1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Qurban Qurbanovun təyinatı: Lobanovski nümunəsi və çətin suallar
Vüqar MƏMMƏDOV
Qurban Qurbanov milli komandamıza baş məşqçi təyin olundu. Ona uğurlar arzulayıb proqnozlaşdıraq görək, bu təyinata nə qədər nikbin yanaşmaq olar?
Müasir futbolda həm klubda, həm də yığmada çalışan baş məşqçi demək olar ki, müşahidə edilmir. Futbolun önündə gedən Avropa ölkələrində buna isti yanaşılmır. Bəs səbəbi nədir?
Yəqin ona görə ki, baş məşqçi eyni vaxtda fikrini iki işə yönləndirə bilmir. Məsələn, tutaq ki, Joze Mourinyo "Mançester Yunaytet”də işləyə-işləyə Portuqaliya yığmasına başçılıq edir, bu halda nə baş verər? O, həm Mançester klubunda məşqlərini keçməli, həm də müxtəlif klublarda çıxış edən portuqaliyalı futbolçuları izləməlidir. Bu, nəzəri cəhətdən mümkündür, amma istər yığmada, istərsə də klubda nəticə verməyəcək. Çünki eyni vaxtda iki iş fikri yayındırır, ən lazımlı ideyaları düşünüb tapmağa mane olur.
Belə vəziyyətdə düzgün addım yığmanı bir klubun bazasında formalaşdırmaqdır. Bu cür hallar keçmiş SSRİ dövrünə daha çox təsadüf edirdi. Ən uğurlusu kimi 1986-cı il dünya çempionatı ərəfəsində Kiyev "Dinamo”sunun Baş məşqçisi Valeri Lobanonovskinin SSRİ yığmasına gətirilməsini saymaq olar. Səhv etmirəmsə, çempionatın başlamasına bir ay qalmış təyin olunan Lobanovski heyətə əməlli-başlı əl gəzdirmişdi. Ölkə çempionu olan və Avropa Kuboklar Kubokunu qazanmış komandası "Dinamo”nun 12 oyunçusunu yığma komandaya cəlb etdi. Yeni baş məşqçinin təyinatınadək o qədər də uğurlu çıxış etməyən SSRİ yığması Lobanovskidən və bu mütəxəssisin etdiyi dəyişiklərdən sonra dünya çempionatında parlaq oyun göstərdi. Qrupda Macarıstana 6:0 qalib gəlib, favorit Fransa ilə heç-heçə etdi – 1:1. Kanadanı ikinci heyətlə yenərək qrup qalibi kimi 1/4 finala vəsiqə qazandı və burada mübahisəli qollarla Belçika yığmasına uduzdu. İki il sonra SSRİ yığması həmin heyətlə Avropa çempionatının finalçısı oldu.
İndiki halda "Qarabağ”ı həmin "Dinamo” ilə, Azərbaycan millisini SSRİ yığması ilə, Lobanovskini isə Qurbanovla müqayısə etsək, hansı nəticələr ortaya çıxar?
Məsələ burasındadır ki, o vaxt SSRİ yığmasına cəlb olunan bütün futbolçular "Dinamo”nun əsas heyət oyunçuları idilər.
"Qarabağ”da isə bu, belə deyil. Elə uzağa getməyək, "Atletiko” ilə sonuncu oyunda start heyətində Azərbaycan yığmasının cəmi dörd oyunçusu var idi: Riçard Almeyda, Maksim Medvedev, Ramil Şeydayev və Qara Qarayev. Şeydayevin Dino Ndlovunun qırmızı vərəqə alması üzündən oynadığını da nəzərə almalıyıq.
Sözümün canı odur ki, yığmaya cəlb olunan "Qarabağ”ın futbolçularının hamısı klubda əsas heyət oyunçuları deyil. Ağdam təmsilçisinin aparıcı qüvvəsi legionerlərdir.
İndiki halda Qurbanovun qarşısında belə bir vəzifə durur: Yığmanın oyununu uğurlu etmək üçün "Qarabağ”ın futbolçularını azərbaycanlılaşdırmaq! Bunu etmək olar, amma həmin azərbaycanlılaşdırılmış "Qarabağ” uğurlu çıxış edə biləcəkmi? "Atletiko” kimi komanda ilə heç-heçə oynaya biləcəkmi? "Atletiko” ilə heç-heçəni qoyuram bir qırağa, ümumiyyətlə, Çempionlar Liqasının qrupuna düşə biləcəkmi?
Çətin sualdır.
Qarabağın vitse-prezidenti Tahir Gözəl Qurbanovun təyinatının əleyhinə olmadığını, amma eyni zamanda şərtinin olduğunu demişdi: "Qurban Qurbanov milliyə rəhbərlik edə bilər, amma şərtim var: "Qarabağ” Azərbaycanı sevən hər kəs üçün böyük dəyərdir. Bu kluba heç vaxt zərər dəyməməlidir”.
Qurbanovun yığmaya təyinatının "Qarabağ”a zərəri dəyməyəcəkmi? Yenə də çətin sualdır.
Bütün bu vəziyyəti nəzərdən keçirib bu nəticəyə gəlmək olar ki, Qurbanov çiyninə çox ağır yük götürüb. Əlbəttə, o, bunu bizdən də yaxşı bilir, dərk edir.
Yəqin ki, Çempionlar Liqasının qrupuna düşən bir baş məşqçiyə xarıcdən, ən azı, Rusiya və Türkiyədən təklif gəlməmiş deyil. Karyerasını və inkişafını düşünən istənilən baş məşqçi bu təklifləri nəzərdən keçirərdi. Lakin Qurbanov bu barədə düşünmədiyini, Azərbaycan üçün çalışmaq istədiyini deyir. Açıq-aşkar görünür ki, o özünü, öz nüfuzunu, öz karyerasını ölkə və "Qarabağ” naminə riskə ataraq, qurban verməyə hazırdır. Bu da bir cür qəhrəmanlıqdır.
İnanırıq ki, Qurbanov bu imtahandan da üzüağ çıxacaq.
Həmişə olduğu kimi...