsdiqləyir: "ÇL-in iki oyununa böyük həyəcanla başlayırıq. Nə qədər istəsək də ki, başqa cür olsun, yenə rəqibin ustalığı, özümüzün həyəcanı ilk dəqiqələrdə problem yaradır".
Bu, psixoloji amildir. Belə halın aradan qaldırılması isə baş məşqçinin məsuliyyətindədir. Komanda psixoloji cəhətdən hazır deyilsə, bunun səbəbini baş məşqçidə axtarmaq lazımdır. Baş məşqçi komandanı oyuna kökləməyi bacarmalıdır. Necə, hansı yollarla? Bunu o cür yüksək səviyyəli turnirlərdə oynamağı haqq etmiş baş məşqçi bilməlidir. Kənardan psixoloq dəvəti- filan isə boş söhbətlərdir. Təkrar yazıram: bunu baş məşqçi bacarmalıdır.
Bu cəhətdən, ən yaxşı mütəxəssislərdən biri Əhməd Ələsgərov sayılırdı. Keçmiş futbolçu Kamal Quliyev Ələsgərovla bağlı xatirələrini bölüşərkən deyirdi: "Əhməd müəllimlə "Neftçi"dən əlavə, həm də millidə bir yerdə işləmişəm. Portuqaliya kimi komanda ilə burda 2 gün oynamağımız yadıma gəlir. Gənc futbolçularda elə inam yaratmışdı ki... Onun sayəsində Luiş Fiqu mənim gözümdə adi bir futbolçuya çevrilmişdi".
Amma Qurban Qurbanovun da bu sahədə zəif olduğunu demək olmaz. Fikir verdinizsə, rəqib ikinci qolu vurandan sonra nə baş verdisə, oyun dəyişdi. Bu baş verən "nə" Qurbanovun müdaxiləsi idi. Oyun vaxtı çox da danışmağı sevməyən baş məşqçinin həmin ərəfələrdə futbolçularına tez-tez irad tutmasını, tapşırıq verməsini müşahidə edirdik. Onun nə dediyini başa düşməsək də, bu müdaxilə təsiredici oldu və "Qarabağ" tezliklə özünə gəldi. Ağdam komandasının ruhdan düşməməsini də yalnız bu cür izah etmək olar.
Futbolda psixoloji amil çox önəmlidir. "Qarabağ" ikinci qolu buraxanda düşünürdüm ki, "Çelsi" ilə oyunun ssnerisi təkrarlanacaq. Hava da Londondakı oyunda olan havaya bənzəyirdi.
Qurbanovun müdaxiləsi təsiredici oldu, amma həlledici olmadı. Həlledici olması üçün nə lazımdır?
Şeksprin qəhrəmanı Hamlet demişkən: "Əsas sual budur!"