Təbriz QULİYEV
Françesko Totti əfsanədirmi? Bu sual məni çox düşündürür... Əfsanə olmaq üçün 1 klubda qalmaq, 1 İtaliya çempionluğu yaşamaq və 1 dəfə dünya çempionluğunu qazanmaq kifayətdirmi?
Düzdür, Totti "Qızıl buts” qazanan ilk romalı futbolçudur. Bu isə müsbət cəhətdir. 2007-ci ildə Totti və 2006-cı ildə Luka Toninin ("Fiorentina”) qazandığından başqa heç bir italiyalı futbolçunun "Qızıl buts” mükafatı yoxdur. Luka Tonidən əvvəl 1959-cu ildən bəri bombardirlərin 30 qola çata bilmədiyi bir liqada, 1968-ci ildən bəri verilən bu mükafatı əldə etməyin nə qədər çətin olduğunu siz fikirləşin...
Hər hansı futbolçunun karyerasını dəyərləndirərkən, ilk növbədə, onun qazandığı titullar və şəxsi göstəriciləri nəzərdən keçirilməlidir. Ancaq onu da unutmayaq ki, kubok sayı bir futbolçunu dəyərləndirmək üçün bəs etmir. Dünyanın əfsanəvi futbolçusu Pelenin 3 Dünya Kuboku olsa da, 1962-ci ildəki çempionatda zədə səbəbindən demək olar ki, heç oynamadığı çoxumuza bəllidir. Həmin çempionatda əsl alqışı Qarrinçanın haqq etdiyini çoxları bilir. Lionel Messi isə hələ ki, dünya çempionu olmayıb, amma heç kəs onu Dieqo Maradonadan əksik görmür. Onu demək istəyirəm ki, kubok sayı az ola bilər. Futbolçunun meydanda etdikləri və istedadı da vacibdir. Onu da unutmayaq ki, futbolçu karyerasını çempionluqlarla başa vurmasa, meydandakı istedadı onu bir yerə qədər aparar. Corc Best və Roberto Bacco kimi.
Əfsanə deyəndə Pele kimi uğurları vərəqlərə sığmayan, Maradona kimi bütün futbolçuları çaş-baş salan, Zinəddin Zidan kimi dünya və Avropa çempionluğuna gedən yolda komandasına kapitanlıq edən futbolçular yada düşməlidir. Əfsanə Yohan Kroyfdur, Frants Bekkenbauer, Eysebiodur. Əfsanə deyə biləcəyimiz 10, ya da 15 futbolçu var. Bu futbolçulara çata bilməyənlər isə yenə ölümsüzdür, ancaq onlar əfsanə deyil, ulduz futbolçulardır.
Totti də bu siyahıda yer almalıdır. O, dünya və İtaliya çempionluğu ilə fəxr edə bilər. Milli komandada da onun önəmli rolu var idi. Hamıya bəllidir ki, "Roma” tarixi ərzində vur-tut 3 dəfə ölkə çempionu olub. 24 mövsümlük karyeraya malik futbolçunun 1 çempionluğu onun uğur siyahısında bir çatışmazlıqdır. Avropada "Roma"nın uğur qazandığını isə görən olmayıb.
Totti 2000 – 2007-ci illərdə karyerasının zirvəsini yaşayıb. Dünya çempionluğu da daxil olmaqla, qazandığı bütün uğurları və sərgilədiyi oyunu onu ancaq ulduz futbolçu edə bilərdi. O, milli komandada "Roma”dakı kimi lider ola bilmədi. Onun "Roma” ilə uğur qazanmaması karyerasına az da olsa, kölgə salır. İtaliya futboluna marağım olsa da, razılaşmalıyıq ki, Dino Zoffdan başqa bu ölkədə əfsanəvi futbolçu çətin tapılar.
Milli komanda və klubların uğurlarına nəzər yetirsək, bu nailliyyət ya ulduz futbolçuların yer aldığı heyətin əsəridir, ya da güclü taktikanın. Klubların uğurlarına nəzər salsaq, Mişel Platini "Yuventus”la, Marko van Basten isə "Milan”la uğurlar qazanıb. Ancaq Maldini "Milan” klubu ilə eyni dərəcədə uğurlar əldə etsə də, 1982 - 2002-ci illərdə çıxış etdiyi milli komanda ilə həm 1982, həm də 2006-ci il dünya çempionluğunu qaçırıb. O da Totti kimi əfsanə olmaq üçün lazım olan o böyük uğurlara imza atmayıb.
Əlsində Totti kimi futbolçuları bəzi ulduz futbolçularla eyni sıraya qoymaq günah olar. Amma ona əfsanə deyə bilmirəm. Bir sözlə o, əfsanəvi futbolçularla ulduz futbolçuların arasında bir yerdədir. Futbolsevərlər Maldinini də əfsanələrin siyahısına qatıbsa, onda Totti ondan da çox əfsanədir.